Kılıcdaroğlu doğru deyir

Ərdoğanın telefon danışıqları faktla sübut olunur



Türkiyəli baş nazir Rəcəb Tayyib Ərdoğanın oğlu ilə danışdığı telefonların nömrələri açıqlanıb. Ölkənin müxalif partiyalarından olan CHP lideri Kamal Kılıcdaroğlu ötən ilin dekabrında rüşvət və korrupsiya əməliyyatlarından sonra ölkəni qarışdıran səs yazısının montaj olmadığını bəyan edib.

Ərdoğanla oğlu və həyat yoldaşı Sümeyyə Ərdoğan arasında olan telefon danışıqlarının nə zaman və hansı nömrələrdən aparıldığını müəyyənləşdirilib. Qeyd edək ki, həmin səs yazısında baş nazir Ərdoğanla oğlu Bilal arasında baş tutan danışıqlarda əldə olan külli miqdarda nəğd pulun necə gizlədilməsindən danışılırdı. Ancaq bir neçə gün əvvəl Ankara məhkəməsi tərəfindən yaradılan ekspert qrupu həmin səs yazısının montaj olduğunu deyib. Əksər türkiyəli siyasilər isə hesab edirlər ki, CHP liderinin məsələni yenidən qabartması ölkədə növbəti ildə baş tutacaq prezident seçkilərində AKP hökumətinin nüfuzunu aşağı salmağa və sosial bazasını zəiflətməyə hesablanıb.

CHP liderinin addımlarını müsbət dəyərləndirən politoloq Qabil Hüseynli "Şərq”ə açıqlamasında qeyd edib ki, ölkədə kriminal hadisə baş verirsə, müxalifət ona sərt reaksiya verməlidir. Bu normal haldır: "Kılıcdaroğlu doğru edir. Hadisələrə seyirçi vəziyyətində qalmalı deyil. Qalmır da. Bunun seçkiöncəsi Ərdoğanı nüfuzdan salmaq üçün nəzərdə tutulmasını düşünmürəm. Çünki ortada faktlar var. Bu faktlar millətin taleyi ilə əlaqədardır. Müxalifət də bunun üstünə getməlidir. Belə olmayacaqsa, CHP millət qarşısında etimadını itirmiş olacaq. "Kılıcdaroğlu bu yolla Ərdoğanın siyasi nüfuzuna zərbə vurmaq istəyir” deyənlərin özləri cinayətlərini gizlətməyə çalışır”.

Ayyət Əhməd