“Ucuz reklamı ortaya atanlar...”

“Zabitin ipoteka kreditinin bağlanmasının MN-ə heç bir aidiyyəti yoxdur”
“Çünki sabah kimsə şəhidin adından istifadə edərək müəyyən məbləğdə pul götürə bilər”



Müdafiə Nazirliyi növbəti humanist addım atıb. Belə ki, cəbhənin Füzuli rayonu ərazisində müdafiənin ön xəttində yerləşən mövqelərimizə basqınının qarşısını alarkən şəhid olmuş kapitan Fikrət Məmmədovun ailəsinə yardım edilib.

Şəhid hərbçinin ipoteka krediti Müdafiə naziri Zakir Həsənovun əmri ilə Müdafiə Nazirliyi tərəfindən ödənilib və artıq şəhid kapitanın ailəsinin ipoteka krediti bağlanıb. Bununla yanaşı, şəhidin iki azyaşlı övladı nazirlik tərəfindən qəyyumluğa götürülüb.

Hərbi-ekspert Üzeyir Cəfərov məsələyə bir qədər fərqli yanaşaraq münasibət bildirib: "Bunu humanist addım kimi təqdim etmək istəyənləri başa düşürəm. Ancaq nazirin ipoteka kreditinin bağlanması haqqında göstəriş verməsi müəyyən qədər düzgün informasiya deyil. Bunun qeyd edilən formada tədim edilməsini istəməzdim. Bu, ucuz reklama bənzəyir.

İpoteka krediti götürülərkən sığorta şirkətinin üzərinə müəyyən məsuliyyətlər düşür. Müdafiə Nazirliyi ipoteka kreditini necə ödəyə bilər ki, ipoteka krediti götürülərkən məbləğ müəyyən banklar tərəfindən sığorta edilir. İpoteka kredit müqaviləsinin şərtlərinə görə, kredit götürənin başına hər hansı hadisə gələrsə və ya dünyasını dəyişərsə, sığorta şirkəti bunu ödəyir. Zabitin ipoteka kreditinin bağlanmasının MN-ə heç bir aidiyyəti yoxdur”.

Ü.Cəfərov, həmçinin MN-in rəhbərliyini təkcə bu zabitə deyil, bütün hərbçilərlə bağlı operativ və lazımi addımlar atmasını tövsiyə edib: "Məsələn, Tərtər istiqamətində şəhid olan kapitan Elnur Cəfərovun ailəsi hələ də şəhid statusunu almayıb. Ona görə də E.Cəfərovun doğmaları, yaxınları narahatlıq keçirdirlər. Bu, sırf MN-in üzərinə düşən vəzifədir. Belə məsələlərdə ədalətin tərəfində olaq ki, sonradan bizi nədəsə günahlandırmasınlar. Ucuz reklamı ortalığa atanlar başqa addan istifadə etməsinlər. Çünki sabah kimsə şəhidin adından istifadə edərək müəyyən məbləğdə pul götürə bilər”.

Sonunda Ü.Cəfərov şəhid zabit övladlarının qəyyumluğa götürülməsini alqışla qarşılayıb: "Onun uşaqlarının qəyyumluğa götürülməsi məni həqiqətən çox sevindirir. Əslində MN onun uşaqlarına köməklik göstərə bilər və göstərməlidir”.

Vüqar Şahinoğlu