ATƏT sədri köhnə sazişləri dilə gətirir

“Qərbin, ATƏT sədrliyi başda olmaqla Minsk Qrupu həmsədrlərinin problemə yanaşmasında açıq-aşkar ikili standartlar var”




Bölgədə səfərdə olan ATƏT-in fəaliyyətdə olan sədri, İsveçrə prezidenti Didye Burkhalter hesab edir ki, Azərbaycan və Ermənistan prezidentlərinin görüşü sülhün əldə olunması üçün lazım olan danışıqların yeni mərhələsinə start verə bilər. Minsk Qrupu formatının vacibliyini vurğulayan sədr Dağlıq Qarabağ kimi vacib problemin həll edilməsində bu formata tamamilə etibar etdiyini bildirib.

Eyni zamanda münaqişədəki status-kvonun heç bir perspektiv vəd etmədiyini qeyd edən Burkhalterin sözlərinə görə, sülhün əldə olunması üçün addım-addım irəliləmək lazımdır. Həmçinin, Burkhalter bəyan edib ki, ATƏT-ə sədrlik edən ölkə kimi İsveçrə də öz səylərini atəşkəs rejiminin möhkəmləndirilməsinə yönəldəcək. O, Dağlıq Qarabağ münaqişəsinin "Madrid prinsipləri” və beynəlxalq hüquq əsasında həll edilməsinin vacibliyini də bəyanlayıb.

ATƏT sədrinin sözügedən açıqlamasının çox uğursuz bir yanaşma olduğunu vurğulayan politoloq Qabil Hüseynlinin sözlərinə görə, prezidentlər arasında görüş baş tutarsa, problem həll olunacaq, yaxud da hansısa irəliləyişlər olacaq məntiqi ilə ağır bir problemə yanaşmaq doğru deyil: "Dağlıq Qarabağ probleminin həlli istiqamətində azı 10 dəfə Azərbaycan və Ermənistan prezidentləri arasında görüş keçirilib. Ortada isə heç bir irəliləyiş və real nəticə yoxdur. Hansı ki, prezidentlər səviyyəsində baş tutan görüşlərin əksəriyyəti problemin mərkəzində dayanan Rusiya tərəfindən həyata keçirilib. Bu isə ondan qaynaqlanır ki, qərbin, ATƏT sədrliyi başda olmaqla Minsk Qrupu həmsədrlərinin problemə yanaşmasında açıq-aşkar ikili standartlar var. Burkhalter Ermənistanın Azərbaycana təcavüz etdiyini və bunun nəticəsində Azərbaycan torpaqlarının iyirmi faizinin işğal edildiyini, bir milyon insanın öz yurd-yuvasından didərgin düşdüyünü söyləməyə cəsarət etmirsə, hadisələrin mahiyyətini siyasi cəhətdən açmaq cəsarətinə malik deyilsə, onda Dağlıq Qarabağ problemi hansı zəmində həll olunacaq? ATƏT-in fəaliyyətdə olan sədri öz bəyanatında deyib ki, Dağlıq Qarabağ problemini "Madrid prinsipi” əsasında çözək. Azərbaycanda isə "Madrid prinsipləri”nə əlavələr edib və yeni "Madrid prinsipi” deyilən bir sənədi ATƏT-ə təqdim edib. Bu da təbii prosesdir. Çünki onların təqdim etdiyi prinsiplər Azərbaycanın maraqlarına uyğun deyil və ölkəmizin ərazi bütövlüyünün təminatına əsas vermir. Azərbaycan da haqlı olaraq, prinsiplərə dəyişikliklər edilməsini tələb edir. İndi yenidən Azərbaycanı razı olmadığı bir prinsiplə yenidən danışıqlar prosesinə cəlb etmək ölkəmizin maraqlarına nə qədər uyğundur? Hansı ki, Dağlıq Qarabağ münaqişəsi həllinə nail olunmayacaq qədər mürəkkəb bir problem deyil. Bir tərəfdə təcavüzkar Ermənistan, digər tərəfdə də təcavüzə məruz qalıb, torpaqlarını tələb edən Azərbaycan var. Bu problemi kitabdan-kitaba salmağın nə mənası var axı? Münaqişənin həllinin bircə yolu var:

İşğalçı Ermənistana Azərbaycan ərazilərindən çıxmaq üçün sanksiyalar tətbiq edilir. Üstəlik də, Azərbaycana təzminat ödəyərək üzr istəməsini tələb edirlər. Bunları etmədikləri azmış kimi, hələ bir Azərbaycandan güzəşt də tələb edirlər. Bu çox gülünc bir yanaşmadır. Çünki təcavüzə məruz qalan ölkədən əlavə güzəştlər tələb etmək birmənalı şəkildə təcavüzkar Ermənistanın maraqlarını müdafiə etmək və onları şirnikləndirmək, onu yeni-yeni təcavüz aktlarına sövq etməkdir”.

Politoloqun sözlərinə görə, ATƏT sədri Azərbaycandan güzəşt tələb etmək əvəzinə, beynəlxalq hüquq normalarını əsas götürməli və danışıqlar prosesini məhz həmin normalar çərçivəsində davam etdirməyə çalışmalıdır: "Köhnə sazişləri yenidən gündəmə gətirmək, hesab edirəm ki, yenidən Dağlıq Qarabağ probleminin dalana dirənməsi ilə nəticələnəcək”.

Şəymən