Reydlə iş bitmir

Avtobus sürücülərinə hər gün nəzarət olmalıdır





Dünən Bakıda qayda pozan avtobus sürücülərinə qarşı genişmiqyaslı reyd keçirilib. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polkovnik-leytenant Vaqif Əsədovun mətbuata açıqlamasına görə, Bakı Şəhər DYPİ-nin şöbə və bölmələrinin, habelə, paytaxtın rayon DYP şöbələrinin əməkdaşlarından ibarət geniştərkibli qrup paytaxtın əsas küçə və prospektlərində reyd keçirərək qayda pozan avtobus sürücülərinə qarşı müvafiq tədbirlər görüblər.

Son vaxtlar Bakı şəhəri ərazisində ictimai nəqliyyat vasitələrinin sürücüləri tərəfindən yol hərəkəti qaydalarının tezt-tez pozulması, onların iştirakı ilə törədilən qəzalar və bu qəzaların ağırlıq dərəcəsinin artmasının ciddi narahatlıq doğurduğunu vurğulayan bölmə rəisi deyib ki, avtobus sürücüləri arasında nizam-intizamın möhkəmləndirilməsi, yol-nəqliyyat hadisələrinin sayının minimuma endirilməsi məqsədilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi rəhbərliyinin göstərişi ilə yaradılmış qrup paytaxtın küçə və yollarında ictimai nəqliyyat vasitələrinin marşrutunu izləyir və törədilən qayda pozuntularını aşkar edərək ona uyğun tədbirlər görür. Sadəcə, bir gün ərzində avtobusu yolların hərəkət hissəsində, ikinci cərgədə, dayanacaqdan kənarda saxlayan 60-dan artıq sürücü barəsində inzibati protokol tərtib edilib. İşıqforun qırmızı işığında hərəkət edən 4 avtobus sürücüsü də cəzalandırılıb. Bundan başqa, sürücülük vəsiqəsi və digər sənədləri qaydasında olmayan 60-a yaxın avtobus sürücüsü barəsində də inzibati qaydada tədbir görülüb. Bu tədbirlər avtobus sürücüləri arasında nizam-intizam qaydasına düşənə qədər davam etdiriləcək.

DYP tərəfindən keçirilən reydləri müsbət addım kimi dəyərləndirən nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynovun sözlərinə görə, məsuliyyətsiz sürücülərə qarşı bu cür tədbirlərin həyata keçirilməsi zəruridir. Amma bu məsələnin də bir "əmma”sı var: "Hesab edirəm ki qayda- qanunu pozan sürücülərə qarşı nəzarət mexanizmi hər gün həyata keçirilməlidir. Bunun üçün xüsusi reydlərin keçirilməsi vacib deyil. Şəhərimizdə addımbaşı kameralar quraşdırılıb. Nəqliyyat Nazirliyi intellektual idarəetmə sisteminə milyonlarla vəsait xərcləyib, amma avtobus sürücüləri yenə də şəhərdə at oynadır. Halbuki DYP əməkdaşları da, nəqliyyat müfəttişləri də bütün günü küçələrdə olurlar. Maraqlıdır, avtobus sürücülərinə yalnız reydlər zamanı nəzarət olunacaqsa, qalan gün onların işinin, gücünün adı nədir?”.

Marşrut sürücülərini "hoqqabaz” adlandıran ekspertin sözlərinə görə, DYP reydlərə başlayan kimi onlara xəbər gedir ki, polis sizi nəzarətə alıb, özünüzü yığışdırın: "Bu "hoqqabaz”lar qayda-qanunları hər gün pozur, hər gün sərnişinlərin əsəbləri ilə "oynayır”lar axı! Sərnişin daşıma şirkətlərinin sayı elə də çox deyil. Polisin reyd keçirməsi ilə bağlı xəbər yayılan kimi bir-bir şirkətlərə bu barədə xəbər çatdırılır. Ən azından mediadan bu barədə məlumat alırlar və bir az intizamlı olurlar. Buna rəğmən bir gündə 60-dan çox sürücü cərimələnibsə, görün adi günlərdə vəziyyət hansı səviyyədə olar? Ona görə deyirəm ki, reydlərdən əlavə hər gün avtobus sürücülərinə ciddi nəzarət olunmalıdır. Biz qılınc müsəlmanıyıq axı? Hər gün nəzarət olmasa, xeyri yoxdu. Adətən ictimai nəqliyyatda özbaşınalıq pik həddə çatanda DYP reydlərə başlayır. Əgər nəzarət mexanizmi müntəzəm olaraq, həyata keçirilsə, problem pik həddə qədər gəlib çatmaz. Şərtdir ki, mediada "sərnişin avtobusu körpüdən aşdı” yazılandan sonra problem yada düşsün! Axı avtobus sürücülərinin şəhərdə hansı oyunlardan çıxdığını onlayn şəkildə monitorlar göstərir”.

Reydləri hər nə qədər müsbət hesab etsə də, ekspert problemin kökündən həllinə yönəlik yanaşma olmadığını vurğulayıb: "Bu cür reydlər bir növ kosmetika xarakterlidir. Yağış yağan kimi bütün eybəcərliklər üzə çıxacaq. Əgər problemi doğrudan da aradan qaldırmaq istəyiriksə, məsələyə kökündən yanaşmalıyıq. Aidiyyəti qurum sərnişindaşıma ilə məşğul olan şirkət rəhbərliyini bir araya yığmalı, hər birinə təlimatlar verməlidir. Hətta sərt şəkildə deyilməlidir ki, qanunda vəziyyət bu cürdür. Xoşuna gələn işləsin, gəlməyənə də yaxşı yol!”

Şəymən