Qərb Ukraynanı qazsız qoymayacaq

Vaşinqtonun Rusiyaya qarşı sanksiyaları daha da sərtləşəcək



Amerika Ukraynanı çətin duruma salıb. Rusiya qaz məsələlərində Kiyevi dalana dirəyib. Moskva sözügedən ölkəyə qazın verilməsi barədə şərtləri sərtləşdirib.

"Qazprom” bildirir ki, Ukrayna Rusiya ilə qaz sazişinin müddətini uzatmaq istəyirsə, Rusiyaya 3,3 milyard avro qaz borcunu qaytarsın. Borclar ödənildikdən sonra rəsmi Kiyev aylıq öncədən ödəmələr etməklə qaz ala bilər. Ukrayna isə Moskvanın qərarı ilə razılaşmayıb. Ölkənin qaza olan tələbatını ödəmək üçün yollar axtarır. Ölkənin qaz təchizatını üzərinə götürən rəsmi Vaşinqton hələ ki, süstlük nümayiş etdirir. Amerika seyirçi vəziyyətində qalıb. Hazırkı mənzərə budur ki, ABŞ Ukraynanı savaş meydanında təkbaşına buraxıb. Moskvada da Ukrayna üzərində istədiyi havanı oynayır. Vaşinqtonun Ukraynanı tək buraxmayacağını söyləyən politoloq Qabil Hüseynli "Şərq”ə deyib ki, Rusiyanın görəcəkləri hələ qabaqdadır: "Qərb dövlətləri buna sakit dayanmayacaq. Ölkənin maye qazla təmin edilməsinə çalışacaqlar. Az da olsa, Ukraynanın öz qazı var. Bu, yay aylarında ölkənin qaza olan tələbatını ödəməyə imkan verəcək. Amerika və bir sıra Avropa ölkələrinin Ukraynanı qazla təmin etmək planı var. Plan payıza qədər işə salınacaq. Ölkənin qaza olan tələbatı ödəniləcək. Düşünürəm ki, Amerika Ukraynanın yanındadır”.

Ekspertin sözlərinə görə, Qərb dövlətləri Kiyevi böhranlı vəziyyətdən çıxarmağa nail olacaq: "Yaxın zamanlarda Qərb də Rusiya qazından imtina edəcək. Moskva ciddi ziyana düşəcək”.

Q.Hüseynlinin sözlərinə görə, Moskva addımlarını kəskinləşdirsə, Vaşinqton yeni sanksiyalara başlayacaq: "Rusiyanı çökdürməyə hesablanmış layihələr hələ qabaqdadır”. Siyasi təhlilçi onu da diqqətə çatdırıb ki, Rusiyada mərkəzdənqaçma meyilləri güclənməkdədir: "Ölkə başçısı Vladimir Putinə qarşı etiraz dalğaları getdikcə böyüyür. Amerika da bundan istifadə edib əhalini ayağa qaldıra bilər”.

Ayyət Əhməd