Avtoparkların saat və günlük qiymətləri...

Sürücülərin çoxu narazılıq edir
"Mən gedib 10 manata ayaqqabı alıramsa, növbəti 10 manatı da dayanacağa verməliyəm? Bu, müzakirə ediləsi mövzudur"



Dünyada yol infrastrukturunun təkmilləşdirilməsi, bu da öz növbəsində avtomobil dayanacaqlarına da təsir edir. Azərbaycan da bu müsbət yeniliklərdən geri qalmır. Nəticədə ölkədə yeni müasir dünya standartlarına cavab verən, qapalı və açıq avtoparklar (avtomobil dayanacaqları) tikilib istifadəyə verilir.

Lakin sürücülərin çoxu avtoparkların saat və ya günlük qiymətlərindən narazılıq edirlər. Onların dediklərinə görə, hər hansı ticarət mərkəzinə gedərkən maşını həmin ərazinin dayancağında 1 saat saxlamaq üçün ən azı 1-5 manatarası pul ödəyirlər.

Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədov "Şərq”ə açıqlamasında qiymətlərin tənzimlənməsi məsələsinin onların səlahiyyətində olmadığını bildirib: "Bunun üçün də müvafiq dövlət qurumlarına qiymətlə bağlı müraciət etməmişik”.

O, həmçinin pullu avtoparkların olmasını yaxşı hal kimi dəyərləndirib: "Mən də sürücülərin bir üzvüyəm və qiymətlərdən narazı deyiləm. Hazırda bu növ avtodayanacaqlardan istifadə edirəm”.

İqtisadçı-ekspert Zahid Məmmədov qiymətlərlə bağlı fərqli düşüncədədir: "Qiymətləri ucuzlaşdırmaq lazımdır. Bunun üçün "Rəqabət haqqında” və digər qanunlar var. Qiymət elmə əsaslanır. Kimsə istədiyi qiyməti təyin edə bilməz. Məsələn, İçərişəhərdə avtomobili park etməyə yer yoxdur, məcburam 100 manat da olsa belə, maşınımı həmin avtodayanacaqda yerləşdirim. Dünya qiymətlərinə əsasən, saatı maksimum 20 qəpik ola bilər. Mən gedib 10 manata ayaqqabı alıramsa, növbəti 10 manatı da dayanacağa verməliyəm? Bu, müzakirə ediləsi mövzudur.

Digər bir misal, Türkiyədə bələdiyyə dayanacaqlarının saatı 10 qəpik, özəl dayanacaqların isə 10 manatdır. Bu zaman rəqabət olur”.

Bələdiyyə dayanacaqlarının tikilməyini təklif edən Z.Məmmədov beləcə problem həll edilə biləcəyini də istisna etməyib.

Z.Məmmədov sonunda problemin həlli ilə bağlı təkliflər hazırlayıb hökumətə təqdim edə bilən səlahiyyətli qurumun Bakı Şəhər İcra Hakimiyyəti olduğunu vurğulayıb: "Bu məsələni BŞİH-nin rahat şəkildə həll etmək imkanları var. BŞİH bütün lazımi resurslara malikdir və atmalı olduğu addımlar da məlumdur”.

Vüqar Şahinoğlu