Anar yenidən AYB sədri seçildi

Onun sədrliyinin əleyhinə səs verən və bitərəf qalan olmayıb






Dünən Azərbaycan Yazıçılar Birliyinin (AYB) nöbəti qurultayı keçirilib. Yazıçıların qurultayında çıxış edən Birliyin Təftiş komissiyasının sədri, filologiya elmləri doktoru, professor Qəzənfər Paşayev Anarın namizədliyini irəli sürüb. "Yusif Səmədoğluna deyirdilər ki, bu qədər nüfuzla niyə öz sədrliyini irəli sürmürsən? O da deyib ki, tutaq ki, seçildim, bəs sonra? Odur ki, işi elə birinə tapşırmaq lazımdır ki, o, siyasi təcrübəyə malik olsun. Anar müəllimin namizədliyinin irəli sürülməsi Birliyin tam xeyrinədir”.

Yazıçılar Birliyinin dünən keçirilən XII qurultayında Mədəniyyət və turizm naziri Əbülfəs Qarayev çıxış edib. O, Azərbaycan ədəbiyyatının inkişafı ilə yanaşı, problemlərdən də danışıb: "Təəssüf ki, bir-iki nəfəri çıxmaq şərtilə yazıçı və şairlərimiz dünya səviyyəsinə çıxa bilməyib. Bədii tərcümələr bəsitdir. Bəzən gənc şair kimi göstərilənlərin yaşı 50-dən yuxarı olur”.

Qurultayda iştirak edən millət vəkili Elmira Axundova isə Yazıçılar Birliyinə öz təkliflərini verib: "Bu gün "525-ci qəzet” Yazıçılar Birliyinin qəzeti olmasa da, ədəbi prosesə çox güclü təsir edib. Amma Yazıçılar Birliyinin öz mətbu orqanları haqqında bunu demək olmaz. Çox cüzi tirajla ədəbi prosesi təsis etmək mümkün deyil. Mən təklif edirəm ki, bu gün Yazıçılar Birliyinin mətbu orqanları vahid bir holdinq ətrafında birləşsin. Onda konkret ədəbiyyat qurmaq mümkün olar”. Qeyd edək ki, E.Axundova Yazıçılar Birliyinin üzvü və digər 6 deputat-yazıçı kimi qurultayın rəsmi nümayəndəsidir.

"Mən Anara səs verəcəyəm”

Uzun müddətdir ki, səhhəti ilə bağlı xaricdə müalicə olunan Xalq şairi Vaqif Səmədoğlu özünü yazıçıların qurultayına çatdırıb. Qurultay iştirakçıları Vaqif Səmədoğlunu alqışlarla qarşılayıb. Qəfil gəlişi ilə hamını heyrətləndirən həmkarına AYB sədri belə müraciət edib: "Buyur, bu da "Türksoyun” sənə mükafatı...” "Son zamanlar xəstəliyim ucbatından interneti və mətbuatı izləmək imkanım yox idi. Yazıçılar Birliyinin və Anarın əleyhinə yazılar yazılıb. Mən bu gün tək Anara yox, eyni zamanda Yazıçılar Birliyinin binasına, köhnə xatirələrə səs verəcəyəm.

Millət vəkili Sabir Rüstəmxanlı isə qurultaydan əməlli- başlı giley-güzar edib:

"Çox təəssüf ki, qurultayda daha çox son 10 ildə baş verənlərə nəzər salınır. Amma qurultayın əsas işi ədəbi proseslərin və problemlərin inkişafı barəsində danışmaqdır. Əks halda belə qurultayların heç bir mənası yoxdur”.

Rüstəmxanlı qurultay zamanı çıxışında eyni zamanda, Güney Azərbaycan ədəbiyyatındakı məsələləri, türk dünyasının Azərbaycan ədəbiyyatına inteqrasiyası və bunun inkişafı barədə də fikirlər bildirib. Millət vəkili həmçinin "kitab evləri” ilə bağlı məsələyə də toxunub. O bildirib ki, bu gün Bakıda "Rus kitab evi” olsa da, "Azərbaycan kitab evi” yoxdur: "Bu gün kitab satışını bazar mühitinin ümidinə qoymaq olmaz, kitablara münasibəti dəyişmək lazımdır. Ölkədə ən azı 4000 kitabxana var. Onların hər birinə 1 yeni çap edilən kitab verilsə, bu, 4000 kitab deməkdir”.

