Gənc şair: Bəlkə elə buna görə gənclər də onu çox bəyənirlər

Qismət: “Vaqif Səmədoğlunun ədəbiyyatda qalması, şairliyi müzakirə mövzusu olacaq bir şey deyil. Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatı tarixinin faktıdır”
Qan Turalı: “Gələcək poeziyamız, məhz Vaqif Səmədoğlu poeziyası üzərində qurulacaq”



Çağdaş Azərbaycan şeirinin tanınan imzalarından biri olan Vaqif Səmədoğlu poeziyamızda estetika ilə intellektuallığın tamlığını, emosionallıqla rasionallığın sintezini yaradan bir şairdir. Sözün ən parlaq çalarları V.Səmədoğlu şeirlərində öz təcəssümünü tapır. Bu çalarlar müasir oxucunun qarşısında tənhalıq qapılarını açır, onun daxili və mənəvi aləmində tənzimləmələr həyata keçirir. Onun "Saxlayın Yer kürəsini, mən düşmək istəyirəm” misrası ABŞ-ın mərkəzi küçələrinin birində reklam şüarı kimi qeyd olunub. Qərb dünyasının düşüncə tərzi ilə mənəvi dünyagörüşünün bütün qanunauyğunluqları onun poeziyasının ana şüarına çevrilib.

Ölümdən çox yazdığı üçün bəzən "ölüm” şairi adlandırılan Vaqif Səmədoğlunu, demə elə ən çox narahat edən də ölümün nə olduğu imiş: "Məni ən çox o yandıracaq ki, ölüm nədir, biləcəm, amma heç kimə deyə bilməyəcəm ki, ölüm buymuş”. Şairin ən çox istədiyi isə xərçəngin ağrılarından qurtulmaqdır: "Xərçəngin ağrılarından qurtulmaq - ürəyim ən çox bunu istəyir. Çox amansız ağrılardır, amansız ağrılardır, amansız... Nə "mən ölüm” bilir, nə yalvarmaq... Gərək dərmanlar günü-gündən güclənsin”. Bütün bunları Xalq şairi mətbuata hələlik sonuncu müsahibəsində deyib. Qeyd edək ki, Xalq şairinin 75 illik yubileyi münasibəti ilə Azərbaycan Dövlət Akademik Dram Teatrında tədbir keçirilib. Bu münasibətlə prezident İlham Əliyev Xalq şairini "İstiqlal” ordeni ilə təltif edib. 75 yaşlı şairə ən yaxşı hədiyyələrdən biri də şairin yaxın dostu Anarın yazdığı "”Balaca” Vaqifin böyük sənəti” adlı yazısıdır. Anar öz yazısında həm səmimi dost, həm də bir yazar olaraq Vaqifin yaradıcılığı və şəxsiyyəti ilə bağlı ünvanına xoş sözlər deyib: "Vaqifin ən parlaq özəlliyi, ən böyük uğuru heç kəsin demədiyini heç kəsin ağlına gəlməyən şəkildə deməsindədir. Bu poeziya bizə bildiyimizi bir daha izah etməyə çalışmır, bizi hər şeyə tamam başqa bucaqdan baxmağa çağırır. İki dəfə iki dörddür. Bu həqiqətdir. Bunu və buna bənzər həqiqətləri şeirlə ifadə etsən, heç bir etiraz doğurmaz. Amma bu arifmetik həqiqətdir, reallığın həqiqətidir, bədii həqiqət deyil. Bədii həqiqət isə çox vaxt reallığın məntiqi dışındadır. Vaqifin belə misraları var.

İndi özündən küs,

Mənim min inamım var dünyada

Xərçəngin pəncəsinə keçən Vaqif Səmədoğlu buna rəğmən öz tempindədir. Amansız xəstəliyin verdiyi ağrı-acılara baxmayaraq şair mətbuata verdiyi müsahibələrində, yazdığı şeirlərində adəti üzrə öz ironiyasından qalmır və bütün diqqəti özünə cəlb etməyi bacarır. "Allah özüm gəlim, ya kimisə göndərəcəksən” misrası isə bir daha Vaqif yaradıcılığının hansı səviyyədə olduğunu üzə çıxarmış oldu:

Allah, nə var, nə yox?

Məndən nə xəbər var?

Gecələri özüm sayaram,

Üzümə açılacaq neçə səhər var?

Bəyənəcəksənmi məni,

Bəndəni hansı gözlə görəcəksən?

Allah,

Özüm gəlim,

Ya kimisə göndərəcəksən?

