Qardabanidə soydaşlarımıza sui-qəsd qurulub

İqbal Ağazadə: “Hakimiyyət kəskin mövqeyini ortaya qoymalı, Gürcüstanla bir masa arxasında əyləşərək “azərbaycanlı məsələsini” birdəfəlik həll etməlidir”
Sülhəddin Əkbər: “Üçüncü qüvvələrin müdaxiləsinə qətiyyən imkan vermək olmaz”


Qabil Hüseynli: "Gürcüstanın mövcud hakimiyyətinin Azərbaycandan yararlanmağa haqqı yoxdur”

Gürcüstanın Qardabani rayon mərkəzində azərbaycanlılarla gürcülər arasında milli zəmində baş vermiş kütləvi dava hər iki ölkə ictimaiyyətinin müzakirə mövzusuna çevrilib. Gürcüstan parlamentində təmsil olunan azərbaycanlı millət vəkili Azər Süleymanov Qardabanidə soydaşlarımızla gürcülər arasında baş verən qarşıdurmaya münasibət bildirərkən deyib ki, yaşanmış hadisə ilə bağlı partiyadan getməyi düşünür: "Artıq Gürcüstanda ciddi hadisələr baş verir və azərbaycanlılara qarşı keçmiş münasibət bərpa olunur. Qardabanidəki insident zamanı ovaxtkı şüarlar yenidən gündəmə gəldi.

Gürcülərin çayxanada həmvətənlərimizə hücum edərək "Gürcüstan sizin yeriniz deyil, qayıdın Azərbaycana”, "Siz tatarsınız” kimi ifadələri 90-cı illəri xatırladır”. A.Süleymanov deyib ki, azərbaycanlılara qarşı ayrı-seçkilik bir ay bundan əvvəl özünü qabarıq şəkildə göstərməyə başlayıb:

"Hakimiyyətdə olan "Gürcü arzusu” partiyası Cavaxetiyada iki erməni üzvünü icra hakimiyyətinə namizəd irəli sürdü. Amma həmin partiya bir azərbaycanlını belə özünə yaxın buraxmadı. Artıq Gürcüstan dövlətinin baş nazirindən tutmuş adi məmurlarına qədər azərbaycanlılara qarşı açıq nifrət özünü büruzə verir. Qardabanidəki fakt azərbaycanlılara böyük sui-qəsddir. Hadisələrin axarı heç də yaxşı sonluq vəd etmir”.

Millət vəkili, Ümid Partiyasının sədri İqbal Ağazadə deyir ki, Gürcüstan tərəfinin Azərbaycandan asılılığı çoxdur. Bu asılılıqla bağlı qeyri-rəsmi də olsa, Gürcüstan öz üzərinə bəzi öhdəliklər götürüb: "İndiyə qədər Azərbaycan Gürcüstana kifayət qədər investisiya qoyub. Bakı-Tbilisi-Ceyhan neft kəmərinin çəkilməsində, Qars-Bakı dəmiryolunun çəkilməsində, 500 milyon dollar avansın verilməsində və digər layihələrin həyata keçirilməsində gürcü hökuməti, məhz Azərbaycandan yararlanıb. Güman edirəm ki, Azərbaycan tərəfi bütün bunları Gürcüstan hakimiyyətinə xatırlatmalı və yaşanmış gərginliklə bağlı hökuməti açıq dialoqa çağırmalıdır”. Deputat bu tipli hadisələrin Gürcüstanda yeni olmadığını, zaman-zaman baş verdiyini bildirib: "Yerli toponimlərin dəyişdirilməsi, soydaşlarımıza məxsus torpaqların müsadirə olunması, onların məktəblərinin bağlanması və s. təzyiqlər hələ də öz həllini tapmayıb. Bunları yoluna qoymaq və gələcək problemlərin qarşısını almaq yalnız Azərbaycan dövlətinin siyasi iradəsindən və iqtisadi layihələrdəki gücündən asılıdır. Buna görə də, Azərbaycan yaranmış gərginliyin üzərindən gözyumulu keçməməlidir. Hakimiyyət kəskin mövqeyini ortaya qoymalı, Gürcüstanla bir masa arxasında əyləşərək "azərbaycanlı məsələsini” birdəfəlik həll etməlidir. Lazım gələrsə, Gürcüstan üzərinə rəsmi öhdəliklər qoyaraq, yeni müqavilələr imzalamalıdır”.

