Çirkli hava şizofreniya xəstəliyi yaradır

Belə xəstəliklərin bir hissəsi genetik yolla keçir



ABŞ-ın Roçester Universitetinin tədqiqatçı mütəxəssisləri professor Debora Kori-Slehtanın rəhbərliyi ilə yeni doğulmuş siçanların beyninə ətraf mühitin təsirini öyrəniblər.

Alimlər müəyyən ediblər ki, beynin insanlarda autizm və şizofreniya ilə əlaqəli olan hissələri təcrübə siçanlarında ciddi dəyişikliyə uğrayıb. Təcrübə nəticəsində bəlli olub ki, çirkli hava ilə nəfəs alan siçanlarda qlütamatın səviyyəsi kəskin yüksəlir. Bu isə autizm və şizofreniyadan zərər çəkən insanlar üçün səciyyəvidir.

"Yalnız siçanların deyil, insanlar üzərində də belə tədqiqatlar aparıblar, lakin hələlik qənaətbəxş nəticə əldə olunmayıb. Ümumiyyətlə, bu xəstəliyin tam müalicəsi yoxdur. Alimlər necə araşdırma aparıblar, bilmirəm. Təsnifatda bunlar sağalmayan xəstəliklər kimi göstərilir”.

Bu fikirləri Psixologiya və Konsultasiya Mərkəzinin rəhbəri, psixoloq Elnur Rüstəmov "Şərq”ə açıqlamasında deyib. E.Rüstəmov şizofreniya xəstəliyini kliniki problem kimi qiymətləndirib: "Yəni şüurun parçalanması, insanın hadisə və proseslərə adekvat reaksiya verməməsidir. Belə xəstəliklərin bir hissəsi genetik yolla keçir. Xüsusilə bunun ağır dərəcəsi ana tərəfindən irsi olaraq keçərsə, böyük problemə çevrilər. Həmçinin, ata kökündən də keçməsi, istisna edilmir”.

Sonradan qazanılan şizofreniyadan da danışan E.Rüstəmov bunun psixoloji yox, psixatrik xəstəlik olduğunu söyləyib: "Bu xəstəliyi müalicə etməklə müəyyən qədər qarşısını almaq olar. Belə xəstələr cəmiyyət üçün təhlükəli ola bilər. Ona görə də xüsusi dərman qəbul edən şəxslərin cəmiyyət üçün ciddi təhlükəsi yoxdur. Dərman qəbul etməyənlər isə əksinə, çox təhlükəlidir. Hətta bu tip insanların cinayət törətsə də, həbs edilməmələri təsadüfi deyil”.

Vüqar Şahinoğlu