Türkiyənin Baş Konsulluğu terrorçuların hücumuna məruz qalıb

Baş konsul da daxil olmaqla, 48 nəfər girov götürülərək naməlum istiqamətə aparılıb





Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğuna basqın edən "İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror təşkilatı diplomatik nümayəndəlikdə olan 48 nəfəri girov götürüb. Türkiyə xəbər agentliklərinin verdiyi məlumata görə, girov götürülənlərin 2-nin uşaq, 3-nün qadın, 14-15-nin konsulluq işçisi, digərlərinin isə konsulluğu mühafizə edən xüsusi təyinatlılar olduğu bildirilir.

Onların hamısı İŞİD tərəfindən naməlum istiqamətə aparılıb. Girov götürülmə olayını İŞİD özü də təsdiqləyib. Hadisə ilə əlaqədar Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Ankarada kəşfiyyatın rəhbəri Hakan Fidan və bəzi nazirlərin iştirakı ilə fövqəladə toplantı keçirib. Toplantıya Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının əməliyyat idarəsi rəisinin də qatılması diqqət çəkib. Bu fakt Türkiyə rəhbərliyinin İraqın şimalında İŞİD-ə qarşı hərbi əməliyyat keçirmək ehtimalını da düşündüyünü göstərir. Olayı ABŞ-da öyrənən Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Nyu-Yorka səfərini yarıda kəsərək ölkəyə dönməyə qərar verib.

Türk diplomatları qaçıran terrorçular bəyanat yaydı

Türkiyənin İraqın Mosul şəhərindəki Baş Konsulluğunu ələ keçirən terrorçular bəyanat yayıb. Terrorçular bildirib ki, konsulluqda çalışan diplomatlar onların əlindədir.

"Türk diplomatları girov götürmüşük. Onları heç kimin bilmədiyi yerə aparırıq”, deyə "İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror təşkilatının silahlıları bildirib.

Xatırladaq ki, İraqın şimalındakı Mosul şəhərini nəzarətə götürən "İraq Şam İslam Dövləti” (İŞİD) adlı terror təşkilatının silahlıları Türkiyənin bu şəhərdəki Baş Konsulluğunun binasını ələ keçirib. İŞİD təxminən 900 nəfərlik qüvvə ilə konsulluq binasına basqın edib. Baş konsul Öztürk Yılmaz və digər diplomatların girov götürüldüyü bildirilirdi.

İŞİD Türkiyə Baş Konsulluğunu necə ələ keçirdi?

Xüsusi mühafizəsi olan Türkiyənin Mosuldakı Baş Konsulluğunu İŞİD-in necə ələ keçirildiyi barədə məlumat yayılb. Axar.az xəbər verir ki, İŞİD-in hücumu zamanı konsulluğun işçiləri qapıları açmayınca binanın bombardman ediləcəyi barədə təhdid edilib. Bundan sonra türkiyəli mühafizəçilər qapıları açmaq məcburiyyətində qalıblar. Qeyd edək ki, İŞİD iraqlı işçilərə toxunmayıb, ancaq 3 uşaq, konsulluğun 15 işçisi və 30 xüsusi mühafizə dəstəsinin polisi girov götürülüb.

İraq işğal edilir: Səddam Hüseynin şəhəri də ələ keçirildi

İraq-Şam İslam Dövləti Suriyanın ardından İraqı da cənginə almağa başlayıb. Axar.az xəbər verir ki, 6-7 min əsgəri gücə sahib olan İŞİD Mosulu ələ keçirdikdən sonra cənuba doğru irəliləyir. İŞİD-in İraqın içərilərinə doğru irəliləməsi xəritə üzərində daha aydın əks olunub. Qeyd edək ki, İŞİD 2004-cü ildə "Tövhid və Cihad” adıyla Əbu Musa Zərkavi tərəfindən İraqda yaradılıb. Sonra Usamə bin Laden liderliyindəki Əl Qaidəyə qatılıb. Əl Qaidəyə qatıldıqdan sonra adını "Mesopotamiyada Əl-Qaidə” olaraq dəyişdirib.

Mosul və Kərkükün bəzi bölgələrini ələ keçirən İraq Şam İslam Dövləti dünən də İraqın sabiq lideri Səddam Hüseynin doğulduğu Tikrit şəhərini nəzarət altına alıb. Tikrit Şimali İraqda Mosuldan sonra tamamilə ələ keçirilən ikinci şəhər olub. Salahaddin vilayətinin paytaxtı olan Tikrit, Mosul ilə İraqın paytaxtı Bağdadın tam ortasında bir kouma sahib.

Təhlükəsizlik rəsmilərinin verdiyi məlumata görə, İŞİD xadimləri şəhərin şimalı, qərbi və cənubundan nəzarəti ələ keçirib. İŞİD-in 300-ə qədər nümayəndəsi isə həbsxanadan azad edilib.

Mosulu tutan başkəsənlər bankdan yarım milyard dollar ələ keçirdi

İraqın şimalındakı Mosul şəhərini ələ keçirən "İraq Şam İslam Dövləti” (İŞİD) radikal islamçı qruplaşmasının yaraqlıları dünyanın ən varlı terrorçu təşkilatına çevriliblər. Virtualaz.org saytı xəbər verir ki, yaraqlılar Mosul banklarından 429 milyon dollar nağd pul ələ keçiriblər.

"İnternational Business Times” xəbər verir ki, bu qədər puldan əlavə İŞİD yaraqlılarının əlinə böyük miqdarda qızıl külçələri də keçib.Mosul şəhərinin yerləşdiyi Naynava əyalətinin qubernatoru bildirib ki, banklarda nə qədər qızılın olduğu dəqiq məlum deyil, ancaq söhbət yüz kiloqramlarla qızıldan gedə bilər.

İŞİD yaraqlıları Mosulda həmçinin aeroportu, həbsxananı, hərbi bazanı və bütün inzibati binaları tutub, binaların üzərindən qara bayraqlar qaldırıblar.