Ermənistanın bağlı yolları açılmayacaq

Türkiyə Azərbaycanın haqlı mövqeyini sonadək müdafiə edəcək




Türkiyə-Ermənistan sərhədinin açılması yenidən gündəmə gəlib. Görünür, məsələnin tez-tez aktuallaşmasında məqsədli qüvvələr var. Həmin qüvvələr iddia edirlər ki, tərəflər sərhədlərin açılması istiqamətində rəsmi danışıqlara getməsələr də, gizli təmaslar qurulur. Qardaş ölkənin məsələyə meyilli olduğunu bildirirlər.

Onu da qeyd edək ki, rəsmi Ankara dəfələrlə vurğulayıb ki, sərhədlərin açılması Azərbaycanın ərazi bütövlüyü çərçivəsində mümkündür. Dağlıq Qarabağ Ermənistan tapdağından azad olmayınca, sərhədlər bağlı qalacaq. Sərhədlərin açılması barədə son durumu şərh edən "Atlas” Araşdırmalar Mərkəzinin sədri Elxan Şahinoğlu qeyd edib ki, Azərbaycanın maraqlarını nəzərə almadan qardaş ölkənin belə addım atması inandırıcı deyil: "Türkiyənin baş naziri dəfələrlə nümayişkaranə şəkildə vurğulayıb ki, Dağlıq Qarabağ münaqişəsinin həllində irəliləyiş olmadan sərhədlər açılmayacaq, ermənilərlə diplomatik münasibətlər qurulmayacaq. Amma buna baxmayaraq müəyyən təmas, fikir mübadilələri ola bilər”. Politoloqun qənaətincə, işğalçı ölkə bu istiqamətdə siyasi iradə ortaya qoymalıdır: "Ermənistanın Gürcüstanla birbaşa əlaqəsi yoxdur. Ermənistana Rusiya üzərindən gələn mallar baha başa gəldiyindən, onlar da sərhədin açılmasına səy göstərirlər. Bu baxımdan sərhəd açılarsa, Ermənistan Türkiyə üzərindən Avropa bazarına çıxış əldə edəcək. Bütün bu məsələlərin həlli üçün Ermənistanda gərək siyasi iradə ortaya qoysun. Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması kimi ilkin addımlar atılmalıdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin nizamlanma mərhələsinə qədəm qoysun. Bu olmayacağı halda sərhədlərin açılmasından söhbət belə gedə bilməz”.

Məsələdə rəsmi Ankaranın mövqeyinin dəyişmədiyini deyən Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli söyləyib

ki, qardaş ölkə düşmən qarşısına konkret şərt qoyub: "Şərt ondan ibarətdir ki, Ermənistan işğalçılıq planlarından əl çəkməlidir. Torpaqlarımızdan çıxmalıdır. Türkiyə israr edir ki, sərhədlər yalnız Azərbaycan torpaqları işğaldan azad olunduğu təqdirdə açıla bilər”.

Ayyət Əhməd