Azərbaycançı fədai Nağı bəy Şeyxzamanlı

Onun mühacir həyatı mübarizələrdən keçib




Ömrünün sonuna qədər azərbaycançılıq amalı uğrunda fədakarcasına mübarizə aparan, elə bu səbəbdən də mühacirət həyatı yaşamağa məcbur olan görkəmli soydaşlarımızdan biri də Nağı bəy Şeyxzamanlı (Şıxzamanlı) olub. Azərbaycan İstiqlal mübarizəsinin tanınmış nümayəndələrindən olan N.Şeyxzamanlı gənc yaşlarından ölkənin ictimai-siyasi həyatında yaxından iştirak etməyə başlayıb. O, 1883-cü ildə Gəncə şəhərində dünyaya gəlib. Əvvəlcə Gəncədə əsası 1905-ci ildə Əhməd bəy Ağayev tərəfindən qoyulan "Difai” təşkilatının, 1917-ci ildən isə Nəsib bəy Yusifbəyli tərəfindən təsis edilən "Türk Ədəmi-Mərkəziyyət” partiyasının üzvü olub. 1917-ci ilin may ayında "Müsəlman Demokratik Müsavat” partiyası ilə birləşərək "Müsavat” adını almış həmin partiyanın üzvü kimi Azərbaycanın ictimai-siyasi həyatında fəal iştirak edib. N.Şeyxzamanlı 1919-cu ilin avqust ayında "Əksinqilab ilə mübarizə təşkilatının” rəisi təyin edilib. 1920-ci ilin mart ayında təşkilat buraxılana qədər onun rəhbəri kimi fəaliyyət göstərib. Aprel ayının 28-də Azərbaycanın Rusiya tərəfindən istilasından sonra mühacir həyatı yaşamağa məcbur olan N.Şeyxzamanlı bir müddət Türkiyədə, sonralar isə Almaniya və ABŞ-da yaşayıb. Mühacirətdə olarkən Azərbaycanda baş verən ictimai-siyasi hadisələrlə bağlı fikirlərini və xatirələrini "Keykurun” imzası ilə yazan N.Şeyxzamanlının İstanbulda 1957-ci ildə "Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev”, 1963-cü

ildə "Dərdləşmə” və 1964-cü ildə "Azərbaycan istiqlal mücadiləsi xatirləri” adlı kitabları çapdan çıxıb. N.Şeyxzamanlının sonuncu iki kitabında toplanmış əsərləri 2004-cü ildə Milli Təhlükəsizlik Nazirliyi tərəfindən təkrar nəşr edilib.

İstiqlal mübarizəsinin əsas simalarından olan N.Şeyxzamanlı rus istilasına qarşı qəhrəmancasına savaşmış Cavad xanın Gəncə qalasında dünyaya göz açıb. Bu səbəbdən də həmin nəslin milli ideyaları və vətən sevgisi ilə yetişərək bütün həyatını yurdunun xidmətinə sərf edib. Nağı bəy Nəsib bəy Yusifbəyli, Həsən bəy Ağayev, Ələkbər Rəfioğlu, Xudadat bəy Rəfioğlu, Əhməd Cavad kimi vətən və millət fədailərinin mühitində milli və siyasi tərbiyə almış şəxslərdən olub. İlk öncə "Difai” firqəsi, daha sonra "Türk Ədəmi-Mərkəziyyət” partiyası ətrafında fikrən və ruhən yoğrulan bu mühit Azərbaycanın qəlbi və daimi qalası mövqeyində olan Gəncədə 1917-1918-ci illərdə Milli Komitə şəklində təşkilatlanıb. N.Yusifbəyli ilə Məhəmməd Əmin Rəsulzadə arasında Bakıda baş verən tarixi görüşün ardınca "Türk Ədəmi-Mərkəziyyət” və "Müsavat” partiyalarının birləşməsi nəticəsində iki millətçi kadr əl-ələ verərək könül birliyi ilə ümumi Azərbaycan hərəkatının və dolayısı ilə müstəqil Azərbaycan dövlətinin təməlini atıblar. N.Şeyxzamanlı ona tapşırılan vəzifələri, istər ölkə daxilində, istərsə də xaricdə sədaqətlə yerinə yetirib. 