“Nəticəyə görə müəllim işdən kənarlaşdırılmayacaq”

Cəsarət Valehov: “Son 23 il ərzində məktəb müəllimlərimizin bu cür qiymətləndirilməsi olmamışdı”



Həftənin bazar ertəsi Bakı şəhərində müəllimlərin ilk sınaq qiymətləndirilməsi keçiriləcək. Proses hazırda qızğın mərhələdədir. Və təbii olaraq müxtəlif söz-söhbətlər, narazılıqlar da eşidilir.

Orta məktəb müəllimlərini narahat edən bəzi məqamlar var ki, bu haqda "Şərq” qəzeti ötən saylarında material dərc etmişdi. Sınaq qiymətləndirməsi ilə bağlı ortaya çıxan bəzi suallara aydınlıq gətirmək üçün Təhsil Nazirliyinin İnformasiya şöbəsi və QHT və KİV-lə iş sektorunun müdiri Cəsarət Valehova müraciət etdik.

- Sınaq qiymətləndirməsi haqda nazirin müvafiq əmrindən sonra məktəb müəllimləri arasında bəzi narazılıqlar yarandı. Xüsusən də direktorlar və tədris hissə müdirlərinin sınaq qiymətləndirməsindən kənarda qalmasıdır. Müəllimlər iradlarında bu məntiqə əsaslanır ki, direktor və tədris hissə müdiri də sinifə müəllim kimi daxil olur və hamısının da ən azı 6-12 dərs saatları var.

- Bu, tədbir müstəqil Azərbaycan tarixində ilk dəfə olaraq həyata keçirilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra, 1991-ci ildən bu yana, son 23 il ərzində məktəb müəllimlərimizin bu cür qiymətləndirilməsi olmamışdı. Mən buna attestasiya deməzdim. Çünki attestasiya başqa tədbirlərin görülməsini ehtiva edir və başqa xarakterli olur. Bu, sınaq qiymətləndirilməsi həm xarakter, həm də qarşıya qoyulan məqsədə çatmaq baxımından tamam başqa məqsədləri və hədəfləri əhatə edir. Bu yanaşmada biz ilk dəfə olaraq, bunu pilot layihə də adlandıra bilərik, çünki bilirsiz ki, bütün bölgələri əhatə etmir, hələlik ancaq Bakı şəhərində həyata keçirilir, 30 mindən artıq sınaq qiymətləndirilməsidir, 3 blokda - fənn bloku, metodika və kommunikativ biliklər bloku. Burada məqsəd xoşməramlıdır və biz buna nəbz yoxlaması kimi baxa bilərik. Cənab nazirin də qeyd etdiyi kimi, bir insanın müalicəsini həyata keçirmək üçün ilk növbədə onun ümumi diaqnostikası aparılır, elə deyilmi? Burada hərarət, nəbzin döyülməsi, təzyiq və s. ölçüləndən, ilkin məlumatlar əldə edildikdən sonra, daha dəqiq diaqnoz qoyulduqdan sonra müalicə prosesi başlayır. Bu, diaqnostik xarakterli, məlumat əldə etmək vasitəsidir. Nəticədə biz problemli yerlərimizin harada olduğunu biləcəyik. Burada nəticəyə görə hər hansı müəllimin işdən kənarlaşdırılması, yaxud da digər cəza tədbirləri olmayacaq.

- Dərs saatının azalması və ya çoxalması olmayacaq?

- Belə ola bilər ki, daha yüksək nəticə göstərən müəllimlərə çox güman ki, dərs bölgüsündə üstünlüklər verilə bilər. Amma bu o demək deyil ki, digər nəticə göstərən müəllimlərlə bağlı hansısa aşağı, neqativ tədbirlər görüləcək. Xeyr. Əksinə, belə məsələ var ki, nəticələri aşağı olan müəllimlərlə bağlı yenidən hazırlıq, təlim və ixtisasartırma proseslərinə cəlb edərək müəllimlərin öz üzərində işləməsi üçün onlara geniş imkanlar açacağıq. Bizim balalarımıza daha yaxşı təhsil verə bilsinlər.

