Su pulunu verməyənlər məsuliyyətə cəlb olunacaq

Vüqar Tofiqli belə dəyişikliklərin istənilən halda ictimai təbliğata ehtiyacı olduğunu deyib



Su pulunu ödəməyən vətəndaşlar məsuliyyətə cəlb olunacaqlar. Sakinlər bundan sonra borc-xərc edib, su pulunu gecikdirmədən ödəmək məcburiyyətində qalacaqlar.

Bununla bağlı artıq Milli Məclisin yaz sessiyasında "Su təchizatı və tullantı suları haqqında” Qanununda dəyişikliklər edilməsi barədə qanun layihəsi müzakirə edilib. Müzakirəyə çıxarılan qanun layihəsi səs çoxluğu ilə qəbul edilib. Yeni dəyişikliyə görə, su şəbəkəsinə qanunsuz qoşulanlar da 300 manatdan 700 manatadək cərimə olunacaqlar. Deputat Əli Hüseynlinin sözlərinə görə, indiyədək digər kommunal xərcləri ödəməyənlər məsuliyyətə cəlb olunurdusa, bundan sonra su pulunu ödəməyənlər də məsuliyyətə cəlb olunacaq. Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının eksperti Vüqar Tofiqli qanunla bağlı "Şərq”ə münasibət bildirərkən belə dəyişikliklərin istənilən halda ictimai təbliğata ehtiyacı olduğunu deyib: "Əhali bu məsələlərlə bağlı maarifləndirilməlidir. İstənilən halda əhali bu proseslərdən xəbərdar olmasa, qanun zamanında insanlara izah edilməsə, sakinlər arasında bu istiqamətdə neqativ hallar yenə də təkrarlanacaq. Ona görə də qanuna müvafiq dəyişikliklər edildikdən sonra müvafiq icra strukturları tərəfindən onun lobbiçiliyini ciddi aparmaq lazımdır. Məsələn, TV-də müəyyən reklam xarakterli sosial çarxların və yazıların verilməsinə ehtiyac var”. V.Tofiqlinin fikrincə, bu günləri xidmət səviyyəsi əvvəlki illərlə müqayisədə bir qədər artıb: "Amma yenə də kommunal sahədə problemlər qalmaqdadır. İstər fiziki, istər hüquqi şəxslər üçün cəza mexanizmləri öncədən bilgiləndirməklə kompleks şəkildə həyata keçirilməlidir”.

Vüqar Şahinoğlu