1918-ci ilin Azərbaycan üçün ən ağır və kədərli günlərində o, Gəncə Milli Komitəsinin səlahiyyətli nümayəndə heyətinin tərkibində Osmanlı hökumətinin rəhbərliyi ilə görüşmək üçün İstanbula göndərilib. Nağı bəy müstəqil Azərbaycan dövründə Milli Təhlükəsizlik Təşkilatının rəhbəri vəzifəsinə təyin edilib. Onun bir şəxsiyyət kimi formalaşmasında bolşeviklər tərəfindən 1920-ci ildə şəhid edilmiş mərhum böyük qardaşı Məmmədbağır Şeyxzamanlının çox güclü təsiri olub. İnanılmaz və çox fəal bir "Müsavatçı” olan Məmmədbağır bəy istər milli vəkili olduğu Azərbaycan Parlamentində, istərsə də ümumi ictimai işlərdə kommunistlərə qarşı geniş mübarizə aparan bir şəxs olub. Elə buna görə də rus işğalçıları Azərbaycana ayaq basar-basmaz kütləvi şəkildə həbs olunub güllələnənlər arasında o da yer alıb. N.Şeyxzamanlı qardaşı haqqında yazırdı: "Onların ilk həbs etdikləri böyük qardaşım Məhəmmədbağır oldu. Qardaşım Gəncə deputatı və "Müsavat” partiyasının üzvü idi. Həbs olunmasını ertəsi gün öyrəndim. Onu həbsxanadan qurtarmaq üçün düşünür və yollar axtarırdım. Nəhayət, "Çeka”dakıların ona "Qardaşın Nağı bəy gəlib özü təslim olsa, səni buraxacağıq” dediklərini öyrəndim və dərhal Çekanın yerləşdiyi binaya getdim. Binasının qapısına yaxınlaşanda qardaşımın səsini eşitdim. O, binanın yuxarı mərtəbəsindəki kameranın pəncərəsindən məni görüb "uzaqlaş, mənə bir şey edə bilməzlər. Əgər içəri girsən, özümü pəncərədən küçəyə atacağam. Gəncəyə get, qalma burada” - dedi. Mən də pəncərəyə baxa-baxa geri çəkilərək uzaqlaşdım. Bax böyük qardaşımla son görüşüm belə oldu. Gəncəyə gəldikdən sonra öyrəndim ki, günahsız qardaşımı rus bolşevikləri güllələyiblər”. Mühacirət həyatı yaşayan Nağı bəy uzun müddət "Müsavat” partiyasının sıralarında qalaraq, Rəsulzadənin rəhbərliyi altında çalışıb. Bir ara onlardan ayrı düşən mübariz İkinci Dünya müharibəsindən sonra həssas milli hisslə və dərin vətən bağlılığı ilə yenidən mövqeyinə qayıdaraq birincilər sırasında müqəddəs vəzifəsini ürəkdən və yorulmadan yerinə yetirib. O, Ankarada və İstanbuldakı dərnəyin fəaliyyətində canla-başla iştirak edib. Gənc soydaşlara şövq və həvəs qaynağı olub. Almaniyada və ABŞ-da olduğu müddətdə də milli çalışmalar və Azərbaycan mühacirət həyatı ilə yaxından maraqlanıb və əlindən gələn yardımları əsirgəməyib. N.Şeyxzamanlı "Azərbaycan” jurnalının daimi müəlliflərindən idi. Gələcək nəslimizə bir xatirə kimi yazıb qoyduğu canlı yazılarında istismarçı rus hakimiyyətinə qarşı ölüm-dirim savaşına başlamış məşhur partizan qəhrəmanlarının xatirələrini, "Difai” firqəsinin fəaliyyətini və Gəncədə Milli hərəkatın yaranmasını bütün təfərrüatı ilə təsvir edib. Bütün xatirələrini bir kitab halında toplayan Nağı bəy öz uşaqlarını və yaxınlarını milli ruhda yetişdirməyə çox önəm verirdi və bu işə böyük əmək sərf edirdi. Mülayim xasiyyəti N.Şeyxzamanlı yaxşı yoldaş, vəfalı dost, həssasqəlbli insan olmasına baxmayaraq, milli məsələlərdə səhlənkarlığı heç kimə bağışlamırdı. Onun ən aydın vəsfi Azərbaycan İstiqlal mübarizəsinə dərindən bağlı olması idi. O, bütün ömrü boyu bu məsələdə heç kimsəyə və hər hansı cərəyana kiçik bir güzəştə belə getməyib. Ağır xəstə olarkən də yurdunu və mübarizəsini bir an belə unutmayıb. Filologiya elmləri namizədi Cəlal Qasımov yazır kı, sovetləşmə illərində türklərin bir çoxu kimi mühacir həyatı yaşamaq məcburiyyətində qalan görkəmli şəxslərdən biri də indiki Milli Təhlükəsizlik Nazirliyinin sələfi sayılan "Əksinqilab ilə mübarizə təşkilatı”nın rəisi N.