İravanda qorxu yaranıb

Dezinformasiya yaymaqla düşmən ölkə Rusiyanı müdafiəyə çağırır




Rusiya mətbuatı dezinformasiya yaymağa başlayıb. Ermənistan ordusunun Naxçıvana hücumundan sonra başda "Moskovski Komsomolets” saytı olmaqla, bir sıra Rusiya KİV-ləri "Ermənistan Azərbaycanla müharibəyə başladı”, "Ermənistan döyüşlər zamanı Azərbaycana soxuldu, qanlı döyüşlər gedir”, "Ermənistan elan olunmamış müharibəyə başladı” başlıqlı məqalələr dərc edib.

Həmin xəbərlərin Azərbaycan mətbuatına istinadən verildiyi bildirilir. Yazılarda qeyd olunur ki, guya, Azərbaycan Müdafiə Nazirliyi Naxçıvanda yaranmış vəziyyətlə bağlı heç bir məlumat vermir. Ümumiyyətlə, telefon zənglərini cavabsız qoyur. Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü, millət vəkili Aydın Mirzəzadə "Şərq”ə açıqlamasında bu cür dezinformasiyaların başında erməni mənbələrinin durduğunu söyləyib. Parlament üzvünün sözlərinə görə, hazırda düşmən ölkə cəmiyyətində güclü bir Azərbaycan xofu yaşanır: "Ölkəmizin hərbi qüdrətinin bir gün aktiv fazaya keçəcəyindən və güclü zərbə alacaqlarından qorxurlar. Bunu Ermənistan rəhbərliyi də anlayıb”. Prezidentlərin Astana görüşünə diqqət çəkən A.Mirzəzadə qeyd edib ki, Azərbaycan prezidenti İlham Əliyevin məktubu barədə Qazaxıstan liderinin bəyanatı düşmən ölkədə ciddi xaos yaradıb: "Separatçı ölkə Azərbaycanın hər bir addımından narahatdır. Bu əndişələrini Rusiyanın onlara dəstək olan KİV-lərindən səsləndirirlər”.

Deputatın qənaətincə, dezinformasiyanı yaymaqda başqa bir məqsəd Rusiyanın müəyyən dairələrini Ermənistanı daha bərk müdafiə etməyə çağırmaqdır: "Uğursuz siyasət yürütmələrinin fərqindədirlər. Ona görə də, Moskvanın müəyyən dairələrini köməyə çağırırlar. Amma Rusiya artıq Cənubi Qafqaza Ermənistan gözü ilə baxmır. Bu cür çağırışlar Ermənistanın sadə vətəndaşında xof yaratmaqdan başqa bir şey deyil”. A.Mirzəzadə belə dezinformasiyaları yoxlamadan dərc etdiklərinə görə, yerli KİV-lərdən gileylənib: "Azərbaycanın maraqlarını yalnız ölkə iqtidarı deyil, hər bir vətəndaş qorumalıdır. Bu cür məlumatların verilməsində hər bir media quruluşu məsuliyyətini dərk etməldir”.

Ayyət Əhməd