Reydə düşən avtobuslar...

Yol polisi gəlir, qaçın!
Yol polisinin işini çətinləşdirən yalnız budur ki, vəsiqəsiz sürücü sükan arxasında yaxalanmalıdır



Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda genişmiqyaslı reydlər keçirir. Reydlərin keçirilməsində məqsəd ictimai nəqliyyat vasitələri tərəfindən yol hərəkəti qaydalarının pozulmasının qarşısının alınması, qayda pozucularının inzibati məsuliyyətə cəlb edilməsidir. DYP-nin ictimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovnik-leytenantı Vaqif Əsədov reydlər barədə maraqlı və hətta qəribə səslənən açıqlamalar da verib. V.Əsədov "anspress”ə müsahibəsində reydlər nəticəsində 48 sərnişin avtobusunun istismarının qadağan edildiyini, sürücülük vəsiqəsi olmayan 18 sürücünün xəttdən kənarlaşdırıldığını deyib. V.Əsədov bir "etiraf”da da bulunub: "Bakıdan bölgələr istiqamətində işləyən sürücülərin demək olar ki, sürücülük vəsiqəsi yoxdur.

Dünən (srağagün - red.) birdən-birə o avtobuslar yoxa çıxdı”. Daha sonra V.Əsədov avtobusların "yoxa çıxmasının” obyektiv və subyektiv səbəbləri olduğunu deyib və medianı da günahlandırıb: "Bunun biri də sizin verdiyiniz anonslardır. Mətbuatdan çox-çox xahiş edirəm ki, bizim reydlərimizi əvvəlcədən işıqlandırmayın”.

Belə çıxır ki, məhz mətbuat yazdığı üçün avtobuslar reydlərdən xəbər tutub aradan çıxıblar. Halbuki V.Əsədov özü etiraf edir ki, "bölgələr istiqamətində işləyən sürücülərin sürücülük vəsiqələri yoxdur”. Avtobus dayanacaqlarından danışanda isə deyir ki: "Avtobus dayanacaqlarında dayanan taksi sürücülərini cəzalandırırıq, bir neçə dəqiqədən sonra dolur (yəqin, dayanacağın taksilərlə dolması nəzərdə tutulur -red)”.

Bu reallıqları bildikləri halda DYP niyə lazımi ölçü götürə bilmir? Mətbuatın "xəbərçiliyi” ucbatındanmı?

Məsələni "Şərq”ə şərh edən nəqliyyat üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov bildirdi ki, qayda pozuntularını qeydə almaq yol polisinin gündəlik işidir:

- Sürücülük vəsiqəsi olmadan avtobusların idarə edilməsi, ictimai nəqliyyatın yol hərəkəti qaydalarını pozması, taksilərin avtobus dayanacaqlarını zəbt etmələrinə qarşı yol polisi hər gün mübarizə aparmalıdır. Belə işlər aylıq və ya kvartalda bir dəfə həyata keçirilməli deyil. Yol hərəkəti qaydalarının pozulmamasına, qayda pozucularının məsuliyyətə cəlb olunmasına yol polisi hər gün nəzarət etməlidir. Bu, yol polisinin gündəlik işidir. Xüsusi reydlər o zaman hansısa kütləvi tədbirlər öncəsi və ya tədbirlər zamanı həyata keçirilməlidir. Yol polisinin işini çətinləşdirən yalnız budur ki, vəsiqəsiz sürücü sükan arxasında yaxalanmalıdır. Bu zaman onu məsuliyyətə cəlb etmək olur. Şirkətlər də bilir ki, sürücüsü ələ keçsə, azı 100 manat cərimə olunacaq, ona görə də sürücülərə xəbərdarlıq edir, onlar da xəttə çıxmırlar. Ertəsi gün eyni vəziyyət yenə təkrarlanır. Ona görə də məntiq bunu deyir ki, reydlər ayrı-ayrı zamanlarda deyil, hər gün nəzarət, yoxlanış qaydasında aparılmalıdır. "D” kateqoriyası almamış sürücüyə sərnişin avtobusu idarə etməyə icazə yoxdur. Amma problem burasındadır ki, "D” kateqoriyalı sürücü tapmaq çətindir. Kateqoriyası olanlar da yüksək əməkhaqqı müqabilində işləmək istəyir. Bu da şirkətə sərf etmir, ona görə də dünənki uşaqları, heç bir təcrübəsi, stajı olmayanları işə götürürlər. Qanuna görə "D” kateqoriyası olmayan sürücüləri işə qəbul etmək, onlarla əmək müqaviləsi bağlamaq qadağandır. Əmək müqaviləsi yoxdursa, əməkhaqqı da verilməməlidir. Gördüyünüz kimi, nə qədər qanun pozuntusu baş verir. Hansısa qanun pozuntusu aşkarlanıbsa, ancaq sürücünün cərimələnməsi ilə iş bitməməlidir. Belə hallarda həm sürücü, həm də hüquqi və fiziki şəxslər cərimələnməlidir. İnzibati Xətalar Məcəlləsinə görə, bu halda sürücü 100 manat, vəzifəli şəxs 200, hüquqi şəxs 2000 manat cərimələnir. Qanun pozuntusu il ərzində iki dəfə təkrarlanırsa, cərimənin də məbləği artır. Yol polisinin mətbuatın "əvvəlcədən xəbərdarlığı”ndan şikayət etməsində isə məntiq yoxdur. Çünki yol kənarlarında, dayanacaqlarda müşahidə kameraları quraşdırılıb. Kameralar vasitəsilə qayda pozucularını müəyyənləşdirib, inzibati cəzaya cəlb etmək qətiyyən çətin deyil. Avtobus dayanacaqlarının taksilər, digər şəxsi avtomobillər tərəfindən zəbt edildiyini hamımız görürük. Polis də hər gün bunu görür. Deməli, qanun pozucularına qarşı hər gün mübarizə aparılmalıdır. Amma sürücülərdə arxayınlıq var ki, bir neçə aydan sonra reyd keçiriləcək, həmin vaxta qədər istədiyimizi edək.

Məlahət Rzayeva