Urmiya gölünü elə qurudublar ki...

...Əgər şiddətli duz küləyi qalxsa, orada yaşayan 5 milyon insanın təsərrüfatı dağılacaq və 14 milyon adam yerindən dərbədər olacaq





İyunun 9-da İranın Qərbi Azərbaycan vilayətinin mərkəzi Urmiya şəhərində 10 azərbaycanlı fəal həbs edilib. Məlumata görə, onlar hazırda İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) Urmiya şöbəsinin təcridxanasında saxlanılır. Azərbaycanlı fəalların həbsinin səbəbləri məlum olmasa da, onların iyun ayının 12-nə planlaşdırılan kütləvi aksiyaya görə həbs olunduqları ehtimal olunur.

Qeyd edək ki, İran prezidenti Həsən Ruhaninin Urmiya gölünün qurumasının qarşısının alınması ilə bağlı verdiyi vədlərə əməl etməməsi soydaşlarımızın ciddi etirazına səbəb olub. Bu məqsədlə soydaşlarımız kütləvi aksiya keçirməyi planlaşdırıblar. İyun ayının 12-nə planlaşdırılan aksiyadan danışan Dünya Azərbaycanlıları Konqresi (DAK) Daimi Şurasının sədri Əjdər Tağızadə deyir ki, fars rejimi etiraz aksiyasına mane olmaq üçün bütün vasitələrə əl atacaq. Bu baxımdan etirazın kütləvi hal alacağı güman edilmir: "Urmiya gölünün quruması ilə bağlı milli maraqlarımızı müdafiə edən bir qrup gənc tanınmış ictimai xadimlərə, millət vəkillərinə müraciət ediblər. Hətta bir neçə Quzey Azərbaycandan olan fikir adamlarına, millətçi şəxslərə də məktub göndəriblər. Ancaq fars rejimi onların fəaliyyətini və məqsədini öyrəndiyinə görə, azərbaycanlı fəalları həbs edib. Bu rejim o qədər qəddar və kinli siyasət yeridir ki, hələ aksiyada iştirak etməmiş gəncləri həbs edir. Halbuki buna əsas yoxdur. İndi gənc soydaşlarımıza həbsxanada işgəncə verəcək, onları incidəcəklər. Acı da olsa, artıq azərbaycanlılar farsların zülmünə öyrəşiblər. Belə bir şəraitdə aksiyanın kütləvi hal alacağı və bunun hansısa nəticə verəcəyi inandırıcı deyil”.

Ə.Tağızadənin sözlərinə görə, İran hökuməti Urmiya gölünü elə qurudub ki, bütün vasitələri sınaqdan keçirsə belə, ancaq 30 ildən sonra gölün vəziyyətini birtəhər düzəldə bilər: "Vəziyyət çox kritikdir. Bunu fars rejimində təmsil olunan hökumət adamları özləri də etiraf edirlər. Gölün tamamilə quruduğunu deyən dövlət nümayəndələri bildirirlər ki, əgər şiddətli duz küləyi qalxsa, orada yaşayan 5 milyon insanın təsərrüfatı dağılacaq və 14 milyon adam yerindən dərbədər olacaq. Ancaq hazırda İranın başı öz daxili və xarici siyasətinə qarışıb. Onların Güney azərbaycanlılarının problemləri ilə maraqlanmağa, onların etirazlarını nəzərdən keçirməyə nə vaxtları, nə də imkanları var. Baxmayaraq fars rejiminə qarşı sanksiyalar, təzyiqlər var, amma İranın Azərbaycana, oradakı kütləyə qarşı yürütdüyü siyasətdə heç bir müsbət dəyişiklik yoxdur”.

İsmayıl