- Dərs saatında nəzərə alınma məsələsi hansısa rəsmi əmrə, qərara aiddirmi, yoxsa məktəb daxilində baxılacaq?

- Bu, məktəbdaxili bir məsələdir. Ancaq sınaq qiymətləndirməsi mükafatlandırmadan daha çox ümumi məlumat öyrənmə məqsədinə xidmət edir ki, biz problemlərimizi necə göz önünə gətirə bilərik. Biz bunu təsəvvür etmək istəyirik.

- Üstün nəticələr göstərən müəllimə məktəb direktoru qarşısında hansısa iddia ilə çıxış edə biləcəkmi ki, mən daha üstün nəticə göstərmişəm, dərs saatım da çox olmalıdır?

- Nə cənab nazirin əmrində belə bir şey var, nə də nazirliyin təlimat xarakterli məktubumuzda. Bu, təbii olaraq qaydaya salınan bir proses olacaq və burada hər hansı süni narazılıq, ya başqa bir hadisənin olacağını güman etmirik.

- Onda dərs bölgüsü məktəb direktorlarının öhdəsində qalır?

- Ümumiyyətlə, mən fikir vermişəm, son vaxtlar qəzet səhifələrində, elektron mediada məktəb direktorlarının rolu çox şişirdilir. Əslində isə belə deyil. Proses bizim bazamızda olacaq məlumatların və Bakı Şəhər Təhsil İdarəsinin nəzarəti altında keçiriləcək. Diqqəti ona çəkmək istəyirəm ki, burada söhbət nəbz yoxlamasından gedir. Bu, attestasiya deyil ki, hansısa sanksiya xarakterli tədbirlər həyata keçirilsin. Biz sadəcə olaraq ümumi attestasiyaya hazırlıq üçün, attestasiya öncəsi yoxlama aparmaq istəyirik. Mən deməzdim ki, məktəb direktorlarının sınaq qiymətləndirilməsində iştirak etməməsi problemdir. Çünki tədricən bu proses həm məktəb direktorlarını, həm məktəbi idarə edən digər şəxsləri əhatə edəcək. Məktəb direktorlarını sınaq qiymətləndirməsindən keçirsək, bütövlükdə onun idarəetmə fəlsəfəsi ilə bağlı təsəvvür formalaşmayacaq. Biz məktəb direktoruna daha çox idarəedici kimi baxırıq, sonra müəllim kimi. Məktəb direktorunun birinci, daha ciddi, bizə daha çox lazım olan idarəedici funksiyasını necə həyata keçirdiyini ölçmək lazımdır. Bakı şəhərindən sonra proses tədricən bölgələrdə də həyata keçiriləcək.

- Test tapşırıqlarının hazırlanması ilə bağlıdır. Bizdə olan məlumatlara görə, test tapşırıqlarının hazırlanması məktəb rəhbərliyi tərəfindən ayrı-ayrı müəllimlərə həvalə edilir.

- Siz bunu yaxşı bilirsiz ki, kütləvi sahələrin insanları üçün müəyyən prosesləri icra etmək bir sıra əlavə sualların yaranmasına gətirib çıxarır. Burada söhbət aşağı-yuxarı 30-32 min insandan gedir. Prosesin əhatə dairəsi çox böyükdür. Mən də müxtəlif media orqanlarında oxuyuram ki, guya müəllimlərə tapşırırlar ki, sualları yazın, deyirlər, guya bu test tapşırıqları metrolarda satılır, sualın biri 1 manatdır və s. Bunlar hamısı ictimai rəyə təsir etmək üçün boş yanaşmalar, boş cəhdlərdir. Heç bir sualın satılmasından və ya dərc olunmasından söhbət gedə bilməz. Yaxud, nə də heç bir məktəb direktorunun test tapşırıqları ilə bağlı öhdəliyindən söhbət gedə bilər. Bunlar gündəmə gəlmək üçün icad etdikləri söz-söhbətlər, şayiələrdir.

- Bəs, test tapşırıqları harada hazırlanır?

- Test tapşırıqları mütəxəssislər qrupu tərəfindən hazırlanır.

