“Erməni yazıçısına sığınacaq versək, heç nə itirmərik”

Seyran Səxavət: “Onsuz da Azərbaycanda 30 min erməni yaşayır, bu da olsun 30001”
“Ölkəmiz müəyyən dividendlər qazanmış olar. Kifayət qədər üzdə olan bir erməni ziyalısının Azərbaycandan sığınacaq istəməsi adi məsələ deyil”



Ermənistandakı mövcud durum, ölkə əhalisinin sərgərdan vəziyyətdə olması artıq pik həddə çatıb. İş o yerə çatıb ki, hətta vaxtilə hakimiyyətin qızğın tərəfdarı olan şəxslər belə, hakimiyyətdən üz döndərir, antihökumət, antiSarkisyan bəyanatlar səsləndirirlər. Erməni mətbuatı ötən gün belə sensasion bəyanatlardan birini yayıb.

Belə ki, erməni yazıçısı Lyubik Çibuxçyan "siyasi sığınacaq almaq” xahişi ilə Azərbaycana müraciət etməyə hazırlaşdığını bəyan edib. Amma hələ ki, əvvəlcə bu barədə Ermənistan prezidenti Serj Sarkisyanı "xəbərdar” edib. Bu isə ölkədə şok effekti yaradıb. Ermənistanın Tavuş vilayəti qubernatorunun müşaviri vəzifəsində çalışan yazıçı Lyubik Çibuxçyan BBC-nin Yerevan müxbirinə zəng edərək bu barədə istəyini çatdırıb. Şairi bu növ etiraza əl atmağa vadar edən yeni vilayət başçısı Hovik Abovyanın ona münasibəti və prezident Serj Sarkisyanın etinasızlığı olub. Yeni qubernator müşavir xidmətinə ehtiyacı olmadığını bildirib və onun vəzifəsini ləğv etmək fikrində olduğuna işarə edib. Çibuxçyan bu barədə prezident Serj Sarkisyana şikayət məktubu yazıb, lakin Prezident Aparatından şairin şikayətinə cavab vermək üçün onun məktubunu qubernatora göndəriblər. Qubernator da Çibuxçyanı yanına çağırıb və "öz xoşuna” istefa verməyi təklif edib - deyə "Aravot” qəzeti yazıb. Azərbaycana müraciət etməzdən əvvəl Çibuxçyan Ermənistan prezidentinə 12 məktub yazıbmış, lakin heç birinə cavab almayıb və növbəti dəfə Serj Sarkisyana açıq məktubla müraciət edib. Çibuxçyan Ermənistan prezidentinə "13-cü cavabsız məktubunda” hakim partiyanın yaradılmasında, ölkənin müstəqilliyi uğrunda şəxsi əməyini, fəxri ad və mükafatlarını xatırladıb. Xatırladaq ki, bu şəxs həm də azərbaycanlı müğənniyə 173 səhifəlik poema ithaf edən erməni yazıçı kimi tanınır. Qəzet Lyubik Çibuxçyanın "Elnarə” kitabı çap olunduqdan sonra "çoxsaylı təhdidlər” aldığını bildirib. Yazıçı gileylənib ki, dekabrda kitab çapdan çıxandan sonra İcevanda "Qazel” tipli mikroavtobusu onun həyat yoldaşının üstünə sürüblər.

Qocaman yazıçı Seyran Səxavət isə hesab edir ki, erməni yazıçısının Azərbaycandan sığınacaq almaq müraciətini müxtəlif cür dəyərləndirmək olar: "Kütlənin fikri ilə götürsək, bu heç də ölkədə birmənalı qarşılanmayacaq. Əksəriyyət "erməninin burda nə işi var?” "Azərbaycanın xeyrinə də yazsa, o ermənidir. Qoy, elə öz ölkəsində də ölsün!”- deyə düşünəcək.

