Bakıda Qarabağ müzakirəsi aparılıb

“Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək”




Ötən gün Azərbaycanın Xarici işlər naziri Elmar Məmmədyarov Bakıda rəsmi səfərdə olan Rusiyanın Xarici işlər naziri Sergey Lavrovla görüşüb. Görüşdən sonra XİN başçıları mətbuat konfransı keçirərək jurnalistlərin suallarını cavablayıblar.

E.Məmmədyarov deyib ki, Azərbaycan və Rusiya arasında əlaqələr strateji xarakter daşıyır. Nazirin sözlərinə görə, iki ölkə arasındakı iqtisadi əlaqələr sürətlə inkişaf edir: "Hörmətli həmkarımla ölkələrimiz arasındakı əməkdaşlığın daha da dərinləşdirilməsi yolları müzakirə edildi. Həmçinin Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi haqqında da fikir mübadiləsi apardıq. Rusiya ATƏT-in Minsk Qrupunun həmsədridir. Mövcud status-kvo qəbuledilməzdir və məsələni ölü nöqtədən tərpətmək yolları müzakirə olundu”.

E.Məmmədyarov qeyd edib ki, ölkələr arasında parlament diplomatiyası da mühümdür: "Azərbaycan Milli Məclisinin sədri Oqtay Əsədov Rusiyada səfərdə olub. Rusiya parlamentarları yaxın vaxtlarda Azərbaycana səfər edəcəklər”. Azərbaycanlı nazir görüşdə Yaxın Şərq və Ukraynada baş verənlərin də müzakirə olunduğunu, S. Lavrovun Ukrayna ilə bağlı Rusiyanın mövqeyini çatdırdığını bildirib.

Rusiyanın XİN rəhbəri də həmkarının sözünü təkrarlayaraq Azərbaycan və Rusiyanın strateji tərəfdaş olduğunu söyləyib. Lavrov bildirib ki, iki ölkə arasında əməkdaşlıq ikitərəfli və çoxtərəfli formatda inkişaf edir: "Mən ötən ilin avqustunda Rusiya prezidenti Vladimir Putinin Bakıya səfərini qeyd etmək istəyirəm. Bu ay isə qanunverici və digər rəsmi səviyyələrdə Rusiya rəsmilərinin Azərbaycana səfərləri olacaq. Qəbələdə Rusiya-Azərbaycan forumu keçirilib. Oktyabrda isə Bakı Beynəlxalq Forumu keçiriləcək”.

S.Lavrov Ermənistan və Azərbaycan prezidentlərinin Vyanada görüşünü xatırladaraq qeyd edib ki, praktik addımların atılması barədə nə qədər tez razılığa gəlinsə, həm Azərbaycan və Ermənistan, həm də region üçün çox yaxşı olar. Nazir görüşdə Ukraynada baş verənlərin də müzakirə olunduğunu açıqlayıb. O, iki rusiyalı jurnalistin Ukraynada həlak olmasına diqqət çəkib: "Bu, tezliklə atəşin dayandırılmasının və Cenevrə prinsipləri çərçivəsində danışıqların aparılmasının zəruri olduğunu göstərir”. "Azərbaycanın Avrasiya İttifaqına dəvət edilməsi ilə bağlı heç bir formal və ya rəsmi təklif olmayıb” - deyən Rusiyanın XİN başçısı bildirib ki, iki ölkənin rəhbər şəxslərinin görüşlərində bu məsələ müzakirə olunur: "Avrasiya İttifaqı tərəfdaşlarımızın üzünə açıqdır. Azərbaycanın, eləcə də hər hansı ölkənin Avrasiya İttifaqına daxil olmasına müsbət yanaşardıq. Onu da deyim ki, Avrasiya İttifaqının Dağlıq Qarabağ münaqişəsinə heç bir aidiyyəti yoxdur. Avrasiya İttifaqını Rusiya, Qazaxıstan və Belarus yaradıb. Yaxın vaxtlarda Ermənistan da bura qoşulacaq. Qarabağ beynəlxalq danışıqların predmetidir. Bu münaqişə beynəlxalq prinsiplər əsasında həll olunmalıdır. Ermənistan isə bəyan edib ki, Ümumdünya Ticarət Təşkilatına beynəlxalq səviyyədə qəbul olunmuş sərhədlər çərçivəsində qəbul olunub. Ermənistan Avrasiya İttifaqına da BMT-də qəbul olunmuş sərhədləri çərçivəsində qəbul ediləcək”.

Anar Bayramoğlu