“Dil polisi”nin yaradılmasına ehtiyac var

Nəsir Əhmədli: “Hər şey qurumun təşkilatlanmasından, orada təmsil olunacaq insanlardan asılıdır”



Azərbaycan dilindən düzgün istifadə, dilin təbliği və qorunması məqsədilə "Dil polisi”nin yaradılması təklif olunub. Təklifin təşəbbüskarı, Dil Qurumunun sədri, millət vəkili Sabir Rüstəmxanlının sözlərinə görə, dünyanın bir sıra inkişaf etmiş ölkələrində artıq dil polisi fəaliyyət göstərir.

Bu baxımdan, millət vəkili hesab edir ki, hər bir sahənin polisi olduğu kimi, Azərbaycan dilinin də ciddi nəzarətçisi olmalıdır. Nümunə olaraq Kanada vilayətlərinin birində dil polisinin fəaliyyətini
misal gətirən S.Rüstəmxanlı qeyd edib ki, sözügedən bölgədə əksəriyyəti fransızlar təşkil edir: "Kanadanın rəsmi dili ingilis dili olmasına baxmayaraq, dil polisi tərəfindən vilayətdə fransızcanın yerini sıxışdıran və bu dilin işlənməsinə mane ola bilən heç bir şeyə yol verilmir”. S.Rüstəmxanlı əlavə edib ki, Azərbaycanda bəzi reklam lövhələrinin xarici dildə olması yolverilməzdir. Reklam lövhələrində Azərbaycanın dil qanununun pozulduğunu vurğulayan millət vəkili bununla bağlı aidiyyəti orqanlara müraciət edildiyini və bir neçə xarici şirkətə qarşı məhkəmə iddiası qaldırıldığını qeyd edib. Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin professoru Nəsir Əhmədli də dil polisi məsələsində Sabir Rüstəmxanlı ilə həmrəy olduğunu bildirib:

- "Mən də hesab edirəm ki, Azərbaycan dilindən düzgün istifadə, dilin təbliği və qorunması məqsədilə "Dil polisi”nin yaradılmasına ehtiyac var. Dövlət dilinin qorunması ilə bağlı çoxsaylı dövlət proqramları, qanunlar var. Amma çox təəssüflər olsun ki, heç birinə əməl edən yoxdur.

- Bəs sizcə, "Dil polisi” formatı Azərbaycanda özünü necə doğruldacaq?

- Bu təbii ki, onun quruluşundan və qarşısına qoyduğu məqsədlərdən asılı olan bir şeydir. Yəni əsas yaradılmasıdır. Qalan şeylər sonranın işidir. Hər şey qurumun təşkilatlanmasından, orada təmsil olunacaq insanlardan asılıdır. Əgər adına uyğun şəkildə öz funksiyasını tam məsuliyyətlə yerinə yetirəcəksə. Yaradılacağı təqdirdə "dil polisi” dilimizin qorunması və təbliği istiqamətində müsbət nəticələr əldə edəcək.

- Bu gün dilimizdəki ən böyük problemlərdən biri, dilimizə xarici sözlərin daxil olmasıdır. Bunun səbəbi nədir, yəni o sözləri əvəz edəcək Azərbaycan sözləri yoxdur?

- Dilimizdə işlənən əcnəbi sözlərə birmənalı yanaşmaq doğru deyil. Burada müxtəlif kateqoriyalar var. Elə sözlər var ki, dilimizdə qarşılığı olmasına rəğmən biz öz sözlərimizdən deyil, onun rus, yaxud da ingilis variantından istifadə edirik. Elə əcnəbi sözlər də var ki, onun ana dilimizdə qarşılığı olmadığı üçün ehtiyac üçün üzdən işlədirik. Bu da təbii prosesdir. Fikrimizi ifadə etmək üçün əcnəbi də olsa, həmin sözlərdən istifadə etməliyik. Yəni əcnəbi sözlər iki kateqoriyaya ayrılır: ehtiyac olan və ehtiyac olmayan əcnəbi sözlər.

- Fasedəki paylaşımlarınızdan gördüyümüz qədəri ilə Kütləvi İnformasiya Vasitələrinin dili sizi qane etmir. Mətbuatda dilimizə keçən sözlərin yazılışı necə olmalıdır, olduğu kimi yazılmalıdır?

- Əcnəbi sözlərdən istifadə zamanı jurnalistlər çox diqqətli olmalıdır. Sözün quruluşuna, mahiyyətinə çox ciddi yanaşmalıdır. Bəzən jurnalistlər dilimizin qayda- qanunlarını bilmədiyi üçün yanlış sözlərdən istifadə edirlər. Bu o qədər də qorxulu deyil. Çünki hər bir redaksiyanın tərkibində korrektor ştatı var və həmin səhvi o aradan qaldıra bilər. Bir də var ki, bəzi yanlış sözlər artıq dilimizdə "qanuniləşib”. Doğru mahiyyət ifadə etməməsinə rəğmən birmənalı şəkildə hər kəs tərəfindən işlənir. Təhlükə burdadır və bunun qarşısını almaq lazımdır.

- Reklam, idarə, müəssisə adları olan lövhələrdə bir çox hallarda əcnəbi adlara üstünlük verirlər. Bununla bağlı nə deyə bilərsiniz?

- Bunun bir səbəbi var, o da nəzarətsizlikdir. Hesab edirəm ki, "dil polisi” yaradılsa, məhz bu sahəyə də ciddi nəzarət etməlidir. Hətta üst yazıları ilə məşğul olacaq ayrıca bir şöbə də yaradılsa, daha yaxşı olar. Bu sahə kifayət qədər nəzarətsizdir. Hər nə qədər qanunda reklam lövhələrinə, obyektlərə əcnəbi adların verilməsi qadağan olsa da, bizdə buna əməl edən yoxdur.

- Hansı fəaliyyət istiqamətində dilin saflığının qorunmasında problem daha kəskin hiss olunur? Bəzən dilimizin korlanmasında medianı günahlandırırlar...

- Konkret olaraq, hansısa sahəni vurğulamaq doğru deyil. Bütün sahələrdə dilimizin saflığı və təmizliyi eyni səviyyədə qorunmalıdır. Amma razıyam ki, mətbuat, radio və televiziya nümayəndələri bu məsələyə ciddi fikir verməlidir. KİV birbaşa kütləyə ünvanlanır və maarifləndirici funksiya daşıyır. Mətbuatda gedən bir söz artıq cəmiyyət tərəfindən sorğu-sualsız düzgün variant kimi qəbul olunur. Bu mənada, media nümayəndələri daha ehtiyatlı olmalıdır.

- Ədəbi dilimizin təmizliyini qorumaq üçün bizim öhdəmizə nələr düşür?

- Burada elə bir ciddi tələblər yoxdu. Sadəcə, dilimizin qayda-qanunlarına dərindən bələd olmaq, orfoepiya və orfoqrafiya qaydalarına əməl etmək lazımdır. Bir qədər də yaradıcı olmaq lazımdır.

Şəymən