“Rusiyanın tərəddüdü Ermənistanı qorxudur”

Elman Məmmədov: “Rusiya milli maraqları çərçivəsində, özünə zərbə dəyməmək üçün işğalçı dövlət olan Ermənistanı müdafiə etməkdən imtina edə bilər”




Qazaxıstan prezidenti Nursultan Nazarbayevin "Ermənistan Avrasiya İttifaqına Dağlıq Qarabağsız üzv olmalıdır” bəyanatı düşmən ölkəni ciddi qorxuya salıb. Ermənistan üçün real təhlükə yarandığını hesab edən Vətəndaş Cəmiyyəti liderləri ölkədə səfərbərlik elan olunmasının vacibliyini vurğulayıblar. Ermənilərin narahatlığı siyasilərin açıqlamalarında da özünü büruzə verir.

Tiqran Xızmalyan adlı siyasətçi Astanada səslənən fikirlərin Ermənistan üçün ölümcül təhlükə daşıdığını bildirib. Onun sözlərinə görə, ruslar yeni addımlar atmaq üçün erməniləri qurban verməyə qərar veriblər. Çıxılmaz vəziyyətə düşən Ermənistanı ciddi addım atmağa və səfərbərliyə məcbur edən digər səbəblər isə ölkə başçısı İlham Əliyevin Türkiyə prezidenti Abdullah Güllə təkbətək görüşməsi və müdafiə naziri Zakir Həsənovun ABŞ-ın hərbi naziri ilə bir araya gəlməsidir.

Ermənistanın narahatlığını şərh edən millət vəkili Elman Məmmədovun sözlərinə görə, Prezident İlham Əliyevin dəfələrlə "Azərbaycan Silahlı Qüvvələri öz torpaqlarını işğaldan azad edəcək” şəklində bəyanatlar verməsi, Ukrayna məsələsi və ziddiyyətli iqtisadi qurum müzakirələri düşmənləri əməlli-başlı təşvişə salıb: "Ermənistan Rusiyanın nə vaxtsa Azərbaycanla müəyyən razılığa gəlməsindən ehtiyat edir. Çünki belə bir şeyin baş verməsi Ermənistanı çıxılmaz vəziyyətə sala bilər. Ancaq bir məsələni unutmayaq ki, bu gün Ermənistana rəhbərlik edən Sarkisyan və onun cinayətkar qrupu Dağlıq Qarabağ problemindən yararlanaraq siyasi hakimiyyətə gəliblər. Nə qədər ki, bu dəstə hakimiyyət başındadır və problemin ədalətli həllinə maneçilik törədir, Ermənistanda vəziyyət gərgin olaraq qalacaq. Təbii olaraq, bu qüvvə hakimiyyətini qoruyub saxlamaq üçün Qarabağ münaqişəsinin həllini bilərəkdən yubadır”. Deputat deyib ki, müasir və sivil dünyanın başqa istiqamətdə inkişaf etməsi də indiki erməni hökumətini ciddi narahat edir: "Çünki nə zamansa dünyadakı münaqişə bölgələri başqa qüvvələrin nəzarətinə keçə bilər. Yəni Rusiya milli maraqları çərçivəsində, özünə zərbə dəyməmək üçün işğalçı dövlət olan Ermənistanı müdafiə etməkdən imtina edə bilər. O zaman hazırkı güclü Azərbaycanla, zəif və aciz Ermənistan üz-üzə gəlsə, nə baş verər?”.

E.Məmmədov vurğulayıb ki, Kremldən asılı olan Ermənistan hökuməti birbaşa Moskvanın göstərişi ilə hərəkət edir və rusların havadarlığına güvənir: "Nazarbayevin sözlərindən sonra hərbi cani, Xocalı soyqırımının birbaşa iştirakçısı Serj Sarkisyan dərhal ayağa duraraq Rusiya prezidenti Putinin yanına getdi. Yəqin ki, o, Putinlə nəyisə məsləhətləşirdi. Sarkisyan düz iki dəfə bu hərəkətə etdi. Onun davranışı əyani olaraq sübut edir ki, Ermənistan deyilən dövlət müstəqil deyil və suveren siyasəti yoxdur. Buna görə də, Rusiyanın tərəddüd etməsi düşmən ölkəni qorxudur”.

Ancaq deputatın fikrincə, Rusiya Ermənistanın arxasından qaçmayacaq. Məsələyə belə baxmaq düzgün deyil: "Rusiya heç vaxt Ermənistanı meydanda tək qoymaz. Sadəcə olaraq, Rusiya tədbirdə dövlətin və millətin maraqları çərçivəsində bir mövqe sərgilədi və bitərəf qalmağa üstünlük verdi. Çünki Prezident İ.Əliyev orada məsələni qəti qoymuşdu ki, Ermənistan Avrasiya İttifaqına hansı sərhədlərlə və hansı şərtlərlə daxil olur? Axı bu dövlət işğalçıdır. Rusiya başqa cür hərəkət etsəydi, Moskvanın özü çıxılmaz vəziyyətdə qalardı. Moskva açıq şəkildə işğalçı Ermənistanı dəstəkləyə bilməz. Çünki başqa üzv dövlətlərin əks münasibətləri ilə qarşılaşar”.

İsmayıl