Şeyxzamanlı olub: "Nağı bəy AXC elan olunduqdan sonra ən çətin və mürəkkəb sahə sayılan təhlükəsizlik orqanına, əks-kəşfiyyata rəhbərlik edib. 1919-cu ilin avqustundan 1920-ci ilin martına kimi təşkilatın rəisi olan N.Şeyxzamanlı Azərbaycanın dövlətçiliyi və müstəqilliyinin keşiyində dayanmaqla yanaşı, bu qurumun formalaşmasında da böyük işlər görüb. XI Qızıl Ordunun Azərbaycanı işğalı zamanı onun böyük qardaşı, "Əksinqilab ilə mübarizə təşkilatı”nın ilk rəisi, parlamentin üzvü Məmmədbağır Şeyxzamanlı bolşeviklər tərəfindən güllələnib. O zaman Nağı bəy vətən xaini elan edilib və həbs olunması haqda qərar çıxarılıb. Axtarışda olan N.Şeyxzamanlı Azərbaycandan getmək məcburiyyətində qalıb. O, Bakıdan Gəncəyə, Gəncədən Tbilisiyə, ordan da Türkiyəyə yollanıb”. C.Qasımov qeyd edir ki, mühacir ömrü yaşayan Nağı bəy Türkiyədəki həmvətənləri ilə sıx əlaqədə olub və onların yaratdığı "Azərbaycan” kültür dərgisinin işində fəal iştirak edib: "Azərbaycanın azadlığı uğrunda mübarizə aparan və onun dövlətçiliyinə daim sadiq qalan Şeyxzamanlı Türkiyədə olduğu zaman Vətəni unutmayıb. Həmişə onun taleyi ilə maraqlanıb. O, Azərbaycanda baş verən ictimai-siyasi hadisələri təhlil edərək, fikir və düşüncələrini məqalə, eləcə də kitab halında çap etdirib. Onun "Böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyev” (1957), "Dərdləşmə” (1963) və "Azərbaycan istiqlal mücadiləsi xatirələri” (1964) əsərlərinə Azərbaycanda baş vermiş hadisələrin bir az uzaqdan təhlili və qiymətləndirilməsi kimi baxmaq olar. Şeyxzamanlı Türkiyədə böyük nüfuza malik olub”. Həmin dövrlə bağlı arxiv sənədləri əsasında ciddi araşdırmalar aparmış Respublika Milli Arxivinin rəisi, tanınmış tədqiqatçı Ataxan Paşayev bildirib ki, o zaman mühüm geopolitik regionda yerləşən, Şərqlə Qərb arasında körpü rolunu oynayan və təbiətən çox zəngin ölkə olan Azərbaycana dünya dövlətlərinin marağı böyük idi. Azərbaycana qarşı ən böyük təhlükə "vahid və bölünməz Rusiya” uğrunda mübarizə aparan Denikin orduları, bolşevik Rusiyası və Daşnak Ermənistandan idi: "Bu qüvvələr ölkədə, xüsusən də Bakıda geniş təxribat işləri aparır, hər vasitələrdən istifadə edərək cümhuriyyətin möhkəmlənməsinə mane olmağa çalışırdılar. Bakı Denikin və erməni casusları ilə dolu idi. Bolşevik Rusiyasının nümayəndələri isə daxildə təxribat işləri görür, tətillər təşkil edir, Sovet Rusiyası ilə birləşmək təbliğatı aparırdılar. 