Vaqif Səmədoğlu həm şair, həm də bir şəxsiyyət olaraq, xalq tərəfindən lazımi qiymətini alıb. "Xalq şairi”, "İstiqlal” ordeni ilə təltiflənməsi də onun yaradıcılığının və bənzərsizliyi ilə seçilən, bir çox hallarda isə aforizmə çevrilən misralarının bəhrəsidir. Bütün bunlardan sonra Xalq şairinin yaradıcılığını müzakirəyə çıxarmaq, onun haqqında rəylər almağa ehtiyac qalmasa belə, şairin yubileyi ərəfəsində gənclərin gözü ilə Vaqif Səmədoğlu yaradıcılığını xarakterizə etməyi lazım bildik. Görəsən, gənclər onun barəsində nə düşünür? Azərbaycan ədəbiyyatında Vaqif Səmədoğlunun bir çox ilklərə imza atmış bir şəxsiyyət olduğunu vurğulayan şair Qismətin münasibəti çox müsbətdir. 
Vaxtı ilə Xalq şairi haqqında kiçik bir yazı belə yazdığını xatırladan gənc şair Qismət hesab edir ki, Vaqif Səmədoğlu Azərbaycan poeziyasında ən zövqlü şairlərdən biridir:

 "75 illik yubileyi və "İstiqlal” ordeni almağı münasibətilə şairimizi təbrik edirəm. Allah ona uzun ömürlər versin. Son vaxtlar Vaqif Səmədoğlunun səhhəti ilə bağlı yaşadığı problemlər hər birimizi kədərləndirib. Amma onun xərçənglə mübarizəsi və xəstəliyin ağrılarına qarşı mübarizəsi hər birimiz üçün stimuldur. O xəstə halı ilə belə öz müsahibələrində ironiyasından, zarafatlarından qalmır. Sözsüz ki, onu belə görmək də bizi sevindirir. Allahın köməkliyi ilə tez bir zamanda sağalar və yenidən Azərbaycan ədəbiyyatına rəngarənglik qatar. Birmənalı olaraq, deyə bilərəm ki, Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatında bənzəri, təkrarı olmayan şairdir. Xüsusən də, poetik üslub baxımından onun yaradıcılıq estetikası mükəmməldir. O, Azərbaycan ədəbiyyatında öz imzasını atan, iz qoyan şəxsiyyətlərdəndir. Artıq Vaqif Səmədoğlunun ədəbiyyatda qalması, şairliyi müzakirə mövzusu olacaq bir şey deyil. Vaqif Səmədoğlu Azərbaycan ədəbiyyatı tarixinin faktıdır. Ədəbiyyatımıza qazandırdığı yeni məna çalarları və gətirdiyi yeni kodlar, üslublar, həmçinin yanaşma tərzinin təzəliyinə görə ondan öyrənməli çox şey var”.

Digər gənc yazar Qan Turalı isə Azərbaycan ədəbiyyatında ən çox sevdiyi şairlərdən birinin, məhz Vaqif Səmədoğlu olduğunu deyib: 

"Vaqif Səmədoğlu o şairlərdəndir ki, Azərbaycan ədəbiyyatına yeni nəfəs gətirib, ədəbiyyatımızı yeni zirvələrə qaldırıb. Bədii-estetik çalarla zənginləşdirib. Sovet vaxtları çox az çap olunsa da, onun dərc olunan hər bir şeiri ədəbi hadisəyə çevrilirdi. Elə indinin özündə də Vaqif Səmədoğlu yaradıcılığı öz aktuallığını saxlamaqdadır. Onun şeirləri "qocalmır”. Bu mənada Vaqif Səmədoğlu yaradıcılığı mənim üçün novatorluğu ilə xarakterizə olunur. Hətta atası Səməd Vurğun klassik Azərbaycan ədəbiyyatının parlaq nümayəndələrindən olsa da, Vaqif Səmədoğlu hətta atasının belə estetik ziddinə getməyi bacaran şairdir. Hər nə qədər Səməd Vurğun poeziyası bu gün aktuallığını daşısa da, gələcək poeziyamız, məhz Vaqif Səmədoğlu poeziyası üzərində qurulacaq. Onun özü isə hər zaman Azərbaycan ədəbiyyatı tarixində özünəməxsus iz qoymuş parlaq yazıçılardan biri olaraq qalacaq. Şairə verilən "İstiqlal” ordeni siyasi bir mükafatdır və ədəbi-estetik məzmun kəsb etdiyini düşünmürəm. O ayrı məsələ ki, Vaqif müəllim Azərbaycan Respublikasının, hətta dünyanın ən böyük mükafatlarına layiqdir. O bu hüququ öz yaradıcılığı və fərqli üslubu, novatorluğu ilə əldə edib. Hesab edirəm ki, Vaqif Səmədoğlu ötən əsrin Azərbaycan şeirinə bəxş etdiyi töhfələrdən biridir. Ona uzun ömür, cansağlığı və yeni, maraqlı mətnlər arzulayıram”.

Gənc şair Emin Piri də Xalq şairinin yaradıcılığına yüksək dəyər verən yazarlardandır: 

"Vaqif Səmədoğlu öz ustadlığını biz gənclər doğulmamışdan çox əvvəl sübut etmiş sənətkardır. Səməd Vurğunun adıyla da tanınan şairi heç də Səməd Vurğuna görə tanımıram. Hətta Vaqif Səmədoğlu şeirini Səməd Vurğundan daha çox sevirəm və üstün tuturam. Təbii ki, bunlar mənim subyektiv düşüncəmdi. Səməd Vurğun poeziyanın dilini yaratdı, Vaqif Səmədoğlusa, həmin dilin poeziyasını. Vaqif Səmədoğlu şeirlərində emosiya, sevgi və düşüncə tərzi, ruhu indiki əksər gənclərdən daha gəncdir. Elə buna görə də onu gənc şair sayıram”.

Şəymən