Komandirlərin ölüm xəbərini almaq daha üzücüdür

“Bu artıq bizim üçün siqnaldır və problemin kökləri araşdırılmalıdır”




Milli ordumuzda baş verən neqativ hadisələrin sayı getdikcə artmaqdadır. İntiharlar, silahla ehtiyatsız davranmalar, müəmmalı ölüm xəbərləri hər gün bizi sarsıtmaqdadır. "Doktrina” Hərbi Araşdırmalar Mərkəzinin monitorinqinin nəticələri də bu reallığı təsdiqləyir. Monitorinq zamanı aydın olub ki, 2014-cü ilin yanvar-may ayları ərzində milli ordumuz 38 nəfər itirib, 63 nəfər isə yaralanıb. Bunlardan cəmi 8 nəfəri erməni gülləsinin qurbanı olub. Yaralılara gələndə burada da durum faciəvidir:

10 nəfər düşmən gülləsindən yaralanıb, yerdə qalan 45 nəfər isə qeyri- döyüş şəraitində yara və xəsarətlər alıb. Çox təəssüf ki, dünən bu statistikaya daha bir hərbiçi əlavə olunub. Belə ki, Azərbaycan Ordusunun əsgəri hərbçi yoldaşını bıçaqlayıb. Hadisə Müdafiə Nazirliyinin "N” saylı hərbi hissəsində qeydə alınıb. Hərbi hissənin əsgəri, müddətdən artıq xidmət edən hərbi qulluqçu Tural Əlövsət oğlu Bayramov aralarında yaranmış mübahisə zəminində hərbçi yoldaşı, müddətdən artıq xidmət edən hərbi qulluqçu Mahir Yaqub oğlu Rüstəmovu bıçaqlayıb. Yaralı hərbçi hospitala yerləşdirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər. Yaralı hərbçinin vəziyyəti kafi qiymətləndirilir.

Bizim üçün hər nə qədər acınacaqlı və üzücü olsa da, artıq əsgərin "ehtiyatsızlıq” edərək öz xidmət yoldaşına atəş açmasına, bıçaqlamasına gözümüz öyrəşib. Bunu kiminin təcrübəsizliyinin, kimisinin də özbaşınalığının ayağına yazırıq. Bəs, MAXE kimi tanıdığımız müddətdən artıq xidmət edən hərbi qulluqçuların bu addımına nə ad qazandıraq? Qeyd edək ki, T.Bayramovun internetdə yayılan fotoları da göstərir ki, həmin şəxs xidmət zamanı nizamnamə qaydalarına o qədər də düzgün əməl etməyib.

Ehtiyatda olan polkovnik-leytenant, hərbi ekspert Üzeyir Cəfərov isə hesab edir ki, son zamanlar sıravi əsgərlərlə yanaşı, milli ordumuzda hərbi qulluqçular arasında da güllələmə, bıçaqlanma halları geniş vüsət alıb ki, bu da heç xoşagələn hal deyil: "Onların heç biri adi əsgər deyil. Hər ikisi müddətdən artıq xidmət edən hərbi qulluqçulardır. Tural Bayramov da, Mahir Rüstəmov da Müdafiə Nazirliyinin müvafiq kurslarını bitirən kiçik komandirlərdir. Faktiki olaraq, bu adamların rütbəsi zabitə bərabərdir. Bu isə bizim üçün kifayət qədər narahatedici haldır. Bildiyiniz kimi, yeni müdafiə nazirinin əmrinə əsasən hərbi hissələrə MAXE-lərin qəbulu həyata keçirilir.

Məni ən çox narahat edən isə odur ki, hərbi hissələrdə ştatları doldurmaq üçün kimi gəldi müddətdən artıq hərbi xidmətə götürürlər. Bu yolverilməzdir. Hər bir qulluqçunun orduya yararlı olub-olmadığı yoxlanılmalıdır. Onların mənəvi-psixoloji durumu öyrənilməlidir. Görün, orduda vəziyyət nə qədər acınacaqlıdır ki, tabeliyində olan əsgərlərə nümunə olacaq hərbi qulluqçular özləri nizam-intizam qaydalarına əməl etmir. Onların hər biri ən azı tağım komandirinin müavini vəzifəsini tutan və yüksək məvacib alan şəxslərdir. Əgər peşəkarlar arasında da nizamnamədən kənar hadisələr yaşanırsa, bu artıq bizim üçün siqnaldır və problemin kökləri araşdırılmalıdır”.

Baş verən hadisələr fonunda əsgərlərimizin müdafiəçisi fonunda çıxış edən hərbi ekspertin sözlərinə görə, onların nizam-intizam qaydalarını pozması da məhz hərbi qulluqçulardan götürdüyü pis nümunənin nəticəsidir. Ü.Cəfərov hesab edir ki, bu cür hadisələrin geniş vüsət almasından ordu komandanlığı nəticə çıxarmalı və bundan sonra Silahlı Qüvvələrə götürülən hərbi qulluqçuların hər biri ilə hərtərəfli maraqlanmalıdırlar. Hətta daha yaxşı olar ki, müddətdən artıq xidmət etmək istəyən şəxslər hərbi hissələrdə yaxşı nümunə göstərən əsgərlər arasından seçilməli və onlar müvafiq kurslara göndərilməlidir: "Bu gün hərbi nizam- intizam qaydalarını pozan şəxslərin hər biri orduda təsadüfi xidmət edən şəxslərdir. T.Bayramovun sosial şəbəkələrdə yayımlanan fotoları da bu sahədə çox ciddi problemlərin olduğunu göstərir. Axı bu şəxslər sıravi əsgər deyil? MAXE-lər komandirlərin arxa-dayağıdır. Səhəri gün müharibə başlasa, onların hər biri döyüşdə əsgərlərə yol
göstərəcək, istiqamət verəcək hərbi qulluqçulardır. Mənim üçün kifayət qədər üzücü haldır ki, güman yerimiz olan MAXE-lərimiz də artıq yollarını azıb, lazım olmayan hərəkətlərə yol verirlər”.

Şəymən