NATO-nun tədbirində qalmaqal yaşandı

Ziyafət Əsgərov tədbirə qatılan ermənilərin cavabını verdi
“Sənin atan Qarabağda azərbaycanlılara qarşı qanlı cinayət törədənlərdən biridir”



Ötən gün NATO Parlament Assambleyasının (PA) Bakıda keçirilən seminarı davam edib.
"Cənubi Qafqaz: Çağırışlar və imkanlar” mövzusunda keçirilən 86-cı "Rouz-Rout” seminarının 2-ci günündə Ermənistan nümayəndə heyətinin təxribatçı əməllərinə Azərbaycan parlamentinin vitse-spikeri, Azərbaycanın NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov münasibət bildirib. Vitse-spiker deyib ki, seminar zamanı həqiqətə uyğun olmayan məlumatlar səsləndirərək Azərbaycanı təxribata sürükləmək istəyən və Azərbaycanın hərbi büdcəsinin artmasından narahat olan Ermənistan nümayəndə heyətidir: "Ermənistan nümayəndə heyəti seminarda dünəndən bəri təxribatla məşğul olur, Azərbaycana sataşırlar. Sual adı altında Azərbaycanın əleyhinə danışırlar. Orduda islahatların aparılması çox önəmli bir məsələdir. Ümumi daxili məhsulumuz artırsa, hərbi büdcəmiz, təhsil, səhiyyə büdcəmiz də artır”.

"Ermənistan işğalçı və terrorçu dövlətdir. NATO PA-dan çıxarılsın”

Ermənistanın işğalçı və terrorçu dövlət olduğunu əsas gətirən Z.Əsgərov bu ölkənin NATO PA sıralarından xaric olunmasını təklif edib: "Ermənistan işğalçı və terrorçu dövlətdir. NATO PA-dan çıxarılsın”. Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərindən çıxarılmış yüz minlərlə insanın 20 ildir yurd-yuvasız qaldığını deyən Z.Əsgərov vurğulayıb ki, Azərbaycan hərbi sahədə islahatlarını da, ordunun silahlanmasını da davam etdirəcək.

Z.Əsgərov deyib ki, seminarda iştirak edən Ermənistan nümayəndə heyətinin üzvü, deputat Tevan Poqosyanın atası ilə bağlı azərbaycanlılara qarşı törətdiyi qanlı cinayətə görə Azərbaycan Hərbi Prokurorluğunda istintaq işi aparılır.

Vitse-spiker Poqosyanın Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham etməsinə cavab verərkən isə erməni deputatı tarixi saxtalaşdırmamağa çağırıb: "Sən iki gündür burada Azərbaycanı Sumqayıt hadisələrinə görə ittiham edirsən. Məgər bilmirsiniz ki, bu hadisəni sovet "KQB”si və sizin Qriqoriyan edib?! Yeri gəlmişkən, artıq bunu istintaq da sübut edib. Amma sənin atan Qarabağda azərbaycanlılara qarşı qanlı cinayət törədənlərdən biridir. Mənim əlimin altında bununla bağlı ciddi sübutlar var. Hazırda Respublika Hərbi Prokurorluğunda bununla bağlı istintaq gedir. Tezliklə o qatil atan İnterpolun xətti ilə tapılıb gətirilərək cəzasını alacaq. Sən tezliklə bunu görəcəksən”.

Buna cavab olaraq Tevan Poqosyan bildirib ki, öz atası və dövləti ilə fəxr edir: "Əvvəl bizə faşist dedilər. Sonra terrorçu dedilər. Mən atamla fəxr edirəm və dövlətimizi müdafiə edirəm”.

"Ayıb deyil?! Qurtarın bu komediyanı”

Bundan sonra NATO nümayəndəsi ilə Ermənistan nümayəndə heyətinin rəhbəri arasında qalmaqal yaşanıb.

"Cənubi Qafqaz: Çağırışlar və imkanlar” adlı 86-cı "Rose-Roth” seminarının növbəti hissəsinin mövzusu Ukraynadakı vəziyyət və Krım böhranı olub. Mövzu ilə bağlı müzakirələr gedərkən Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan yerindən müraciət edərək sualı olduğunu bildirib. O, söz aldıqdan sonra sual əvəzinə Azərbaycanı və iclasdakı azərbaycanlı deputatları ittiham etməyə başlayıb. K.Naqapetyanın iradının mövzusu Azərbaycan nümayəndə heyətinin Ermənistanı və onun prezidentini işğalçı və terrorçu adlandırması olub. Seminarın bu hissəsinə aparıcılıq edən NATO PA-nın Müdafiə və təhlükəsizlik komitəsinin baş məruzəçisi Yulio Miranda dərhal onun sözünü kəsərək erməni deputata sərt xəbərdarlıq edib: "Siz nə edirsiniz? Məqsədiniz nədir? Axı burada mövzu tamam başqadır. Ayıb deyil?! Qurtarın bu komediyanı. Siz sual vermək adı ilə bizi aldadıb öz bəyanatınızı vermək istəyirsiniz. Biz buna imkan verməyəcəyik. Ona görə də sizə artıq söz vermirəm”.
Bunu eşidən K.Naqapetyan əli ilə mikrofonu itələyərək narazılığını yenidən bildirib.

