“Qarabağ probleminin həlli üçün Moskva ilə normal əlaqə qurulmalıdır”

“Qərb ölkələri ilə Rusiya arasında müqayisə aparmağı doğru hesab etmirəm”



Rusiyanın xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini, Rusiya-Azərbaycan hökumətlərarası komissiyasının sədri Dmitri Roqozin iyun ayında Azərbaycana səfər edəcəklər. Bu barədə Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinlə keçirdiyi görüşdə bildirib. Azərbaycanda dövlət başçısı və digər siyasi şəxslərlə görüşən Rusiya rəsmiləri bir çox məsələləri müzakirə edəcəklər.

Politoloq Elxan Mehdiyev Lavrovun və Roqozinin Azərbaycana səfərlərini yüksək qiymətləndirir. Çünki politoloq hesab edir ki, Rusiyanın Azərbaycanla olan iqtisadi və humanitar bağlılığı istənilən qərb ölkəsindən daha yüksəkdir: "Rusiya bizim qonşumuzdur və Azərbaycanın düşdüyü indiki vəziyyətdən yeganə çıxış yoludur. Dağlıq Qarabağ məsələsinin həlli üçün rəsmi Moskva ilə normal münasibətlər qurulmalıdır. Rusiyanın işğalçı Ermənistanı silahlandırdığını nəzərə alsaq, rəsmi Moskvanın problemin həllində vasitəçi kimi böyük rol oynayacağını dərk etmək çətin olmaz. Hansısa hadisələr, xüsusən də, Ukraynadakı proseslər Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmamalıdır. Çünki bu məsələ Ukrayna ilə Rusiyanın ikitərəfli işidir və bizə aidiyyəti yoxdur”.

E.Mehdiyev "Rusiya rəsmilərinin Azərbaycana səfəri, Qərb ölkələrinin başçılarının səfərlərinə cavabdır” yanaşması ilə razı deyil: "Fransa prezidentinin Azərbaycana səfəri tarixdə ilkdir və mühüm hadisədir. Eyni zamanda İsveçrə prezidentinin səfəri də böyük əhəmiyyət kəsb edir. Amma Rusiya ilə tarixi əlaqələrimiz, əməkdaşlıqlarımız davamlı və daimi olub. Rusiya prezidenti dəfələrlə Azərbaycana səfər edib və siyasi rəhbərliklə yaxın və səmimi görüşlər keçirib. Qərb ölkələri ilə Rusiya arasında müqayisə aparmağı doğru hesab etmirəm. Düşünürəm ki, rus rəsmilərinin Azərbaycana səfəri hansısa avropalı rəsmilərin səfərlərinə adekvat ola bilməz”.

İsmayıl