Bakıda çimərlik faciəsi: 3 oğlan dənizdə batdı

Son günlər çimərliklərdə ölüm hadisələrinin sayı artıb

 


Daha 3 nəfər suda bataraq ölüb. Lent.az-ın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, 12 yaşlı Namiq Nemət oğlu Nəzərov Bakının Xəzər rayonu hissəsində, nəzarət olunmayan ərazidə batıb. N.Nəzərovun cəsədi FHN-nin dalğıc-xilasediciləri tərəfindən aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.
28 yaşlı Elmar Davud oğlu Davudov isə Mərdəkan qəsəbəsi istiqamətində, Mil-Qaya adlanan nəzarət olunmayan ərazidə batıb. Hadisə yerinə dərhal FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Axtarışlardan sonra E.Davudovun cəsədi batdığı yerdən, təxminən, 50 metr məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bundan başqa bu gün Fövqəladə Hallar Nazirliyinin "112” qaynar telefon xəttinə 1997-сü il təvəllüdlü İlham İmran oğlu Hüseynovun Xəzər rayonu Şüvəlan qəsəbəsi istiqamətində (ən yaxın sularda xilasetmə məntəqəsindən, təxminən, 5 km məsafədə, nəzarət olunmayan ərazidə) dənizdə batması barədə məlumat daxil olub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub və axtarışlara başlanılıb. E.Hüseynovun cəsədi batdığı yerdən, təxminən, 200 m məsafədə dalğıc-xilasedicilər tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.