"20 faiz torpaqları işğal olunan bir ölkə, əlbəttə, silahlanacaq”

"ABŞ Krımın işğalının qarşısını ala bilərdi. Gürcüstanda baş verən hadisələr zamanı ABŞ onu müdafiə etmədi”. Bu sözləri isə azərbaycanlı millət vəkili Qüdrət Həsənquliyev söyləyib. O qeyd edib ki, ABŞ bundan sonra Qarabağı Rusiyanın əli ilə Ermənistana verməyə çalışır:

"ABŞ-ın lideri zəifdir. Obama nə qədər qorxaq olsa da, onun siyasəti düşünülmüş olur. Rasmmussen NATO-nun axırıncı iclasında bəyan etdi ki, hərbi xərclər artırılmalıdır. Amma buradakı məruzəçilər Azərbaycanı kütləvi silahlanma ilə tənqid edirlər. 20 faiz torpaqları işğal olunan bir ölkə, əlbəttə, silahlanacaq”.

Deputat Fərəc Quliyev isə Rusiyanın süni şəkildə dünyada münaqişə ocaqları yaratdığını söyləyib. Onun sözlərinə görə, Rusiya Krımda çox pis bir ənənənin başlanğıcını qoyub: "Guya statusu müəyyənləşdirmək məqsədi ilə referendum keçirdi. Ölkənin bir hissəsində baş tutan referendum Krımın taleyini həll etdi. Qarabağ məsələsində də NATO referendum məsələsini irəli sürərsə, bunun nəticəsi Krımdakı kimi olacaq”.

Millət vəkili Zahid Oruc isə Krımda baş verən bütün hadisələrin başında Rusiya prezidenti Vladimir Putinin durduğunu və Avropanın Putini tanımasının vacibliyini qeyd edib: "Biz heç bir xalqın faciəsini arzu etmirik. Hazırda Lavrov Bakıdadır. Keçmiş sovet məkanında olan xalqlar Rusiyanın Krımı işğalına etiraz etməyiblər”.

"Nə qədər riyakar olmaq lazımdır ki, qonşunun torpağını işğal edib, sonra da sabitlik tələb edəsən”

Seminarın növbəti hissəsi Gürcüstanın NATO-ya üzvlük məsələsinin müzakirəsi olub. Mövzu ilə bağlı müzakirələr zamanı Ermənistanın NATO PA-da nümayəndə heyətinin rəhbəri Koryun Nahapetyan söz alaraq, Gürcüstanın NATO-ya üzvlüyünü dəstəklədiklərini bildirib və mövzudan kənara çıxaraq Azərbaycan tərəfinə replika atıb: "Biz burada sabitlikdən, tərəfdaşlıqdan danışırıq, amma Azərbaycan tərəfi bizi işğalçı adlandırır. Bu, sabitliyə xidmət etmir. Biz sabitlik istəyirik, müharibə istəmirik”.

Onun ardınca söz alan deputat Qüdrət Həsənquliyev Ermənistan nümayəndə heyətinin rəhbərindən riyakarlığa son qoymağı tələb edib: "Nə qədər riyakar olmaq lazımdır ki, qonşunun torpağını işğal edib, sonra da sabitlik tələb edəsən. Hansı sabitlikdən danışırsınız ki, 20 ildən çoxdur Azərbaycanın torpaqlarını işğal etmisiniz və hələ də bunu davam etdirirsiniz. Bu, sabitliyə xidmət edir? Mən yenə təkrar edirəm ki, Ermənistanın siyasi iradəsi yoxdur. 1999-cu ildə parlamentdəki ictimai edamdan sonra siz ermənilərdə Rusiya kəşfiyyatından heyvani qorxu var”.

Q.Həsənquliyev NATO PA rəsmilərinə də irad tutub: "Mən Azərbaycanın avroməkana inteqrasiyasının qatı tərəfdarı olmuşam. Amma son vaxtlar fikrimdə dəyişikliklər var. Buna səbəb Qərbin Azərbaycana, xüsusilə Dağlıq Qarabağ münaqişəsinə qarşı susqunluğu, hərəkətsizliyi olub. Mən dövlətimə müraciət etmişəm ki, Azərbaycan artıq bu məsələdə Rusiya ilə danışıqlar aparıb dil tapmalıdır”.

Q.Həsənquliyevin ardınca söz alan Ermənistan nümayəndə heyətinin üzvü Tevan Poqosyan danışıb: "Siz Ermənistanı heyvani qorxaq adlandırırsınız. Buna cavab olaraq deyim ki, Ermənistanın siyasi və iqtisadi cəhətdən bu zəifliyinə səbəb Azərbaycan tərəfdən blokadaya düşməsidir”. Daha sonra kobud formada çıxış etmək istəyən erməni deputata aparıcı tərəfindən imkan verilməyib. Ona mövzu üzrə danışmaq tövsiyə olunub.

Anar Bayramoğlu