İŞİD-in arxasında maraqlı qüvvələr var

Onlar Türkiyəyə “dərs” vermək istəyirlər Vəfa Quluzadə: “Bəlkə elə bu hadisənin arxasında Əsəd dayanır?”
Natiq Miri: “Konsulluğa basqın planı Türkiyə üçün düşünülmüş tələ də ola bilər” Qabil Hüseynli: “Mosuldakı Türkiyə konsulluğunun əməkdaşlarının qaçırılması siyasi böhran yaradacaq”


İraqın yarısını ələ keçirən İraq Şam İslam Dövləti (İŞİD) adlı terror təşkilatı Mosuldakı Türkiyə konsulluğunun binasına da basqın edib. Terrorçu qruplaşma baş konsul Öztürk Yılmaz başda olmaqla ümumilikdə 48 nəfəri girov götürərək naməlum istiqamətə aparıb. Girovların içində uşaq və qadınlar da var. Bununla kifayətlənməyən terrorçular Mosul şəhərinin Geyara bölgəsində elektrik stansiyasında çalışan 31 türk vətəndaşını da əsir alıb. Türk diplomatların və sadə vətəndaşların əsir götürülməsindən sonra Türkiyə hökuməti və Silahlı Qüvvələri hərəkətə gətirilib. Ankaranın sorğusu əsasında NATO səfirləri Brüsseldə fövqəladə görüş keçiriblər.

Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan isə prezident Abdullah Gül, kəşfiyyat xidmətinin rəhbəri və baş qərargah rəisi ilə görüşüb. Həmçinin, ABŞ-ın vitse-prezidenti Co Bayden ilə telefon söhbətində vəziyyəti müzakirə edib. Hadisədən sonra Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu ABŞ-a rəsmi səfərini təxirə salıb. Dərhal bir araya gələn dövlət rəhbərliyinin toplantısından sonra Türkiyə hava qüvvələri Mosul üzərində uçuşlara başlayıb. Diyarbakırdan səmaya qalxan qırıcılar Mosul və ətraf rayonlarda kəşfiyyat əməliyyatları həyata keçiriblər. Qırıcılardan əlavə bölgəyə pilotsuz təyyarələr də göndərilib. XİN rəhbəri Ə.Davudoğlunun sözlərinə görə, hazırda ən əsas məsələ girov götürülən şəxsləri sağ-salamat Türkiyəyə qaytarmaqdır: "İstər Suriyada, istərsə də İraqda bizim insanları təhdid edən hər kəs əməlinə görə cəzasını alacaq. Heç kimə Türkiyənin qətiyyətlilik və məqsədyönlülüyünü sınamağı tövsiyə etmirəm. Əgər Mosul şəhərində girov götürülən Türkiyə vətəndaşlarından hər hansı birinə xəsarət yetirilsə, rəsmi Ankaranın cavabı çox sərt olacaq”. Baş verən hadisədən dərin narahatlıq duyduğunu deyən Türkiyə Böyük Millət Məclisinin sədri Cəmil Çiçək türk diplomatları və vətəndaşlarının qeyd-şərtsiz azadlığa buraxılmasını tələb edib. Məclis sədri İraqda baş verən hadisələrlə əlaqədar dünya birliyini terrora qarşı birlikdə mübarizəyə çağırıb. Lakin bununla belə, terrora qarşı mübarizə məsələsində dünya birliyinin gözlənilən reaksiya vermədiyini və narahatlıq doğuran hadisələrə etinasız qaldığını ifadə edib. Türkiyənin reaksiyasından sonra açıqlama verən İŞİD komandiri türkləri öldürməyəcəklərini bəyan edib: "Biz onları əsir götürməmişik. Sadəcə, təhlükəsizliklərini təmin etmişik. Ölkələrinə geri qaytaracağıq. Qorxacaq heç nə yoxdur, çünki onlar sünni və hənəfi təriqətindəndirlər. Bizim hədəfimiz şiələrdir, Kərbaladır”. Türklərin girov götürülməsinin səbəbini isə komandir belə açıqlayıb: "Həmin bölgədə vəziyyət gərgin idi. Ona görə türkləri binadan çıxartdıq. Baş konsulu valilikdə, digər diplomatları isə başqa yerdə saxlayırıq”. Qruplaşma üzvləri Tvitter-də türk diplomatları qaçırmadıqlarını, sadəcə, onların təhlükəsizliyi üçün daha etibarlı yerə apardıqlarını bildiriblər. Silahlılar qeyd edib ki, əgər türk diplomatların günahları sübuta yetirilməsə, onlar sərbəst buraxılacaqlar. Xatırladaq ki, bu hadisə İran prezidenti Həsən Ruhaninin Türkiyəyə səfəri əsnasında baş verib. Görünür, iki müsəlman dövlətin qarşılıqlı münasibətlərə can atması bəzi qüvvələr tərəfindən həzm edilməyib. Yaxınlaşmanın qarşısını almaq üçün terror qruplaşmasının əliylə Türkiyəyə "dərs vermək” fikrinə düşüblər. Baş verən hadisə ilə bağlı siyasi ekspertlərin maraqlı yanaşmaları və iddiaları var. Amma politoqların fikirlərinə keçmədən öncə sözügedən qruplaşmanın tarixi və məqsədi haqqında qısaca məlumat vermək yerinə düşər. Araşdırmalar göstərir ki, İŞİD İraq və Suriyada fəaliyyət göstərən silahlı bir təşkilatdır. Sələfi ideologiyasına sahib olan bu qrup İraq, Suriya, Fələstin və İordaniya torpaqlarından ibarət bölgədə şəriətə söykənən bir dövlət qurmaq istəyir. Lideri Əbu Bəkir Bağdadidir. Onun ABŞ, AB və Türkiyənin terrorçular siyahısında adı var. Təşkilat 2004-cü ildə "Tövhid və Cihad” adı ilə qurulub. Sonralar Usamə bin Ladenin lideri olduğu "Əl Qaidə”yə qatılıb. "Əl Qaidə”yə qatıldıqdan sonra adını "Mesopotamiyada Əl Qaidə” kimi dəyişdirib. 2006-cı ilin sonlarında "Əl Qaidə”yə yaxın Əbu Ömər əl Bağdadi "İraq İslam Dövləti”ni qurduğunu bəyan edib. İŞİD Suriyada Mumbuc, neftlə zəngin olan Rakka və İraq sərhədinə yaxın Dəyər əz-Çətin şəhərlərini əlində saxlayır. İraqda isə Anbar əyalətindəki Felluce və Ramadidə təsir imkanları var. Son olaraq Mosul şəhərini də ələ keçirib. İŞİD-in Suriyadakı hərbi gücünün 6-7 min nəfər olduğu təxmin edilir. Döyüşçülərinin əksəriyyəti xaricilərdir. İraqdakı silahlı üzvlərinin sayının isə 10 mindən çox olduğu təxmin edilir. ABŞ ordusunun 2011-ci ildə İraqdan çəkilməsi ilə İŞİD aktiv "fəaliyyətə” başlayıb. Ən zəngin terror təşkilatı olduğu bildirilən bu qrup İraq Mərkəzi Bankının kassasından 429 milyon dollar oğurlayıb. İraqdakı bütün bankları yağmalayan təşkilat çox sayda külçə qızılı da ələ keçirib.

Türk konsulluğuna hücumu şərh edən sabiq dövlət müşaviri, politoloq Vəfa Quluzadə məsələnin çox qarışıq olduğunu deyir. Ekspertin fikrincə, dəqiq söz söyləmək üçün bir qədər gözləmək lazımdır: "Ümumiyyətlə, istənilən terror təşkilatının arxasında hansısa dövlətin xüsusi xidmət orqanı dayanır. Bunu inkar etmək olmaz. Ona görə də, indidən bir çox iddialar səslənir. Məsələn, iddialardan biri də budur ki, Türkiyə NATO ilə birlikdə Suriyada Bəşər Əsəd məsələsini "həll” etməyə çalışırdı. Bəlkə elə bu hadisənin arxasında Əsəd dayanır?”.

