Leysan Goranboyun 45 kəndində fəsadlar yaradıb





Bir neçə gündür respublikanın qərb bölgəsində hava şəraitinin yağmurlu keçməsi Goranboy rayonunda da bir sıra fəsadlara yol açıb.

APA-nın qərb bürosunun verdiyi məlumata görə ötən gecə rayon ərazisinə yağan leysan kəndlərdə təsərrüfatlara xeyli ziyan vurmaqla yanaşı, elektrik və qaz xətlərini də sıradan çıxarıb.
Gecə saatlarından başlayan aramsız yağan yağış Goranboyun 45 kəndində fəsadlar yaradıb. Kəndlərə gecədən etibarən elektrik enerjisinin və qazın verilişi tamamilə dayandırılıb. Leysan xarakterli yağış nəticəsində yolları, evləri su basıb, çaylarda daşqın qeydə alınıb. Həmçinin yağışın yağması əkin sahələri ilə yanaşı taxıl zəmilərinə də zərər vurub.
Güclü sel nəticəsində rayonun Kürək-Çay qəsəbəsinin sakinlərinə də xeyli ziyan dəyib. Qəsəbə sakinlərinin həyətyanı sahəsində olan ev quşları tələf olub . Sakinlərin sözlərinə görə, son 30 ildə belə hadisə olmayıb.
Qasırğadan ən çox rayonun enerji təsərrüfatı, qaz təchizatı ziyan çəkib. Belə ki, elektrik, rabitə dirəkləri, qaz boruları aşaraq, yararsız vəziyyətə düşüb. Goranboy rayon Fövqəladə Hallar Komissiyasının sədri Baxış Abdullayev bildirib ki, qasırğa və leysanın yaratdığı fəsadların aradan qaldırılması işlərinə başlanıb. Hazırda rayonun ağır texnikaları kəndlərdə işləyir. Fövqəladə Hallar Komissiyasının üzvləri hal-hazırda kəndlərdə baxış keçirir və dəymiş ziyanın miqdarı müəyyənləşdirilir.