Dərsliklərimiz bərbaddır

Məktəb və universitetlərdə tədris olunan vəsaitlər arasında bir çox hallarda fərq olmur
“Dəfələrlə şahidi olmuşam ki, bir çox müəllimlər qazanc əldə etmək naminə magistrlər üçün kitab yazıblar”



Təhsildə mövcud olan ən ciddi problemlərdən biri də dərsliklərlə bağlıdır. Bu, uzunmüddətli müzakirələrə səbəb olsa da, indiyə kimi heç bir addım atılmayıb. Məsələ Milli Məclisdə də dəfələrlə müzakirə mövzusu olub. Amma konkret işlər görülmür. Görülən tədbirlər isə yarımçıq dayandırılır. Bunun acısını məktəblilər və eyni zamanda, ölkənin təhsil sistemi yaşayır.

Dərsliklər sisteminin gətirdiyi fəsadlar magistratura pilləsində özünü daha çılpaqlığı ilə büruzə verir. Son illər ölkədə magistratura səviyyəsində təhsil almaq istəyənlərin sayında kəskin azalma müşahidə olunur. Ona görə deyil ki, təhsildən uzaqlaşırlar. "Azərbaycanda magistr olmağın yeri yoxdur” deyərək müxtəlif yollarla xarici ölkələrə üz tuturlar. Magistratura təhsillərini əcnəbi ölkələrdə davam etdirirlər. Əksər dövlət universitetlərində magistrantlar üçün nəzərdə tutulan tədris vəsaitləri bakalavriat pilləsini təkrarlayır. Ən nüfuzlu ali təhsil müəssisələrimizin birinin magistri mənimlə söhbətində 3 imtahanı bir kitabdan hazırlaşıb verdiyini bildirdi. Bu məsələ ölkədə dərslik sisteminin dəhşətli fəsadlara yol açmasının isbatıdır. Bəzi təhsil ekspertləri dəfələrlə təklif edib ki, ya magistrantlar üçün yeni vəsaitlər hazırlansın, ya da bu pillə bakalavriat səviyyəsinə birləşdirilərək bir il olsun. İddia edirlər ki, magistrant və bakalavrın bilikləri arasında heç bir fərq olmayacaqsa, bu səviyyə əhəmiyyətsizdir. Hətta Təhsil naziri Mikayıl Cabbarov bu barədə həyəcan təbili çalıb. Dünən "Uğurlu fəaliyyətin bir ili” adlı tədbirdə jurnalistlərə açıqlama verən nazir bildirib ki, dərslik sistemində köklü dəyişikliklərə ehtiyac duyulur”.

Dərslik sisteminin ölkə təhsilinə gətirdiyi nöqsanlar və bu problemdən yayınma yolları barədə təhsil eksperti Nadir İsrafilovun fikirlərini öyrəndik. Ekspert "Şərq”ə açıqlamasında qeyd etdi ki, istər
orta, istərsə də ali məktəblərdə dərsliklər bərbad vəziyyətdədir: "Məktəb və universitetlərdə tədris olunan vəsaitlər arasında bir çox hallarda fərq olmur. Məsələn, ali məktəblərdə tarix və riyaziyyat fənləri üzrə orta məktəblərdən fərqli nəsə öyrədilmir. Yeni dərslik yoxdu. Ona görə təkrarçılıq mövcuddur. Bu da tələbənin belini qırır”.

Ekspertin sözlərinə görə, hazırda tədris planlarını universitetlərin özləri tərtib edir: "Sovet dönəmində təhsilin dövlət standartları vardı . Bu standartlardan kənara çıxmaq olmurdu. İndi tələbələr çaş-baş qalıb. Ümid edək ki, yeni nazir məsələyə diqqətini artıracaq. N.İsrafilov vurğulayıb ki, dərsliklər mütəxəssislər tərəfindən yazılmır: "Dəfələrlə şahidi olmuşam ki, bir çox müəllimlər qazanc əldə etmək naminə magistrlər üçün kitab yazıblar. Rektordan həmin kitabın tədrisdə istifadəsini xahiş ediblər. Xahişləri nəzərə alınıb. Sonra həmin müəllim kitablarını magistrantlara satıb. Halbuki həmin kitabın heç bir effekti yox idi. Tələbəyə bir şey öyrətmirdi. Rektorlar diqqətli olmalıdır. Hansısa müəllimin xatiri deyil, təhsil inkişafı üçün iş görməlidirlər. 4 ildən bir tədris planını dəyişirik deyərək, gözdən pərdə asmaq olmaz. Adama sual verərlər ki, nəyi dəyişmisən? Dəyişiklik hansı nəticə verdi?”

Ayyət Əhməd