Ermənistanda vəziyyət gərginləşir

Vəziyyətdən çıxmaq üçün siyasi dairələr və ictimaiyyət aktivləşib




Ermənistanda vəziyyət kritik həddə çatıb. Siyasi hakimiyyətin özbaşınalığı, sosial problemlərin güclənməsi, işsizliyin artması, bürokratik süründürməçilik, məhkəmə sistemindəki qanunsuzluqlar və ölkə iqtisadiyyatının iflic hala salınması Serj Sarkisyan hakimiyyətinə qarşı güclü qəzəb yaradıb.

Moskvanın siyasi dəyənəyinə çevrilən işğalçı rejimin beynəlxalq siyasi arenada nüfuzdan düşməsi ölkə iqtidarına olan etiraz dalğasını daha da intensivləşdirib. Bir müddətdir ki, irtica ölkədə baş qaldıran narazılıqlar ciddi rezonans doğurub. Müxalif təmsilçilərlə yanaşı, zamanında Sarkisyanın çətiri altında sıx birləşənlər də dövlət başçısının əleyhinə bəyanatlar səsləndirirlər. Ölkənin korrupsiya və rüşvətə bürünməsində Sarkisyan rejimini ittiham edirlər.

Ermənistandakı mürəkkəb durumu şərh edən politoloq Natiq Miri "Şərq”ə açıqlamasında qeyd edib ki, ölkə rəhbərliyinin yürütdüyü yanlış siyasət nəticəsində Ermənistanın regiondakı geosiyasi əhəmiyyəti azalıb. Onun sözlərinə görə, separatçı ölkənin Avropa Birliyi ilə assosiativ sazişdən boyun qaçırması mövcud iqtidarı nüfuzdan salıb: "Qərb dünyası Ermənistanı müdafiə etmir. Rəsmi İrəvanın Rusiya yolunu tutması Qərbin maraqlarına ziddir”.

Ekspertin qənaətincə, Moskva Ermənistanın çarəsizliyindən istifadə edir: "Təcavüzkar ölkə ram edilmiş durumdadır. Bu acınacaqlı vəziyyəti Ermənistan cəmiyyəti anlamamış deyil. Məlum durum ölkənin bütün siyasi dairələrini narahat edir”.

N.Miri söyləyib ki, Moskva bütün hallarda Ermənistandan siyasi alət kimi istifadə edib: "Sarkisyan hakimiyyətinin yararsız siyasəti nəticəsində ölkə dalana dirənib. Rusiya düşmən ölkədən imtina etməyi planlaşdırır. Bu hal Ermənistan cəmiyyətinin aydınlarını narahat etməyə bilməz. Vəziyyətdən çıxmaq üçün siyasi dairələr və ictimaiyyət aktivləşib. Hesab edirlər ki, vəziyyətdən çıxmağın yeganə yolu Sarkisyanın hakimiyyətdən getməsidir. Xalq yeni hökumətin formalaşdırılmasını tələb edir”.

Ayyət Əhməd