Kremlin qapısını döyməyə ehtiyacımız yoxdur

Azərbaycanın, Putinin Avrasiya İttifaqına qatılması çox riskli addım olar



"Ukraynanın Avrasiya Birliyində olmamasını yalnız Azərbaycan kompensasiya edə bilər”. Bu sözləri "EvrAzEs” İnstitutunun direktoru Vladimir Lepyoxin deyib. Lepyoxin bildirib ki, Azərbaycan və Ermənistanın Avrasiya Birliyinə eyni vaxtda qoşulması təkcə birliyin yeni inteqrasiya səviyyəsinə çıxması demək deyil. Bu, həm də Azərbaycan və Ermənistan arasındakı problemin həlli və münasibətlərin normallaşması, eləcə də Cənubi Qafqazda siyasi sabitliyin təmin edilməsi deməkdir”. V.Lepyoxinin sözlərinə görə, Qərb siyasətçiləri Qafqaz regionunun vacibliyini yaxşı başa düşürlər.

Ona görə də, onlar Azərbaycan və Ermənistan arasında gərginliyin saxlanılması, Dağlıq Qarabağ problemi ətrafında vəziyyətin gərginləşdirilməsi üçün əllərindən gələni edirlər. Rusiya Dumasının MDB ölkələri ilə əlaqələr üzrə komitəsinin təmsilçisi Leonid Slutskiy isə bildirib ki, Azərbaycan Avrasiya layihəsini diqqətlə izləyir və nəzəri olaraq gələcəkdə bu təşkilata qatılmaq imkanlarını mümkün sayır”. Qeyd edək ki, Rusiya KİV-lərində yayılan məlumatlara görə, Moskva sözügedən birliyə girməsi üçün Azərbaycana rəsmi müraciət edib. Əslində Azərbaycan Avrasiya İttifaqına üzv olmaq niyyətində olmadığını müxtəlif səviyyələrdə bir neçə dəfə bildirib. Ancaq görünür, Kreml Azərbaycanı əldən buraxmaq fikrində deyil. Həmçinin, bu məsələnin Rusiya xarici işlər naziri Sergey Lavrovun Bakıya iyunun 17-də başlayacaq səfərində müzakirə mövzusu olacağı gözlənilir. Məsələni şərh edən ekspertlər isə fərqli düşüncədədir.

Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Mübariz Qurbanlı Azərbaycanın Avrasiya İttifaqına qoşulması ehtimalına münasibət bildirərkən deyib ki, Azərbaycan hər hansı ittifaqın yaranmasına qarşı deyil. Ancaq bu məsələyə dövlətimizin münasibəti bəllidir: "Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən ölkənin mövqeyi açıqlanıb. Bizim mövqeyimiz dəfələrlə səsləndirilib. Hansı ölkə istəyir, ittifaqlara daxil ola bilər, amma bizim ora qoşulmaq istəyimiz yoxdur”. M.Qurbanlı Rusiya prezidenti Putinin Azərbaycana sözügedən ittifaqa qoşulması ilə bağlı etdiyi dəvətdən xəbərsiz olduğunu deyib: "Rusiyanın müraciəti ilə bağlı məlumatım yoxdur. Belə bir müraciət varsa, yəqin ki, müvafiq qurumlarımız mövqe bildirəcək. Mənim səlahiyyətim yoxdur ki, hansısa bir ölkənin müraciətinə dövlət adından mövqe nümayiş etdirim”.

Rusiyanın Azərbaycanı Avrasiya İttifaqına cəlb etməsilə bağlı danışan sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə Rusiyanın vəziyyətinin hazırda ağır olduğunu bildirib: "Azərbaycan rəhbərliyi balaca uşaq deyil ki, onu kimsə tovlasın. Bu dəqiqə hər kəs dünyada və regionda olan vəziyyəti gözəl təsəvvür edir. Rusiyanın vəziyyəti ağırdır. O, təklənib və Çin də ondan imtina edib. Bu vəziyyətdə Azərbaycanı aldatmaq mümkün olmayacaq. Məsələ orasındadır ki, Avrasiya İttifaqı Putin tərəfindən Qərbin əleyhinə düzəldilən birlikdir. Özü də bu, könüllü birlik deyil. Əgər könüllü birlik olsaydı, Azərbaycan gərək Kremlin qapılarını çoxdan sındırardı ki, bəs bizi nə zaman qəbul edəcəksiniz? Azərbaycana ən böyük problemi torpaqlarının 20 faizini işğal etməklə Kreml yaradıb. Mən hələ bundan əvvəlkiləri demirəm. Rusiya-Azərbaycan münasibətlərini təhlil edərkən bu faciələrin hamısı ilə birgə analiz etmək lazımdır”.

