Naxçıvana uçuş: Dağətəyi zonalarda təyyarənin hava boşluğuna düşməsi gözlənilən hallardandır

8 sərnişin təhlükəsizlik kəmərini bağlamış olsaydı, heç bir xəsarət almayacaqdılar




Bakı-Naxçıvan təyyarəsinin sərnişinləri xəsarət alıb. "Azərbaycan Hava Yolları” QSC prezidentinin köməkçisi, xidmət rəisi Məhərrəm Səfərli hadisə ilə bağlı açıqlamasında bildirib ki, Bakıdan Naxçıvana 2253 saylı reyslə uçan "Boeng-757” təyyarəsi eniş zamanı qəfildən güclü hava burulğanına düşüb. Təhlükəsizlik kəmərlərini bağlamamış 8 sərnişin də elə bu zaman müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

M.Səfərli "Hər zaman təyyarə havaya qalxmağa hazırlaşanda da, enişə gedəndə də uçuş heyətinin "Təhlükəsizlik kəmərlərini bağlayın!” təlimatını eşidirik. Amma bir çox sərnişinlər bu mühüm təlimata riayət etməyi vacib saymır” deyə, əlavə edib. Hava gəmisində ümumilikdə 180 sərnişin olub. Hadisədən az sonra təyyarə Naxçıvan Beynəlxalq Hava Limanına standart eniş edib. Məsələ ilə bağlı "Şərq”ə danışan "AZAL”ın sabiq prezidenti Ədalət Əliyev qeyd etdi ki, oxşar hadisələr dünyanın bütün hava məkanlarında baş verir:

- Hava nəqliyyatında "hava boşluğu” anlayışı var. Belə hallar 12-13 min metr hündürlüyə qədər ola bilir. Hətta açıq yerlərdə, bulud olmayan yerlərdə də baş verir. Xüsusən, dağətəyi zonalarda təyyarənin hava boşluğuna düşməsi gözlənilən hallardandır. Naxçıvan da bilirsiz ki, dağətəyi zonadır. Dağlarla əhatə olunmuş yerdir. Təsəvvür edin ki, bəzən hava axınının sürəti şaquli istiqamətdə 80-110 metr/saniyəyə çatır. Bunu heç bir cihazla ayırd etmək mümkün deyil, çünki belə bir cihaz yoxdur. Bu hal temperatur fərqliliyi bağlı olur. Deyək ki, yerdə temperatur müsbət 40 dərəcədir, göydə isə mənfi 0. Belə olduqda kəskin hava boşluğu yaranır. Mən də pilot kimi çalışdığım illərdə belə hal yaşamışam. Bakıdan Füzuliyə uçanda hava axını bizi qəfildən aşağı atdı. Cihazlar maksimum göstərdi o gərginliyi. Təyyarəçilərin həyatında belə hadisələr tez-tez baş verir. Burada təyyarəni idarə edənlərdən asılı olan bir şey yoxdur.

Sərnişinlərin xəsarət almasına gəlincə, Ə.Əliyev burada bələdçilərin heç bir günahı olmadığını dedi:

- Sərnişinlərə hər dəfə xəbərdarlıq edilir ki, təhlükəsizlik kəmərlərini bağlayın. Təyyarə ilə uçmuş adamlar bilir ki, uçaq havaya qalxmamış bütün sərnişinlərdən kəmərləri bağlamaq tələb olunur. Stüardessalar da salon boyu gəzib sərnişinlərə nəzarət edirlər. Amma bir təyarədə 150-180 sərnişin olur, onların hamısına eyni dərəcədə nəzarət etməsi faktiki mümkün deyil. Sərnişinlər təhlükəsizlik qaydalarına riayət etməyə borcludurlar. Burada söhbət onların təhlükəsizliyindən gedir. Əgər o 8 sərnişin təhlükəsizlik kəmərini bağlamış olsaydılar, heç bir xəsarət almayacaqdılar. Bütün təyyarələrdə kəmərləri nə vaxt açmaq olar, elan edirlər. Artıq təyyarə havaya qalxıb və müəyyən edilmiş istiqamət üzrə kurs götürdükdə, elan edilir ki, sərnişinlər kəmərləri aça bilər. Təyyarə enişə hazırlaşanda sərnişinlərə kəmərləri təkrar bağlamaq xəbərdarlığı edilir. Bir də, təyyarə sağ-salamat enişi həyata keçirib bitirdikdən sonra elan edilir ki, bəli, indi kəmərləri aça bilərsiniz. Təəssüf ki, bizim əhalidə təhlükəsizlik kəmərlərindən istifadə mədəniyyəti hələ formalaşmayıb. İstər təyyarə sərnişinləri olsun, istərsə də, adi avtomobil sürücüsü və ya avtomobildə əyləşmiş sərnişin, kəmərləri bağlamağı xoşlamırlar. Amma çox zaman faciələrin önlənməsində məhz təhlükəsizlik kəmərləri əsas rol oynayır. Konkret Bakı-Naxçıvan reysi ilə uçan təyyarədəki xəsarət almalara gəlincə, günahkar sərnişinlərdir.

Məlahət Rzayeva