İran Azərbaycanın daxili işlərinə qarışır

İndi də məktəblərimizə, tariximizə təzyiq etmək istəyirlər




Hər zaman olduğu kimi, yenə də İran Azərbaycan tarixinin silinməsi üçün səylərini davam etdirir. Nəticədə İran hökuməti növbəti dəfə Azərbaycan dərsliklərindəki göstərilən tarixi ərazilərə etirazını bildirib. Bir müddət öncə İranın Azərbaycandakı səfiri Möhsün Pak Ayin Təbrizdə jurnalistlərə açıqlamasında bildirib ki, Azərbaycanla İran dərsliklərdəki bəzi tarixi təhriflərin araşdırılması üçün ortaq komitə formalaşdırıb: "Hələlik bu komitənin iclası keçirilməyib. Amma biz şübhəli məqamların aradan qaldırılması üçün komitənin yığıncağının keçirilməsinə çalışırıq”.

DAK-ın Daimi Şurasının sədri Əjdər Tağızadə "Şərq”ə danışarkən deyib ki, fars rejimi Azərbaycanda rəsmi və qeyri-rəsmi elmi mərkəzləri təsir altına alır: "İndi də dəsrliklərə keçiblər. İki il bundan öncə dərsliklərdə gedən bəzi coğrafi xəritələrə Tehran hökumətinin dərhal reaksiyasına səbəb olmuşdu. Ancaq məsələ bundan ibarətdir ki, İran Azərbaycanın şimalında müstəqil respublikanın tarixi keçmişini qəbul etmək istəmir. Ona görə ki, Arazın o tay bu tayı yoxdur, Arazın ətrafında bütöv bir millət var. Burada Azərbaycan milləti yaşayır və çoxluq təşkil edir.

Bu günləri İran müstəqil dövlətdə bir komitə yaradılaraq həmin dövlətin dərsliklərinə də təsir etməyə cəhd göstərilir. Təklif edir ki, gəlin siz orda onu-bunu yazmayın, düzəldin.

Əgər İran səfiri doğrudan da ədalət tərəfdarıdırsa, neçə illərdir Xəzərin bölgüsündə 11 faiz pay ilə niyə razılaşmırlar? Heç olmasa, Cənubda yaşayan azərbaycanlılarımızın insan haqlarını tapdamamağına göz yummasınlar. Bunlar necə harınlayıblar ki, indi də Azərbaycan dövlətinin daxili işlərinə və onun məktəblərinə, uşaqlarının taleyinə də barmaq soxurlar”.

Ə.Tağızadənin fikrincə, İran bu yolla Azərbaycanın daxili işlərinə qarışdığını bildirib: "İran adlanan yerdə gizli və ya açıq fəaliyyət göstərən institutlar orada 35 milyondan artıq azərbaycanlının kökünü, dilini, milli-mədəni varlığını silməklə məşğul idilər. Lakin Şimalda yenidən Azərbaycan dövləti qurulduqdan sonra isə millətimizin adının, dilinin, tarixi coğrafiyasının, müəyyən bəlli tarixi dövlətlərinin, kimliyinin olduğunu etiraf etməyə başladılar. Bu milli kimlik SSRİ dağıldıqdan sonra dərsliklərdə, kitablarda və mediada özünü göstərməyə başladı. Tehran rejimi də həmin vaxtdan bu milli kimliyə bir neçə istiqamətdə mane olmağa çalışdı. Bir tərəfdən erməniləri dəstəkləməyə, digər baxımdan Arazın bu tayında cənubda millətimizə təzyiqlərə başladı. Cənubi Azərbaycanda ziyalıları, medianı, öz təsiri altına aldı. Hətta Azərbaycan dövlətini belə dəfələrlə hədələdi”.

Vüqar Şahinoğlu