Milli Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, siyasi şərhçi Natiq Miri bildirir ki, heç bir terror təşkilatı özbaşına fəaliyyət göstərmir. İdeologiyası nə olursa-olsun, bütün qruplaşmaların arxasında maraqlı qüvvələr və güclü maliyyə resursları dayanır: "İŞİD çox güclü maliyyə ilə dəstəklənir. Çünki əks təqdirdə, İraqın 20 faizdən çoxunu ələ keçirə bilməzdi”. Hadisənin təxribat olduğunu deyən politoloqun sözlərinə görə, sözügedən terror təşkilatı İraq ordusu ilə müəyyən razılığa gəlib. Yoxsa, böyük şəhərlər çox asanlıqla ələ keçirilə bilməz: "Burada xarici və daxili qaranlıq güclərin konkret hədəfləri var. Hansısa ərəb dövləti ilə yanaşı, İŞİD-in arxasında İsrailin ola biləcəyi də istisna deyil. Çünki bu kimi təşkilatlar böyük maliyyənin müqabilində istənilən ölkənin geo-strateji maraqlarını müdafiə edə bilər. Təşkilata dini don geyindirmək məsələnin görünən və aldadıcı tərəfidir. Çeçenistan və Dağıstanda fəaliyyət göstərən radikal dini qruplarda da vəziyyət bu cürdür. Onlar da xarici güclərin sifarişini yerinə yetirirlər”. N.Mirinin sözlərinə görə, indiki şəraitdə İŞİD-in arxasında konkret hansı dövlətin durduğunu demək bir qədər çətindir: "Məsələn, versiyalardan biri ABŞ-dır. Guya ABŞ Türkiyə-İran yaxınlaşmasına mane olmaq niyyətindədir. Ancaq mən buna ehtimal vermirəm. Çünki artıq ABŞ-la İran arasında ikitərəfli əlaqələr normallaşır. ABŞ regionda Türkiyə ilə yanaşı, İran faktorunu da qabardaraq güc balansı yaratmaq istəyir”. Politoloqun fikrincə, Türkiyə birmənalı şəkildə hansısa ölkəni ittiham etməyəcək. Çünki konkret faktlar olmadan ABŞ və İsrail kimi ölkələri günahlandırmaq Türkiyəyə xeyir gətirməz: "Konsulluğa basqın planı Türkiyə üçün düşünülmüş tələ də ola bilər. Türkiyəni bataqlığa çəkmək istəyənlər çoxdur. Əlbəttə, məsələ tamamilə aydınlaşsa və hadisənin arxasında İsrail və s. dövlətinin durduğu ortaya çıxsa, onda Türkiyə hərbi gücdən istifadə edə bilər”.

Politoloq Qabil Hüseynli də deyir ki, Suriyada fəallaşan bu qruplaşmanın fəaliyyətini İraqın kürdlər yaşayan bölgəsinə keçirməsi göstərir ki, həmin təşkilat kifayət qədər güclüdür və bölgədə geosiyasi vəziyyəti dəyişməyə ciddi surətdə qadirdir: "Mosuldakı Türkiyə konsulluğunun əməkdaşlarının qaçırılması siyasi böhran yaradacaq. NATO-nun bu məqsədlə toplantı keçirməsi prinsipial əhəmiyyətə malikdir. Suriyada problemlərin həll edilməmiş qalması, İraqdan ABŞ qoşunlarının tələm-tələsik çıxarılması burada islam fundamentalizmi, eləcə də digər islam təriqətlərinin yayılmasına və onların silahlı münaqişələr törətməsinə səbəb olur. ABŞ başda olmaqla Qərbin yaratdığı boşluqları islamçı yaraqlılar doldururlar. Bunların idarə edilməsi demək olar ki, mümkünsüz görünür”.

Analitikin fikrincə, İraqda və Suriyada baş verən hadisələrə qarşı müəyyən güclərin kollektiv hərəkəti gündəmə gələ bilər: "Ən azından NATO Türkiyə ilə birlikdə bölgədə sabitlik yaratmaq məqsədilə girovda olan diplomatları azad edəcək”.

İsmayıl