Azərbaycan-İran sərhədində görünməmiş rəzalət: Vətəndaşlarımızı dəmir qəfəsə saldılar






İyunun 11-də Azərbaycandan İrana getmək istəyən vətəndaşlarımız böyük əngəllə üzləşiblər. Müalicə üçün İrana gedən azərbaycanlılar Astara Gömrük keçid məntəqəsində saatlarla gözləməli olublar.

Bu barədə "Yeni Müsavat"a məlumat verən daimi oxucularımızdan biri qeyd edir ki, Azərbaycanın sərhəd keçid məntəqəsindən keçdikdən sonra İran sərhədçiləri onları hər tərəfi bağlı qəfəsdə saatlarla gözlədiblər: "Elə bil cinayətkar tutublar. Salıblar, bizi dəmir qəfəsə heç yerə tərpənə bilmirik. Neçə saatdır ki, gözləyirik, xəstələrin halı daha da pisləşdi".

Oxucumuzun sözlərinə görə, İran sərhədçiləri əvvəlcə onlara növbənin dəyişdiyi üçün yarım saat gözləməli olduqlarını bildiriblər. Əksəriyyəti ağır xəstə olan və müalicə üçün İrana getmək istəyən vətəndaşlarımıza daha sonra bildirilib ki, sərhəd nahardan sonra açılacaq. Nəticədə sərhəddə ucu-bucağı görünməyən növbə yaranıb.

Qeyd edək ki, sərhəddə təkcə piyada keçid məntəqəsi bağlanmayıb. Eyni zamanda yük maşınlarının yoxlanaraq, keçdiyi məntəqə də 4 saata yaxın bağlı olub.