“Ermənistanı “cəsarətləndirən” Rusiyadır”

“Erməni generalının bəyanatı iki ölkə arasında gedən informasiya savaşının tərkib elementidir”



Rusiya ordusunun iştirakı ilə torpaqlarımızın iyirmi faizini işğal edən və məhz Kremlin havadarlığı ilə 20 ildən artıqdır möhkəmlənməyə çalışan Ermənistan Azərbaycana qarşı "əzələ” nümayiş etdirir. Xüsusən də, Dağlıq Qarabağın qaytarılması istiqamətində Azərbaycan iqtidarı ilə Kreml arasında gizli danışıqların olduğuna dair yayılan söz-söhbətlər düşmənlərimizi əməlli-başlı vahiməyə salıb.

Məhz bu səbəbdən də ermənilər "orda-burda” Azərbaycana qarşı hücuma hazırlaşdıqlarına dair bəyanatlar verirlər. Bu cür açıqlamalardan birini də erməni generalı Arkadi Ter- Tadevosyan verib. "Azərbaycan tərəfinə Ermənistanın tutarlı zərbəsi hazırlanır”- deyən erməni generalı bildirib ki, Azərbaycan özünün enerji və digər üstünlüklərinə görə müharibəni başlada bilməz. Bu səbəbdən də rəsmi Bakı sadəcə olaraq, Dağlıq Qarabağın həllini öz xeyrinə həll etməyə çalışır: "Ermənistan gərək cavab versin ki, onun zəifliyi haqqında heç bir təsəvvür yaranmasın”.

Təbii ki, erməni generalının sayıqlamaları bizim üçün elə də bir təhdid xarakteri daşımır. Necə deyərlər, "İt qorxduğu yerə hürər”.

Sadəcə olaraq, bölgədə baş verən gərgin proseslər fonunda Ermənistanı bu cür "cəsarətləndirən” amilin nə olduğu maraqlıdır?

Politoloq Sülhəddin Əkbər isə hesab edir ki, erməni generalının bəyanatı iki ölkə arasında gedən informasiya savaşının tərkib elementidir: "Azərbaycanla Ermənistan faktiki olaraq, müharibə şəraitində yaşayır. Savaş vəziyyətində olan ölkələr arasında isə hər zaman informasiya müharibəsi gedir. Erməni generalın sözügedən bəyanatları da bir növ həmin savaşın bir elementidir. Son dövrlər regionda geopolitik vəziyyət olduqca kəskinləşib. Bu da istər-istəməz Azərbaycan-Ermənistan arasındakı Dağlıq Qarabağ münaqişəsinə də təsir edir”.

Analoji açıqlamaların bir çox hallarda Azərbaycan tərəfindən də səsləndirildiyini vurğulayan politoloqun qənaətincə, hərbi ritorikanın sərtləşməsi mövcud hərbi- siyasi situasiyalarda gözləniləndir.

Son zamanlar regionda baş verən proseslərdən dolayı Dağlıq Qarabağ probleminin həlli istiqamətində Azərbaycan-Rusiya yaxınlaşması barədə yayılan məlumatlara toxunan S.Əkbərin sözlərinə görə, Ukrayna ətrafında cərəyən edən proseslər və yaranmış böhran Krımın Rusiya tərəfindən ilhaqı, Donetskidə və Luqanskda baş verən proseslər, eyni zamanda 2008-ci ildəki Gürcüstan böhranı və Dnestryanı ərazilərdə baş verən hadisələr birmənalı olaraq onu göstərdi ki, bütün bu konfliktlərin arxasında Kreml dayanıb. Bunu artıq aparıcı dünya ölkələri də anlayıb: "Rusiya tərəfindən ortaya atılan və "dondurulan”, idarəolunan konfliktlərin Avropa Təhlükəsizliyi üçün nə qədər böyük bir təhdid olduğu artıq meydana çıxıb. Bu səbəbdən də Dağlıq Qarabağ konfliktinin aradan qaldırılması istiqamətində səylər edilməkdədir. Bu səylər isə həm ABŞ, həm Fransa, həm də Rusiyanın özü tərəfindən irəli sürülən yeni təşəbbüslərdə də özünü göstərir. Amma münaqişənin həlli istiqamətində səylər göstərmək, təşəbbüslər qaldırmaq və danışıqlar prosesini sürətləndirmək başqa bir şeydir, real nəticə əldə etmək tamam başqa bir məsələdir”.

Hər nə qədər aktivlik hiss olunsa da, regionda hərbi- siyasi durumun kəskinləşdiyi bir vaxtda münaqişənin həlli ilə bağlı ciddi bir nəticələrin əldə olunmayacağını vurğulayan politoloq təəssüflə qeyd edib ki, bəzən ölkə mətbuatında həm jurnalistlər, həm də siyasətçilər tərəfindən Dağlıq Qarabağ probleminin həllinə Rusiya Azərbaycana yardımçı olacaq kimi fikirlər səslənməkdədir: "Hətta bəzi siyasilər iddia edir ki, rəsmi Bakı Rusiyanın hərbi bazalarının Azərbaycanda yerləşdirilməsinə belə razılıq verməlidir. Yaxşı, onda sual olunur ki, bu müharibələr nədən ötrü idi? Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda on minlərlə insan əbəs yerə öz həyatını fəda edib? Boşu- boşuna bir milyon insan qaçqın düşdü, Qarabağ və ətraf rayonlar viran qaldı?

Azərbaycan Rusiyanın tərkibində qalan idisə, minlərlə insan niyə meydanlara axın etdi? Qalardıq da, Rusiyanın tərkibində. Bu müsibətlərin də heç biri başımıza gəlməzdi. Əgər kimsə düşünür ki, Rusiya Dağlıq Qarabağı Ermənistandan alıb, Azərbaycana verəcək, çox yanılır. Rusiyanın bir amalı var, o da Azərbaycanın SSRİ-nin yerində yaradılan yeni imperiyanın tərkibinə qatılmasıdır. Belə çıxır ki, biz qanla əldə etdiyimiz azadlığımızı, suverenliyimizi öz əllərimizlə Kremlə təslim etməliyik?”.

Şəymən