Azad Demokratlar Partiyasının (ADP) sədri, politoloq Sülhəddin Əkbərin sözlərinə görə, hansı məqsədlə olursa-olsun, hadisələrin milli müstəviyə daşınması olduqca təhlükəlidir: "Qardabanidəki olayın təsadüfən baş verdiyi, yoxsa planlı şəkildə törədildiyi hələ tam aydın deyil. Əgər sözügedən qarşıdurma hansısa təhrikçilər, yəni təxribatçı qüvvələr tərəfindən törədilibsə, deməli, bunun davamı gələcək. Yox əgər gərginlik davam etməyəcəksə, proses də genişlənməyəcək. Arzu edərdim ki, bu hadisə gənclər arasında baş vermiş adi bir dava olaraq qalsın və milli zəmində hər hansı qarşıdurmaya çevrilməsin”.

S.Əkbər hesab edir ki, Azərbaycan hökuməti münaqişəyə ciddi yanaşmalıdır: "Yəqin ki, Gürcüstandakı səfirliyimiz məsələ ilə ciddi məşğul olur. Çünki Gürcüstan Azərbaycanın dostu, qonşusu, strateji tərəfdaşıdır. Bu baxımdan iki dövlət arasındakı münasibətlərin korlanmasına yox, əksinə, daha da inkişaf etdirilməsinə böyük ehtiyac var. Üçüncü qüvvələrin müdaxiləsinə qətiyyən imkan vermək olmaz”.

Keçmiş dövlət müşaviri, politoloq Qabil Hüseynli də deyir ki, Gürcüstanın yaxın qonşuluq münasibətindən dəm vurub, oradakı soydaşlarımıza qarşı basqı etməsi ciddi tənqid olunmalıdır: "Azərbaycanlıların yaşadığı bölgələrdə əhalini incidir, zorla köçməyə məcbur edirlər. İnsanlar normal yaşamaq hüquqlarından məhrum olunur. Fikrimcə, Gürcüstanın mövcud hakimiyyətinin Azərbaycandan yararlanmağa haqqı yoxdur. Bu gün Gürcüstan büdcəsinin 40 faizdən çoxu Azərbaycanın neft kəmərlərindən əldə etdiyi tranzit xərclərindən formalaşıb. Bu şəkildə Azərbaycan Gürcüstanın ayaq üstə durmasına kömək edir. Əvəzində vətəndaşlarına qarşı xoşagəlməz münasibətin şahidi olur”. Politoloq hesab edir ki, soydaşlarımıza qarşı ögey münasibət İvanaşvili hakimiyyətinin ideologiyasından qaynaqlanır: "İvanaşvili hakimiyyətə gələndə azərbaycanlılara çoxlu vədlər vermişdi. Sonradan, nəinki vədlərinə əməl etdi, əksinə, basqılar artırıldı. Azərbaycanlı kadrların işə götürülməsi yavaş-yavaş yasaqlandı. Əvvəl belə fikirləri var idi ki, azərbaycanlı qadınlardan birini nazir müavini təyin etsinlər. Bu məsələ də qapadıldı”. Gürcüstanın mövcud hakimiyyətinin, tamamilə, anormal, bəlli bir dəyərlər üzərində olmadığını, daha çox millətçi bir hakimiyyət olduğunu vurğulayan Q.Hüseynli, Saakaşvilinin dövründə qurulmuş demokratik dövlət sisteminin, bərqərar olmuş demokratik strukturların, faktiki olaraq, sıradan çıxarıldığını və İvanaşvilinin, öz təxəyyülünün nəticəsi olaraq bir hakimiyyət qurduğunu diqqətə çatdırıb: "Millətçi, davakar hakimiyyət ideologiyası indiki hakimiyyətin prioritetidir. Azərbaycanlılara bu şəkildə yuxarıdan aşağı münasibət bu ideologiyadan qaynaqlanır”.

İsmayıl