Azərbaycanın ən yaxşı 40-50 bədii əsərinin ölkə Prezidentinin sərəncamı ilə yeni yaradılan Tərcümə Mərkəzi tərəfindən dünya dillərinə tərcümə olunmasını təklif edən S.Rüstəmxanlı qeyd edib ki, bu gün "Ədəbiyyat” dərsliklərinin dili bərbad gündədir. O, dərsliklərdə ciddi islahatların aparılmasına ehtiyac olduğunu da bildirib.

"Deyəsən məni artıq

ölmüş bilirlər...”

Hepatit C virusundan əziyyət çəkən Məryəm Şahverdiyeva isə AYB-in qurultayına dəvət almadığından şikayətlənib. 8 ildir AYB-nin üzvü, 30 ildir Jurnalistlər Birliyinin üzvü Məryəm Şahverdiyevanın sözlərinə görə, AYB-nin Aran bölməsinin sədri Sərvad Hüseynoğlu ona qurultaya dəvət alacağını deyib: "Düşünürəm ki, xəstə olduğum üçün adım siyahıdan çıxarılıb. Belə çıxır ki, artıq məni ölmüş bilirlər. Ağır vəziyyətdəyəm, dəvət alsaydım belə, qurultaya qatıla bilməyəcəkdim. İrandan müalicədən yeni qayıtmışam. Həkimlər son ümid kimi Türkiyəni məsləhət bilirlər. Ona da mənim maddi imkanım çatmır. Qurultayda iştirak etsəydim, sözümü onlara çatdıracaqdım. Səhhətim imkan vermədi ki, qurultaya teleqram göndərim. Təbrik etmək üçün deyil, kömək istəyəcəkdim qurultay iştirakçılarından. Hepatit C-dən əziyyət çəkirəm, 464 nəfərin hər birindən kontur pulu belə yığılsaydı, müalicəmin pulu düzələrdi”.

"Niyə bizim qədrimizi bilmirlər, ölümlə çarpışıram. Budurmu şairə, yazıçıya verilən qiymət?”- deyən şairə xanım, ümidinin ancaq imkanlı şəxslərə qaldığını deyib.

Qurultayda çıxışı zamanı şair Ramiz Rövşən isə Anarı müdafiə edib: "Hamımız deyirik ki, Yazıçılar Birliyi olmasın. Özümüzə sual verək. Yazıçılar Birliyinin olmamasının xeyri nədir? Təbii ki, heç nədir”.

AYB sədrliyinə Anarın namizədliyini dəstəklədiyini qeyd edən Ramiz Rövşən fikirlərini böyük rus şairi Pasternakın gözəl bir sözü ilə tamamlayıb: "Bir adam ki başqa bir adam haqqında nəsə söyləyirsə, o, özü hansı yuvanın quşu olduğunu göstərir”. Anara da söz deyənlərin özləri nə yuvanın quşu olduğunu göstərirlər”.

Sabir Rüstəmxanlının "Bu gün İraqda Kərkük soyumuzdan olan insanlar qırılır. Bir azərbaycanlı buna öz münasibətini göstərmir” çıxışına münasibət bildirən AYB sədri Anar, Rüstəmxanlının bu açıqlaması ilə razılaşıb. Millət vəkilinin yuxarıda qeyd etdiyimiz təklifini qəbul edən Anar bildirib ki, Yazıçılar Birliyi adından belə bir müraciət hazırlanacaq.

Nəhəyyət sonda Xalq yazıçısı Anar yenidən Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri olub.

Qurultay nümayəndələri yekdilliklə Anarı növbəti müddətə AYB sədri postuna seçiblər. Onun sədrliyinin əleyhinə səs verən və bitərəf qalan olmayıb.

Qurultay AYB-nın hazırkı katiblərinin də vəzifələrində qalmasına qərar verib.

Şəymən