- Nazirliyin nəzdindədirmi?

- Sınaq qiymətləndirməsi nazirin əmri ilə olsa da, prosesi həyata keçirən Bakı şəhər Baş Təhsil İdarəsidir. Prosesin əsas qaynaq yeri məhz BBTİ-dir. Test tapşırıqları da onların cəlb etdiyi mütəxəssislər, testologiyanı bilənlər tərəfindən hazırlanır. Prosesə bu sahədə kifayət qədər təcrübəsi olanlar cəlb edilib ki, müəllimlərimizin sınaq qiymətləndirilməsində normal format olsun.

- Qapalılığına təminat varmı?

- Təbii ki. Prosesin yüksək səviyyədə hazırlanması və informasiyaların qorunmasına heç bir şübhə ola bilməz. Orada kifayət qədər ciddi rejimə riayət olunur.

- Test tapşırıqlarının hazırlanmasında Təhsil Problemləri İnstitutu və Kurrikulum Mərkəzinin mütəxəssisləri iştirak edir?

- Bu barədə mən məlumata malik deyiləm. Və güman etmirəm ki, əgər mənim məlumatım yoxdursa, kiminsə, ya da hansısa jurnalistin məlumatı olsun. Bu barədə yazılanlar doğru deyil.

- Yoxlama necə aparılacaq, avtomatlaşdırılmış qaydada?

- Bəli, tamamilə avtomatlaşdırılmış sistemlə keçiriləcək. Bakı şəhərinin 12 inzibati rayonunda, müəllimlərin yerləşmə məkanına uyğun olaraq bölgü aparılacaq. Müəllimlər yaşadıqları əraziyə yaxın yerlərdə imtahan verəcəklər. Sınaq qiymətləndirməsi 4 gün ərzində keçiriləcək; 10, 11 12 13-ü. Bildirişlərin verilməsinə başlanıb artıq. Nəticələr bəlli olduqdan sonra qısa müddətdə elan ediləcək.

- Onda belə çıxır ki, sınaq qiymətləndirilməsi daha çox müəllimlərin özünə güvəninin artması baxımından xeyirlidir.

- Tamamilə doğrudur. Müəllimlər öz üzərlərinə düşən missiyanı daha yaxından dərk etməlidirlər. Burada söhbət ancaq yeni yanaşmalardan gedir, hansısa cəza tədbirlərindən yox. Zəif nəticəsi olan müəllimin öz üzərində işləməsi üçün əlavə imkan veriləcək. Bu resursların yaradılmasında BBTİ yaxından cəlb olunacaq.

- Təcrübəli, illərlə pedaqoji sahədə çalışmış müəllimlər var ki, sınaq qiymətləndirməsini qəbul edə bilmirlər, onları da başa düşmək lazımdır...

- Mən anlayıram, yəni deyirlər, illərlə uşaqlara savad, bilik vermişik, bu qədər yetirmələrimiz var... Biz tamam əksinə, düşünürük ki, əməkdar müəllimlərimiz, təcrübəli müəllimlərimiz, digər ciddi təltifləri olan şəxslərin orada iştirak etməsi, yeni təcrübə qazanan müəllimlər üçün daha da böyük güvən yaradacaq, inam yaradacaq. Görəcəklər ki, fəxri adları, çoxillik təcrübəsi olmasına baxmayaraq bu müəllimlər də sınağa cəlb edilib. Əməkdar müəllimlərin imtahanlarda iştirak etməsi bizə əlavə güc verir. Burada bütün status imkanları bərabərdir. Biz bütün müəllimlərimizi yüksək statusa malik insanlar hesab edirik. Dəyərləndirmə, qiymətləndirmə kiminsə statusunu aşağı salmır.

- Bilirsiz, media nümayəndəsi kimi cəmiyyət arasında çox oluruq və bəzən belə iradlar eşidirik ki, sovet təhsil sistemini bəyənmirlər, amma hazırda vəzifə başında olan şəxslərə biz bilik, savad vermişik. İndi onlar - şagirdlərimiz bizi imtahana çəkəcək. Bunu, çoxillik pedaqoji stajı olan müəllimlər deyir...

