Dövlət Baxçalı prezidentliyə namizəd olsa...

Sabir Rüstəmxanlı: “Əlbəttə ki, onun seçilməsini arzu edərdik”
Qabil Hüseynli: “Baxçalı namizədliyini versə belə, prezident seçilmək şansı çox az olacaq”



Türkiyədə prezident kürsüsü uğrunda mübarizə aparan baş nazir Rəcəb Tayyib Ərdoğanın ilk güclü rəqibinin adı məlum olub. Məlumata görə, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı Türkiyə prezidentliyinə namizəd olacaq.

Bu barədə məlumatların gizli yolla MHP-dən əldə edildiyi bildirilir. İddialara görə, həbsxanada yatan PKK lideri Abdullah Öcalan Ərdoğan prezident olduqdan sonra azadlığa buraxılacaq. Ərdoğanın bu fikrinin əleyhinə olan Baxçalı isə Türkiyə prezidentliyinə namizəd olacağı barəsində qərar qəbul edib. Qeyd edək ki, bu ilin avqust ayında Türkiyədə iki mərhələli prezident seçkiləri keçiriləcək.

Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyir ki, MHP sədrinin prezidentliyə namizəd olacağı dəqiq bəlli deyil. Yəni Baxçalı namizəd ola da bilər, olmaya da bilər: "Dövlət bəy Türkiyənin yüksək siyasi əxlaqa malik olan və türk xalqının taleyini düşünən önəmli və perspektivli lideridir. O, MHP-ni Türkiyənin əsas siyasi güclərindən birinə çevirə bilib. Əgər deyilənlər doğru olsa və Baxçalı prezidentliyinə namizədliyini versə, əlbəttə ki, onun seçilməsini arzu edərdik”.

Politoloq Qabil Hüseynlinin sözlərinə görə, Türkiyədə prezidentliyin forması dəyişdirildiyi və səlahiyyətləri artırıldığı üçün siyasi partiya rəhbərləri baş nazir postundan daha çox prezidentlik kürsüsünə iddia edirlər: "Ərdoğan prezident seçiləcəyi təqdirdə, avtoritar lidarə çevriləcək və Türkiyə demokratiyası bundan ciddi zərər görəcək. Amma Baxçalı namizədliyini versə belə, prezident seçilmək şansı çox az olacaq. Çünki millətçilər, yəni qatı türkçülər Türkiyədə 10-12 faizlik bir bazaya, ən yüksək halda isə 15 faizlik bazaya sahibdirlər. Rəqəmi bundan artıq yüksəltməyə imkan yoxdur. Bu baxımdan, MHP rəhbərinin Ərdoğan qarşısındakı şansını yüksək qiymətləndirmək absurddur. Baxçalı sözünü əsaslandırarkən Ərdoğanın malik olduğu səslərdən kənarda qalan səs faizini vurğulayır. Deyir ki, əgər saxtalaşdırma və kənar müdaxilələr olmazsa, Ərdoğanın həqiqi səs faizi heç 30 faiz deyil. Yəni Baxçalı diqqətə çatdırır ki, Ərdoğana səs verməyən 60-70 faiz insan var. Müxalifət məqbul variant taparsa, bu faizi qazana bilər”. Politoloq qeyd edir ki, Cümhuriyyət Xalq Partiyası MHP-dən daha çox səsə malikdir. Hətta seçkilərdə çox zaman hakim AKP ilə daban-dabana mübarizə aparır. Yerdə qalan bir xeyli səs PKK-ya məxsusdur. Amma onlarla türkçü müxalifət partiyalarının ortaq dil tapması mümkün deyil: "Yeganə çıxış yolu CHP və MHP-nin birləşərək AKP-yə qarşı birgə yarışmasıdır. Əgər Kılıcdaroğlu və Baxçalı həqiqətən Türkiyənin aqibətini düşünürlərsə, bu addımı atmalı və digər partiyalarla ünsiyyət qurmalıdırlar”.

İsmayıl