Amma məsələyə siyasi aspektdən yanaşsaq, erməni yazıçısının Azərbaycana sığınması bizim üçün əlavə üstünlüklər gətirir. Bu yaxınlarda Ermənistandan sığınacaq alan nadürüst azərbaycanlını yəqin ki, heç kəs unutmayıb. Adi bir azərbaycanlının ermənilərə sığınmasından mənfurlar müxtəlif cür istifadə etdilər. L.Çibuxçyan isə adi erməni deyil. Öz ölkəsində kifayət qədər nüfuz sahibi olan yazıçılardan biridir. Üstəlik də o məhz şamaxılı qız (Elnarə Abdullayeva) haqqında kitab yazdığına, öz xalqına nifrətini etiraf etdiyinə görə bu cür təhdidlərə məruz qalıb. Çibuxçyanın ailəsinə qarşı sui-qəsd barəsində mən də oxudum. Görünür, o artıq Ermənistanda ciddi təhdidlər qarşısındadır”.

Çibuxçyanın Azərbaycana yaşamaq üçün müraciət edəcəyi təqdirdə hansısa reaksiyanın verilməsinin doğru olduğuna gəldikdə isə S.Səxavət hesab edir ki, bir nəfər erməni yazara sığınacaq versək, heç nə itirmərik, əksinə, qazancımız olar: "Onsuz da, Azərbaycanda 30 min erməni yaşayır. Olmasın 30 000, olsun 30001. Bununla bizə heç nə olmaz. Əksinə, ölkəmiz müəyyən dividendlər qazanmış olar. Kifayət qədər üzdə olan bir erməni ziyalısının Azərbaycandan sığınacaq istəməsi adi məsələ deyil. Bilmirəm, mənim bu fikirlərimi oxucular necə qəbul edəcək, amma səmimi düşüncələrim belədir. Bakıda bu qədər erməni yaşayır. Heç onlara gözün üstə qaşın var deyən də yoxdur. Hansı ki, hər biri adi ermənilərdir. Onların arasında nə tanınmış yazıçısı, nə də şairi var. Sözün açığı, Çibuxçyanın Azərbaycandan sığınacaq istəməsi mənim üçün çox maraqlı hadisə olar. Gəlsin, görək onda bizə qarşı bu rəğbət hardandır? Milliyətindən asılı olmayaraq, haqqı tanıyan adama arxa çevirmək ədalətdən deyil. Hər halda bu adam da gözəl xanəndəmiz haqqında kitab yazaraq haqqa yaxınlaşdığını göstərib. Haqqı tanıyan və tanıdan hər kəsə Azərbaycanda yer tapılar. Yenə deyirəm, 30000 erməni ilə 30001 erməni arasında heç bir fərq yoxdur. Böyüklük bizdə qalsın!”

Yazıçı onu da qeyd edib ki, müraciət edəcəyi təqdirdə Azərbaycanın Çibuxçyana sığınacaq verməsi o demək deyil ki, biz ermənilərə qarşı rəhmli olmalıyıq: "Düşmənçilik həmin düşmənçilikdir. Bundan sonra biz ermənilərə qarşı daha ayıq-sayıq olmalıyıq. Sabahkı gün Dağlıq Qarabağı geri alsaq da, daha heç bir ermənini kirvə deyib, süfrəmizin yuxarı başına keçirməməliyik. Hər halda itirən ermənilər olub. Onsuz da gec, ya tez, biz Qarabağımızı qaytaracağıq. Buna bütün qəlbimlə inanıram. Məni yaşadan da məhz bu inamdır”.

Erməni yazıçısı Lyubik Çibuxçyanın siyasi sığınacaq almaq xahişi ilə Azərbaycana müraciət etməyə hazırlaşmasına münasibət bildirən Qarabağın Azərbaycanlı İcması İdarə Heyətinin üzvü, millət vəkili Rövşən Rzayev isə belə müraciətlərin baş verməsinin normal hal olduğunu deyib. Onun sözlərinə görə, Ermənistanda vəziyyət olduqca pis olduğundan erməni yazıçının Azərbaycana gəlmək arzusu normaldır: "Bu yeni hal deyil, bir çox adam belə müraciətlər edib. Bu, daxildə olan problemlərdən asılı olan məsələdir. Sadə vətəndaşlar normal həyat yaşamaq istəyir. Amma bugünkü Ermənistan hakimiyyətini zəbt edən insanlar, Ermənistan xalqına xidmət etmirlər. Öz şəxsi maraqlarını ön planda tutaraq siyasət yürüdürlər. Ona görə də bundan sonra da olacaq”.

Şəymən