Gürcüstanla sərhəddə problemlər yaşanır

Zəlimxan Məmmədli: “Sərhəddi keçəndə görürük ki, Gürcüstan tərəfdə adam az olur, amma bizim tərəfdə tıxac var”





Azər Allahverənov: "Təəssüflər olsun ki, Azərbaycanın miqrasiya

qanunvericiliyindəki fərqliliklər inzibatçılığa gətirib çıxarır”

Azərbaycanla Gürcüstan arasında sərhəd-keçid məntəqələrində ciddi problemlər yaşanır. Gürcüstanda yaşayan soydaşlarımızın verdiyi məlumata görə, sərhəd məntəqələrində hər gün

cansıxıcı növbələr, avtomobil tıxacları müşahidə olunur: "Axı necə olur ki, Gürcüstan tərəfdə heç bir problemlə üzləşmirik. Amma doğma Vətənimiz Azərbaycanda bizi 6-7 saat sərhəddə gözlədirlər”.

Soydaşlarımız sual edir ki, "axı hər iki dövlətin sərhəd-keçid məntəqəsində prosedur eynidirsə, onda niyə Azərbaycan tərəfindəki yoxlanış bu qədər uzun çəkir?”. Qeyd edək ki, sözügedən problem dəfələrlə gündəmə gəlsə də, bu şikayətə məhəl qoyan tapılmır. "Borçalı” İctimai Birliyinin sədri Zəlimxan Məmmədli belə vəziyyətin ilk olmadığını deyib. Birlik sədrinin sözlərinə görə, gömrük məntəqələri "özünəməxsus” qaydalarla idarə olunur: "Biz hər dəfə sərhəddi keçəndə görürük ki, Gürcüstan tərəfdə adam az olur, amma bizim tərəfdə tıxac var. Halbuki sərhəd-keçid məntəqələrində prosedur eynidir. Sadəcə insanlarımızı mənasız bürokratik üsullarla çək-çevir etdiklərinə, müəyyən vasitələrlə onlardan "haqq” almağa çalışdıqlarına görə, Azərbaycan sərhəd məntəqələrində bu cür problemlər yaranır. Ancaq Gürcüstanda belə şeylər olmadığı üçün onların sərhəd-keçid məntəqələrində uzun-uzadı növbələr olmur. Uzağı, 5 dəqiqəlik yoxlamadan sonra adamlar rahat şəkildə keçə bilirlər. Əgər Gürcüstana sərbəst girib-çıxa biliriksə, niyə Azərbaycana məhdudiyyətlərlə girməliyik? Bunu necə başa düşək?”.

Miqrasiya Resurs Mərkəzinin rəhbəri, hüquqşünas Azər Allahverənov neçə illərdir insanların sərhəd-keçid məntəqələrində əziyyət çəkdiklərini deyib. Problemi aradan qaldırmağın mümkün olduğunu vurğulayan ekspert məsələnin həll yollarını da göstərib: "İlk baxışdan Azərbaycan və Gürcüstan dövlətlərinin sərhəd prosedurları eynidir. Ancaq hər bir dövlətin özünəməxsus miqrasiyası, xüsusilə də sərhədyanı keçid sisteminin idarəolunma qaydaları var. Fərqlər də bu qaydalardadır. Gürcüstan tərəfi Avropaya inteqrasiyanı əsas götürür və daha çox şəffaf sərhədlər prinsipi ilə məsələyə yanaşır. Azərbaycanda isə miqrantlar üçün vahid pəncərə prinsipi mövcuddur. Amma burda sərhəd-keçid məntəqələrindən, xüsusilə də sərhədlərdə yaşayan əhalinin qısamüddətli qonşu ölkəyə keçib-gəlməsindən və digər ölkədəki soydaşlarımızın Azərbaycana gəlməsindən söhbət gedir. Təəssüflər olsun ki, Azərbaycanın miqrasiya qanunvericiliyindəki fərqliliklər inzibatçılığa gətirib çıxarır və bir çox hallarda bürokratik əngəllər yaradır. Xüsusilə maşınların yoxlanılması prosesində bu məqam özünü daha açıq büruzə verir”.

Hüquqşünasın sözlərinə görə, insanların saatlarla sərhəd məntəqəsində gözlədilməsi heç də ürəkaçan deyil. Özü də onların arasında müalicəyə gedən xəstə insanlar varsa: "Qazax, Tovuz, Ağstafa və digər rayonlardan "Qırmızı körpü” deyilən sərhəd-keçid məntəqəsi vasitəsilə Gürcüstana keçənlərin əksəriyyəti həkimə müalicəyə gedənlərdir. Onların hansı səbəbdən xarici ölkəyə getdikləri də hamıya məlumdur. Təsəvvür edin ki, müalicə məqsədi ilə Gürcüstana gedən yarımcan adamları səhərdən axşama kimi günün altında məntəqədə saxlayırlar. Gedənlər yaxşı bilir ki, sərhəd məntəqələrində düz-əməlli daldalanmağa yer də yoxdur. Ən azından zəruri səbəbdən sərhədi keçmək istəyənlərə, xəstələrə, uşaqlara, yaşlılara güzəşt tətbiq edilməlidir”. A.Allahverənov düşünür ki, məsələni kökündən həll etmək üçün miqrasiya qanunvericiliyinin müəyyən etdiyi prosedur qaydalarına yenidən baxılmalıdır: "Amma bu məsələni bir neçə gündə həll etmək olmaz. Ona görə də, ilkin olaraq qeydiyyat məsələsini asanlaşdırmaqla, şəffaflığı qorumaqla və məntəqəyə toplaşan insanları normal gözləmə zalı ilə təmin etməklə məsələni bir qədər yumşaltmaq olar”.