Politoloq Azərbaycan hakimiyyətinin Rusiyanın ona verəcəyi vədlərə inanmayacağını qeyd edib: "Hesab edirəm ki, Azərbaycan nə Gömrük İttifaqına, nə də Avrasiya İttifaqına girəcək. Biz Ermənistanla birgə hansı ittifaqda ola bilərik? Bəlkə Lavrov deyəcək ki, siz daxil olun, sonra həll edərik. Buna heç kəs inanmayacaq. Biz daxil olub səlahiyyətlərimizi Rusiyaya verəndən və onun

yenidən koloniyasına çevriləndən sonra Qərb də bizdən üz döndərəcək. O zaman baxın bizim Rusiya ilə münasibətlərimiz nə qədər zəif olacaq. İndi ayaqlarımız Şərqlə Qərbdədir. Amma ayağımızın birini Qərbdən çəkəndən sonra balanslı siyasət yürüdə bilməyəcəyik”.

Politoloq Zəfər Quliyev isə bildirib ki, Putinin Avrasiya İttifaqına qoşulmaq üçün Azərbaycana dəvət göndərməsi xəbəri rəsmən təsdiqlənərsə, bundan təəccüblənməyəcək: "Rusiya xarici işlər naziri Sergey Lavrovun və baş nazirin müavini Dmitri Roqozinin Azərbaycana səfəri planlaşdırılır. Heç şübhəsiz ki, bu səfərlər təsadüfi deyil və Azərbaycana müəyyən təkliflər, dəvətlər olacaq. Rusiya Azərbaycanı Avrasiya İttifaqında görmək istəyir. Buna görə də, Azərbaycana bununla bağlı dəvətlərin olacağı gözləniləndir”. Z.Quliyev hesab edir ki, indiki mərhələdə Rusiyanın Azərbaycana belə bir dəvəti şirnikləndirici vədlərlə müşayiət oluna bilər: "Ən əsas vəd isə Dağlıq Qarabağla bağlı ola bilər. Rusiya Qarabağın Azərbaycana qaytarılmasında maraqlı olmasa da, bu məsələnin həllində imkanları genişdir. Bu baxımdan Azərbaycanı ələ almağa çalışacaq”.

Rəsmi Bakının bu məsələdə hansı mövqe tutmalı olduğuna gəlincə isə ekspert hesab edir ki, Azərbaycan Rusiyanın bu cür vədlərinə inanmamalıdır. Politoloqun fikrincə, Avrasiya İttifaqına qoşulmaq riskli addım olar: "Bu ittifaqa qoşulmaq iqtisadi cəhətdən bizə heç nə vəd etmir. Çünki qurumun iqtisadi perspektivi yoxdur”. Z.Quliyev deyir ki, Rusiyanın təklifindən imtina etmək üçün Azərbaycanın kifayət qədər arqumentləri var: "Azərbaycan mövqeyini kifayət qədər əsaslandıra bilər ki, Qarabağ məsələsi tam həll olunmadan Ermənistanla hər hansı birlikdə təmsil oluna bilməz. Eyni zamanda indiyə qədər hakimiyyət ölkəni Avrasiya İttifaqına qoşmaq niyyətində olmadığını dəfələrlə açıqlayıb. Ukraynaya hərbi müdaxilədən sonra dünyada aqressor dövlət kimi qəbul olunan Rusiyanın imicinə ciddi zərbə dəyib. Bütün dünya bu addımına görə, Rusiyanı qınayır, onu başqa bir dövlətin ərazisinə hərbi müdaxilədə ittiham edir. Belə bir məqamda Rusiyanın Azərbaycana hər hansı müdaxiləsi mümkün görünmür. Rusiya Azərbaycana hər hansı müdaxilə ilə imicini daha da korlaya və maraqlarını zərbə altında qoya bilər”.

İsmayıl