Akif Nağını Gürcüstana buraxmadılar

QAT sədri geri qaytarılıb




Qarabağ Azadlıq Təşkilatının (QAT) sədri Akif Nağının rəhbərlik etdiyi nümayəndə heyəti Qarabağ Təbliğat Turu Çərçivəsində Türkiyədə tədbirlərini başa vurub.
Lakin iyunun 6-da avtobusla Azərbaycana dönən nümayəndə heyəti Türkiyə-Gürcüstan gömrük buraxılış məntəqəsində problemlə üzləşib.
Belə ki, gürcü gömrükçülər nümayəndə heyətinin digər üzvlərini ölkə ərazisinə buraxsalar da, QAT sədri A.Nağı Gürcüstana buraxılmayıb və geri qaytarılıb.
Bu barədə musavat.com-a QAT İdarə Heyətinin üzvü İlqar Əli məlumat verib. Onun dediyinə görə, gürcü gömrükçülər heç bir əsas gətirmədən A.Nağını geri qaytarıblar. Ancaq güman olunur ki, Gürcüstan hökuməti A.Nağının son aylar ərzində iki dəfə ölkədə Qarabağ təbliğat turu çərçivəsində keçirdiyi tədbirlərdən narahat olduğuna və bu tədbirlərin Ermənistanda qıcıq doğurduğuna görə sanksiyaya əl atıb. İ.Əli QAT sədrinin sonrakı taleyindən xəbərsiz olduğunu bildirib.