- Belə deyək də. Biz hamımız müəllimlərimizə borcluyuq. Amma dünyada da bu praktika var, hər hansı qiymətləndirmə nəbz ölçməyə imkan verir. Biz statuslu müəllimlərlə yanaşı, status imkanları geniş olmayanları bu cərgəyə qoşmaq niyyətindəyik ki, onlar öz üzərlərində işləsinlər, əlavə resursları olsun. Və bu haqda bizim məlumatımız olsun ki, mövcud problemləri aradan qaldıraq.

- Sınaq qiymətləndirilməsi Dünya Bankının maliyyəsi əsasında keçirilir?

- Xeyr, burada heç bir maliyyələşdirmə yoxdur. BBTİ daxili resurslar hesabına həyata keçirir.

- Tədris ilinin uzadılması da çox müzakirə olunan bir mövzudur. Və sual da bundan ibarətdir ki, tədris ili uzadılırsa, niyə bəri başa - sentyabr deyil, sona - iyuna salınır?

- Ötən ilin dekabrında cənab nazir tərəfindən orta təhsilin prioritetləri elan edildi və tədris ilinin 2 həftə uzadılması qeyd olundu. Bildirildi ki, dünyanın inkişaf etmiş heç bir ölkəsində təhsillə bağlı tətil bu qədər uzun deyil. Bizim şagirdlər təxminən 105 gün ərzində baladarımız təhsil boşluğunu düşürlər. Təhsil müddəti uzun olduqca, sonrakı tədris prosesinə adaptasiyaları da kifayət qədər problemli olur. Araşdırmalardan sonra belə qərara gəlindi ki, tədris ili uzadılsın. Amma hansı müddətdə, iyun ayında, yoxsa sentyabda olacaq, bununla bağlı əlavə məlumat veriləcək. Biz Ekologiya və Təbii Sərvətlər Nazirliyindən aldığımız sorğuda əsasən sentyabr ayının ilk 2 həftələri ilə iyun ayının ilk iki həftəsi arasında temperatur fərqi demək olar ki, yoxdur. Bir neçə ilin temperatur ölçmələri nəzərə alınaraq qeyd olunur ki, hər iki həftələrdə temperatur 22 dərəcədir. Mən təbii baxıram. İllərlə sentyabrın 1-ni Bilik günü kiim qeyd etmişik. Cəmiyyətin alt şüurunda belə formalaşıb. Temperaturda ciddi bir fərq yoxdur.

- Amma sentyabr payız təsəvvürü yaradır, iyun isə yay.

- Şagirdlər iyun ayının 20-dək məktəbə gedib-gəlirlər.

- Əsasən buraxılış sinifləri, imtahanları olur...

- Yox, uşaqlar müəllimləri ilə görüşür, kitablarını qaytarırlar. Mən belə olmuşam. Kənd orta məktəbini bitirmişəm. Şagirdlər iyun ayının 10-na, 15-nə kimi məktəbə bu və ya digər səviyyədə gedib-gəlirlər. İyun ayının 20-dək məktəb həyatı o qədər də boş olmur. Elə deyilmi?

- (?).

- Mən şəxsən belə müşahidə etmişəm.

- Amma mən başqa şeyi müşahidə edirəm. May ayı gəldimi, dərslər demək olar ki, qurtarmış sayılır...

- Alt şüurda formalaşmış ənənə var. Bu da vaxtilə formalaşmış ənənə ilə bağlıdır. Sovet vaxtı mayın 25-i dərslər bitirdi...

- Cəsarət müəllim, siz də bilirsiz ki, son illər repititorluq o qədər inkişaf etdi ki, məktəblərdə, xüsusilə də buraxılış siniflərinin şagirdləri, demək olar, bütün tədris ili boyunca dərslərə gəlmirlər. Müəllim yanına, hazırlığa gedirlər. İyun ayında kim dərsə davam edəcək?!

- Aydındır. Bütün bunlarla bağlı əlavə məlumatlar veriləcək.

Məlahət Rzayeva