Qısa zamanda hərbi paradın keçirilməsi mümkünsüzdür

“Şamaxıda parad üçün real şərait yoxdur”



Silahlı Qüvvələrin yaranmasının növbəti ildönümü münasibətilə Azərbaycanda misli görünməmiş hərbi parad təşkil ediləcək. Hərbi mənbələrdən verilən məlumata görə, parad Azadlıq Meydanında deyil, Şamaxıda Azərbaycanın ən böyük poliqonu olan Pur poliqonunda keçiriləcək.

Azərbaycan budəfəki paradda bütün hərbi-texniki potensialını nümayiş etdirmək niyyətindədir. Paradda ilk dəfə olaraq ordu üçün alınan T 90 tankları nümayiş olunacaq.

Qeyd edək ki, bu, Zakir Həsənovun nazir postunda ilk paradı olacaq.

Paradın Şamaxıda gerçəkləşməsinə inanmadığını söyləyən sabiq polkovnik-leytenant, hərbi-ekspert Üzeyir Cəfərov qeyd edib ki, sözügedən poliqonda parad üçün real şərait yoxdur: "Orda yalnız döyüş və ya təlim məşqlərinin keçirilməsi mümkündür. Yanılmıramsa, bu il Silahlı Qüvvələrdə hər hansı bir paradın keçirilməsi nəzərdə tutulmayıb. Bir də, ordu gününə saylı günlər qalıb. Qısa zaman kəsiyində hərbi paradın hazırlanması və həyata keçirilməsi mümkünsüzdü. Adətən, hərbi parada aylarla hazırlıq gedir”.

Ayyət Əhməd