Terrorçu pasportu...

İŞİD-in pasportunu alan azərbaycanlılar ən ağır cəzaya məhkum olunmalıdır




İraqda törətdiyi qanlı əməliyyatlarla dünyanın diqqətində olan İŞİD (İraq-Şam İslam Dövləti) artıq özünün pasportunu da paylamağa başlayıb. Təşkilatın üzvləri öz pasportlarının fotolarını sosial şəbəkələrdə paylaşıblar. İŞİD-in pasportunu alanlar arasında azərbaycanlılar da var. Bir müddət əvvəl Suriyada gedən döyüşlərə qatılan azərbaycanlılar milli pasportlarını cıraraq fotolarını yaymışdılar.

Onlar bu addımı bir daha Azərbaycana qayıtmaq niyyətində olmadıqları üçün atdıqlarını qeyd ediblər. İŞİD-in tərkibində vuruşan azərbaycanlıların etdiyi qanunsuz hərəkətlərə münasibət bildirən Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc onların ən ağır formada cəzalandırılmasını tələb edir. Amma deputatın sözlərinə görə, vətəndaşlıqdan məhrum etmə üçün əldə hüquqi əsas yoxdur: "İŞİD terror təşkilatının həyata keçirdiyi vandalizm əməliyyatları İraqın onsuz da kövrək olan sabitliyini tamamilə təhlükə qarşısında qoyur və Yaxın Şərq bölgəsinin həyatına ölümcül zərbə vurur. Bu qruplaşma beynəlmiləl struktura, milli tərkibə malikdir. Onun ideologiyasının dini prinsiplərə dayanmasından asılı olmayaraq, həqiqi islamla heç bir bağlılığı yoxdur. Məhz bu nöqtədən çıxış edərək vurğulayırıq ki, orada vuruşan azərbaycanlılar din, cihad naminə döyüşmürlər. Bunu ölkəmizdə müxtəlif təriqətlərin, islami birliklərin təbliğatı altında tora düşənlərin hamısı bilməlidir. Onları çox ağır aqibət gözləyir. Çünki belə bir dağıdıcı qüvvənin hakimiyyətə çevrilməsi, dövlət olması, xalqa hər hansı şəkildə müsbət gələcək vəd etməsi qətiyyən mümkün deyil. Sizi əmin edirəm, çox yaxın zamanda həmin qruplaşmanın ağır və amansız bir sonluqla bitəcəyini görəcəyik. Onların hamısı kütləvi məzarlığın sakinləridir. "Ölü canlar”dır”.

Milli pasportlarını məhv edən azərbaycanlılar hansı şəkildə cəzalandırılmalıdır məsələsinə gəlincə isə, Z.Oruc qeyd edib ki, həmin insanlar tam və qanuni şəkildə öz hüquqlarını dayandırmayıb və vətəndaşlıqlarına xitam verməyiblər: "Birmənalı şəkildə sözügedən qruplaşmanı terror təşkilatı kimi tanıyırıq. Bu səbəbdən təşkilat içində yer alan bütün şəxslərin əməlləri ən ağır şəkildə cəzalandırılmalıdır. Onların həyata keçirdikləri qətllər muzdlu döyüşə cəlb olunma və terrorçuluğa qarşı mübarizə fonunda dəyərləndirilməlidir. Təbii ki, mühüm dövlət sənədlərinin məhv edilməsinə qarşı da ayrıca cəza olmalıdır. Amma vətəndaşlıqdan məhrum etmənin proseduru fərqlidir. İstənilən insan cinayət törədə bilər. Onların əməllərinin cəzalandırılması məhz hüquq çərçivəsində mümkündür. Ancaq onlara verilən cəzanın vətəndaşlıqdan məhrum etməklə aparılmasına əsasımız və hüququmuz yoxdur”.

İsmayıl