Erməni deputat Bakıda Azərbaycanı təhdid etdi

"...O kəmərlər çox ciddi təhlükə altında qalacaq"




NATO PA-nın "Cənubi Qafqaz: Çağırışlar və imkanlar" adlı 86-cı "Rose Roth” seminarının növbəti – "Enerji təhlükəsizliyi: Cənubi Qafqaz və Xəzər regionlarında yeni imkanlar” adlı hissəsində Azərbaycan nümayəndə heyətinin üzvü Siyavuş Novruzov çıxış edib.

 S.Novruzov Avropaya neft-qaz nəql olunan boru kəmərlərinin təhlükəsizliyinə nə qədər təminat verildiyi haqda məsələ qaldırıb. O bildirib ki, Avropaya nəql olunan enerji ehtiyatlarının 99 faiz istehlakçısı NATO ölkələridir: "Ona görə də bu kəmərlərin təhlükəsizliyində NATO-nun rolunun nədən ibarət olmasını bilmək bizim üçün vacibdir”.(apa)
Ukrayna hadisələri ilə əlaqədar Avropanın Rusiyadan qaz asılılığını aradan qaldırmaq üçün alternativ mənbələrdə daha maraqlı olduğunu diqqətə çatdıran azərbaycanlı parlamentar kəmərlərin təhlükəsizliyinin təmin olunmasında NATO-nun nə dərəcədə rol oynamasının açıqlanmasını istəyib: "Məsələn, bu yaxınlarda Gürcüstanda münaqişə ilə əlaqədar bir körpünün partladılması nəticəsində Azərbaycan və Qazaxıstan milyonlarla ziyana düşdü. Ona görə də təminat verilməlidir ki, sabah hansısa terrorçu təşkilat, maraqlı qüvvə bu kəmərlərə mane olmayacaq. Nəzərə alsaq ki Azərbaycandan gedən və Gürcüstandan keçən kəmər orada ermənilərin kompakt yaşadığı Cavaxetiyaya uzaq deyil, o zaman kim təminat verəcək ki, sabah orada təhlükəsizliyə təhdid yaranmayacaq?..”
S.Novruzovun sözlərinə görə, Azərbaycan prezidenti vaxtilə bildirib ki, əgər Ermənistan işğala son qoysa, torpaqları azad etsə, kəmərlərin bir hissəsi bu ölkədən keçə bilər və ermənilər də bu layihələrdən fayda götürər: "Bu gün biz şahidi oluruq ki, Ermənistan bu layihələrdən kənarda qalaraq milyonlar itirir”.
S.Novruzov bəyan edib ki, bu layihələr Rusiyanı qıcıqlandırmaya bilməz: "Rusiya qıcıqlandığı təqdirdə öz tərəfdaşı Ermənistan vasitəsilə kəmərlərə təhlükə yarada bilər ki, bu layihələrin qarşısı alınsın. Bu baxımdan da hesab edirik ki, bu kəmərlərin təhlükəsizliyində NATO-nun rolu önə çıxmalıdır”.
Söz alan Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan Cənubi Qafqazda həyata keçirilən enerji layihələrini uğurlu saymadıqlarını deyib: "Ermənistan təcrid olunduğu üçün enerji nəqlinin təhlükəsizliyinə də heç bir təminat yoxdur. Biz təklif edirik ki, alternativ mənbə kimi İran da bu layihələrə cəlb olunsun. Çünki onsuz da, Avropa İrandan enerjinin nəqlində maraqlıdır. İrandan çəkiləcək boru kəmərləri Ermənistan ərazisindən çox rahat keçə bilər. Bu, İranın da marağındadır”.
Digər erməni deputat Tevan Poqosyan isə hazırda Dağlıq Qarabağdakı separatçı qurumun yüksək səviyyədə qazla təmin olunduğunu açıqlayıb, lakin mənbəni göstərməyib. O iddia edib ki, enerji layihələrinə "Dağlıq Qarabağ" cəlb olunmayacaqsa, həmin kəmərlərin təhlükəsizliyi çox ciddi təhlükə altındadır.
NATO PA-nın Aralıq dənizi və Yaxın Şərq xüsusi qrupunun sədr müavini Paolo Alli isə erməniləri çıxışlarında ehtiyatlı olmağa dəvət edərək bildirib ki, Azərbaycan NATO-nun üzvü olmadığı üçün bu kəmərlərin təhlükəsizliyində təşkilat yaxından iştirak edə bilməz: "Amma buna baxmayaraq, enerji boruları bizim üçün vacib amil olduğu üçün onun təhlükəsizliyi bizim daima diqqətimizdə olacaq”.