Rəsmi Bakının yolu: nə Qərb, nə də ki, Rusiya...

Fikrət Sadıqov: “Azərbaycandan nəsə istəyirlərsə, bizim tələblərimizi də yerinə yetirməlidirlər”
Rasim Musabəyov: “Rusiya da, Qərb də yaxşı başa düşür ki, boş vədlərlə Azərbaycanı öz tərəfinə çəkmək mümkün deyil”


Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana ikigünlük rəsmi səfərə gəlib. Diplomatın səfər proqramında azərbaycanlı həmkarı Elmar Məmmədyarovla danışıqlar və Azərbaycan prezidenti İlham Əliyevlə görüş nəzərdə tutulub. Görüşdə tərəflərin regional və beynəlxalq arenada baş verən hadisələri müzakirə edəcəyi də gözlənilir. Bu, 2014-cü ildə XİN rəhbərlərinin IV görüşüdür.

Xatırladaq ki, ötən həftə Avropa Komissiyasının prezidenti Joze Manuel Barrozunun Azərbaycana səfəri zamanı prezident İlham Əliyevlə təkbətək görüşü baş tutub. Görüşdə Azərbaycan ilə Avropa İttifaqı arasında siyasi, iqtisadi sahələrdə əlaqələrin uğurla inkişaf etdiyi vurğulanıb. Energetika sahəsində əməkdaşlığın daha da genişləndirilməsi üçün yaxşı perspektivlərin olduğu bildirilib. Sabah isə Rusiyanın xarici işlər naziri Sergey Lavrov və baş nazirin müavini Dmitri Roqozin Azərbaycana səfər edəcək. Rəsmilər daha sonra Ermənistana gedəcək.

Rusiyalı nazirin səfərini şərh edən politoloq Fikrət Sadıqov "Şərq”ə açıqlamasında qeyd edib ki, Azərbaycan Ukrayna ilə bağlı yaranmış böhran fonunda Qərb üçün önəmli strateji dövlətə çevrilib. Çünki Azərbaycan Avropa ölkələrinin enerji təhlükəsizliyini təmin edir. Rusiya da strateji mövqedə yerləşdiyinə görə, rəsmi Bakı ilə əməkdaşlığı möhkəmləndirməkdə maraqlıdır: "Biz nə Qərb, nə də Rusiya ilə münasibətləri korlamaq istəyirik. Amma Dağlıq Qarabağın həlli istiqamətində irəliləyişlər əldə olunmasını tələb etməliyik. Qərb də, Rusiya da münaqişənin həllində konkret addımlar atmalıdır. Siyasətdə hər şey qarşılıqlı olur. Azərbaycandan nəsə istəyirlərsə, bizim tələblərimizi də yerinə yetirməlidirlər”.

Politoloq Rasim Musabəyov isə vurğulayıb ki, Dağlıq Qarabağ məsələsi ilə bağlı Avropa və Rusiya erməniləri yerində oturtmaq niyyətində deyillər. Hər dəfə Bakıya gəlib çox şey deyirlər, cavablarını da alıb gedirlər. Həm Rusiya, həm də Qərb Azərbaycanı öz tərəfinə çəkməyə çalışır, lakin onların Azərbaycana təzyiq imkanları yoxdur: "Lavrovun Azərbaycana gəlməsi təbii ki, maraq doğurur. Rəsmilərin bir-birlərinin ardınca səfərlərinin arxasında bir məsələ durur. Rəsmi Moskva istəyir ki, Azərbaycan Rusiya ilə, Qərb isə istəyir ki, Avropa ölkələri ilə münasibətlər qursun, əməkdaşlıq etsin. Azərbaycan açıq şəkildə nümayiş etdirir ki, həm Avropa, həm də Rusiya ilə əməkdaşlıq edir. İndiki mərhələdə ölkəmizin nə Rusiyaya, nə də Avropaya inteqrasiya etmək niyyəti var.

Azərbaycanın sərbəst qərarlar verməyə imkanı da mövcuddur. Ölkəmizin maliyyə və enerji təhlükəsizliyi baxımından heç bir tərəfdən asılılığı yoxdur”.

Politoloqun qənaətincə, Rusiya rəsmisinin səfəri zamanı yeni yaradılan Avrasiya İqtisadi Birliyinə üzv məsələsi də müzakirə mövzusu ola bilər: "Lavrov anlayır ki, səfər zamanı Azərbaycanın AİB-ə üzv olmasına maraq oyatmaq üçün rəsmi Bakıya nəsə təklif etməlidir. Görünür, Azərbaycanı maraqlandırmaq üçün Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı irəliləyişə nail olmaqdan ötrü hansısa planları var. Rusiya da, Qərb də yaxşı başa düşür ki, boş vədlərlə Azərbaycanı öz tərəfinə çəkmək mümkün deyil”.

Ayyət Əhməd