1919-cu il fevralın 18-də Denikin ordularının hücum təhlükəsi ilə bağlı parlamentin iclasında çıxış edən Fətəli Xan Xoyski bəyanatında Azərbaycanda, xüsusilə də Bakıda general Denikinə yardım göstərən qüvvələrin gizli şəkildə silahlı hərbi dəstələr təşkil etməsini qeyd edir. O, narahatlıqla bildirirdi ki, 1918-ci il mart hadisələri zamanı azərbaycanlılara qarşı qəddarlıqlar törətmiş Hamazasp ingilislərin qəyyumluğundan istifadə edərək Bakıda oturub Ermənistan üçün əsgər toplayır. Parlamentin bu məsələylə bağlı qəbul etdiyi qərarda göstərilirdi ki, dövlətin təhlükəsizliyini təmin etmək üçün hazırkı hökumət üzvlərinin bir qrupundan ibarət xüsusi orqan yaradılaraq dövlətin mühafizəsi məsələlərində ona səlahiyyətlər verilsin”. A.Paşayev qeyd edir ki, belə bir mürəkkəb zamanda Azərbaycanda bu cür təxribatlara qarşı xüsusi mübarizə təşkilatının yaradılması günün vacib tələblərindən biri idi: "Əksinqilabla mübarizə təşkilatı da məhz bu məqsədlə yaradıldı. Azərbaycanda əks-kəşfiyyat işi ilə hələ 1919-cu ilin yanvarından hərbi kəşfiyyat məşğul olurdu. Həmin il yanvarın 28-də Cümhuriyyətin Hərbi Nazirliyi Baş Qərargahının General-Kvartirmeyster İdarəsi Kəşfiyyat bölməsinin rəisi idarəyə göndərdiyi məktubda 15 nəfərdən ibarət agentlər şəbəkəsi yaratmağı təklif edir. Artıq həmin il martın 26-da hərbi nazir Səmədağa Mehmandarovun əmri ilə Baş Qərargahın Baş İdarəsi yaradılır. Həmin şöbəyə daxil olan 4 bölmədən biri də kəşfiyyat və əks-kəşfiyyat bölməsi idi. S.Mehmandarovun məruzəsində kəşfiyyat bölməsinin vəzifələri belə izah olunurdu: "Düşmən haqqında mümkün olan məlumatları toplamaq, xaricdə hərbi agenturalar yaratmaq, ölkənin daxilində isə casusluğa qarşı mübarizə aparmaq”. Əvvəllər hərbi kəşfiyyata ölkənin daxilində casusluğa qarşı mübarizə funksiyası da tapşırılmışdı. Lakin xarici kəşfiyyatın, xüsusilə Denikin ordularının və erməni casuslarının Bakıda, ümumən Azərbaycanda təxribatçılıq fəaliyyətləri hökumətdən bu sahədə daha təsirli işlər görməyi tələb edirdi”. Tədqiqatçı təəssüf edir

ki, bu qurumun yaradılması haqqında parlament, hökumət və ya Dövlət Müdafiə Komitəsinin qərarı arxivdə qalmayıb: "Avqustun 16-da M.Şeyxzamanlı Bakı şəhərinin rəisi Q.Qdiyevə məktubunda yazırdı: "İyun ayının əvvəllərində xarici təhlükənin artması ilə əlaqədar olaraq Dövlət Müdafiə Komitəsi və Əksinqilabla Mübarizə Təşkilatı yaradılarkən mən bu işi icra etmək üçün dəvət edildim”. Təşkilatın formalaşdırılması "Müsavat” fraksiyasının üzvü Məmmədbağır bəy Şeyxzamanlıya həvalə edilir. Onun müavini isə sonralar naməlum şəxslər tərəfindən qətlə yetirilmiş sosialist Mirfəttah Musəvi təyin olunur. Qardaşından sonra bu vəzifəyə başçılıq edən N.Şeyxzamanlı təyin olunur. O, bu vəzifədə təşkilat ləğv olunana qədər qalır. Noyabrın 19-da isə Mahmud bəy Səfikürdski təşkilat rəhbərinin müavini təyin olunur”. Əksinqilabla Mübarizə Təşkilatında ermənilərin məkrli əməllərini təsdiq edən çoxlu faktiki sənədlərin qorunub saxlanıldığını bildirən A.Paşayev deyir ki, "bu sənədlərdən aydın olur ki, Denikin ordularında xidmət edən ermənilər və erməni casuslarının başlıca məqsədi "Vahid Rusiya”nın qorunub saxlanılmasına deyil, "Böyük Ermənistan”ın yaradılması xeyrinə iş görmək idi. Qısa müddətdə fəaliyyət göstərməsinə baxmayaraq, Əksinqilabla Mübarizə Təşkilatı Azərbaycan Cümhuriyyətinin xarici və daxili düşmənlərinə qarşı barışmaz mübarizə aparıb, xalqımızın təhlükəsizlik tarixinə şanlı səhifələr yazıb”.

İsmayıl