Amerika İlham Əliyev-Sarkisyan görüşünü təklif edir

“Diqqət mərkəzində “Madrid prinsipləri” dayanıb”
“Rusiya öz təzyiq rıçaqlarını Amerikaya həvalə etməz”


ABŞ-ın Azərbaycandakı səfiri Riçard Morninqstar bu günlərdə mətbuata açıqlamasında Azərbaycan və Ermənistan prezidentləri İlham Əliyev və Serj Sarkisyanın görüşünün tezliklə baş tutacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, prezidentlərin görüşü Fransanın paytaxtı Parisdə keçirilə bilər. Hələlik görüşün tarixi barədə bir söz demək üçün tez olduğunu vurğulayan səfirin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həllinə nail olmaq istiqamətində konkret addımlarla bağlı müzakirələrin aparılması üçün ABŞ hər iki ölkənin prezidentlərinin görüşlərinin və danışıqlarının davam etdirilməsini vacib sayır. Həmsədrlər münaqişənin sülh yolu ilə həll olunması üçün tərəflərin razılığa gəlinməsində belə görüşlərin xüsusi əhəmiyyətə malik olduğunu dəfələrlə bəyan etsələr də, ortada münaqişəyə yeni yanaşma müşahidə olunmur. Həmsədrlərin münaqişə tərəflərinə hansı yeni təkliflər vermələri və bu görüşün hansı nəticələrə aparacağı yenə də mübahisəli olaraq qalır. Prezident yanında Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun rəhbəri, professor, politoloq Elman Nəsirov isə hesab edir ki, həmsədrlərin növbəti görüşünün keçirilməsində iki hədəfi var:

"ATƏT-in Minsk Qrupu həmsədrlərinin indiki şəraitdə prezidentlər səviyyəsində görüşün keçirilməsində əsas məqsədlərindən biri Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində müsbət nəticələrin əldə olunmasına nail olmaq, ikinci məqsəd həmsədr dövlətlər arasında olan gərginliyin, mürəkkəb vəziyyətin aradan qaldırılması yönündə addım atmaqdır”.

Həmsədrlərin ciddi-cəhdlə prezidentlərin görüşünün baş tutmasına çalışdıqlarını vurğulayan politoloq hesab edir ki, qərb bu görüşlərin keçirilməsinə münaqişənin həlli prizmasından yox, daha çox münaqişənin müharibəyə çevrilməməsi müstəvisindən yanaşırlar. Prezidentlərin hələlik sonuncu görüşü ayaqüstü danışıqlar olduğu üçün faktiki olaraq heç bir real nəticə əldə olunmadı”.

Politoloq bildirib ki, tərəflər danışıqlara cəlb olunsa da, münaqişənin həlli prosesinə yeni yanaşma yoxdur. Onun sözlərinə görə, münaqişənin həlli prosesində "Madrid prinsipləri” dayanır: "Həmsədrlərin danışıqlara yeni təkliflərlə gələcəyi bəlli deyil. Ona görə də diqqət mərkəzində "Madrid prinsipləri” dayanıb. Hansı ki, Ermənistan tərəfi bu kimi prinsiplərə loyal yanaşsa da, görüşlər zamanı bunun ziddinə gedir. Belə bir acı reallığın fonunda da danışıqlar nəticə vermir. Nə qədər ki, Ermənistan dövləti işğal etdiyi Azərbaycan ərazilərindən hərbi qüvvələrini çıxarmayıb, münaqişənin həlli ilə bağlı pozitiv irəliləyiş mümkün olmayacaq”.

Siyasi şərhçi Natiq Miri də belə bir vaxtda görüşü mənasız sayır və hər hansı irəliləyiş olacağına inanmır. N.Mirinin fikrincə, Rusiya öz təzyiq rıçaqlarını Amerikaya həvalə etməz: "Ukraynada baş verənlərin fonunda Dağlıq Qarabağ probleminin həlli ilə bağlı prezidentlərin görüşünə lüzum görmürəm. Əgər prezidentin dediyi kimi, bu, görüş xətrinə görüş olacaqsa, onda görüşdən imtina ediləcək. Ortalıqda heç bir irəliləyiş yoxdur. Ermənistan mövqeyindən çəkilməyib, Azərbaycan haqlı mövqeyini dəyişməyib. Bu situasiyada prezidentlərin görüşü heç nə verməyəcək”.

N.Miri bildirib ki, bu gün Ermənistan strateji qərarlar verməyə qadir deyil: "Qarabağ problemini yaradan Rusiyadır və onun həllində maraqlı ola bilməz. Rusiya irəliləyişə imkan verməz”.

Şəymən