İhsanoğlu Ərdoğana məğlub olacaq

Müxalifətin vahid namizədi uğurlu seçim deyildi



Avqustun 10-da Türkiyə Cümhuriyyəti tarixində prezidenti ilk dəfə xalq seçəcək. Türkiyənin əvvəlki 11 prezidenti Böyük Millət Məclisi tərəfindən müəyyən olunub. Hakim Ədalət və İnkişaf Partiyasının (AKP) seçkidə baş nazir Rəcəb Tayyib Ərdoğanı namizəd göstərəcəyi bəllidir. Xeyli müddətdir aparılan müzakirələr nəticəsində Türkiyə müxalifəti seçkilərə vahid namizədlə qatılmaq qərarına gəliblər.

İslam Əməkdaşlıq Təşkilatının sabiq baş katibi Ekmələddin İhsanoğlu Türkiyə müxalifətinin əsas partiyaları olan Cümhuriyyət Xalq Partiyası və Milliyyətçi Hərəkat Partiyasının prezidentliyə vahid namizədi elan olunub. CHP lideri Kamal Kılıçdaroğlu İhsanoğlunun namizədliyini MHP sədri Dövlət Baxçalıya təklif edib. Baxçalı da təklifi qəbul edib. Məlumat üçün bildirək ki, Ekmələddin İhsanoğlu 1943-cü ildə Misirin paytaxtı Qahirədə doğulub. Ali təhsilini Ayn Şəms Universitetində alıb. 1974-cü ildə Ankara Universitetində ədəbiyyat üzrə doktorluq dərəcəsinə yüksəlib. Daha sonra elmi fəaliyyətini Böyük Britaniya universitetlərində davam etdirib. O, tarix, Qərb-Şərq mədəni-siyasi münasibətləri haqqında tanınmış mütəxəssisdir. YUNESKO-da və ABŞ-ın məşhur Harvard Universitetində işləyib. Əsərləri Harvard Universiteti başda olmaqla dünyanın bir sıra nüfuzlu ali məktəblərində dərslik statusundadır. İhsanoğlu 2000-ci ildə Türkiyə dövlətinin ali mükafatlarından olan Üstün Xidmət Medalı ilə təltif edilib. İngilis, fransız, ərəb, fars dillərini bilir. Bir məsələni də qeyd edək ki, CHP-nin keçmiş sədri Dəniz Baykalın adı müxalifətin vahid namizədi qismində çəkilsə də, CHP və MHP onun namizədliyi üzərində dayanmayıb. Birləşmiş türk müxalifətinin İhsanoğlunu vahid namizəd göstərməsi azərbaycanlı siyasilər və politoloqlar tərəfindən birmənalı qarşılanmayıb.

Qafqaz Universitetinin professoru, politoloq Fərhad Mehdiyev E.İhsanoğlunu Ərdoğan qarşısında uğurlu rəqib hesab etmir. Onun sözlərinə görə, İhsanoğlunun baş nazirin qarşısında şansı çox azdır: "Müxalifətin birləşmə baxımından atdığı addım düzgün olsa da, namizəd seçimi çox yanlışdır. Mən müxalifətin uğurlu namizəd seçdiyi qənaətində deyiləm. Türkiyədə hakimiyyətə bağlı və yaxın olan media qurumları çoxdur. Onlar indidən İhsanoğluna qarşı qaralama kampaniyasına başlayıblar. Əsas məqsəd professoru sağ kəsimin səslərindən məhrum etməkdir”.

F.Mehdiyev deyir ki, müxalifət prezidentliyə namizəd kimi daha nüfuzlu şəxsləri və şansı çox olan liderləri irəli sürə bilərdi: "Əsas iki namizəd var idi. Onlardan biri Anayasa Məhkəməsi başqanı Haşim Kılıc, digəri isə MHP-nin İstanbul millət vəkili Meral Akşenerdir. Düzdür, ola bilsin, Akşener qadın olduğu üçün namizəd kimi görülmürdü. Həm də müxalifət deyirdi ki, onların namizədi partiyalarüstü olmalıdır, yəni sağçı və ya solçu olmamalıdır. Bildiyiniz kimi,

Akşener ülkücü, millətçidir. Müxalifət düşündü ki, əhalinin sol dabanı millətçi xanıma səs verməyəcək. Amma istənilən halda adını çəkdiyim hər iki namizəd İhsanoğlundan daha uğurlu variant idi. Həm də burda söhbət solçudan, sağçıdan getmir, söhbət AKP-yə səs verəcək şəxsləri "oğurlamaq”, yəni öz tərəfinə çəkməkdən gedir. Bu da ancaq sağçı namizəd hesabına ola bilərdi”.

Siyasi şərhçi Azər Rəşidoğlu da hesab edir ki, Türkiyə müxalifətinin vahid namizəd irəli sürməsi təqdirəlayiq hal olsa da, xaraktercə ziyalı olan İhsanoğlu populizmi sevən və gözəl natiq olan Ərdoğan qarşısında uduzur:

"Müxalifət nisbətən aqressiv və daha populist olan bir simanın namizədliyi üzərində dayanmalı idi. Türkiyədə prosesləri küçələr həll edir. Əgər MHP insanları küçələrə tökə bilməsə, İhsanoğlu ilə qələbə qazanmaq çətin olacaq. Hesab edirəm, bu seçkidən sonra CHP və MHP özlərinə yeni lider axtarmalı olacaqlar. Ərdoğanın qələbəsi daha çox ehtimal edilir. Seçkidəki qələbə Ərdoğanı daha avtoritar edəcək. Bundan isə Türkiyə uduza bilər”.

Müsavat Partiyasının Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının fikrincə isə Türkiyə müxalifəti tamamilə düzgün qərar qəbul edib: "Çünki indiki siyasi şəraitdə CHP və MHP-nin ayrı-ayrılıqda öz namizədləri ilə seçkilərdə Ərdoğana qalib gəlmək imkanları yox idi. Hesab edirəm, vahid namizədlə seçkilərdə iştirak etmək barədə qərarı və İhsanoğlunun namizəd seçilməsi çox düzgün gedişdir. İhsanoğlu Türkiyə ictimaiyyətinə məlum və cəmiyyətdə kifayət qədər nüfuza malik olan şəxsdir. O, Türkiyədə həm sosial inkişaf tərəfdarı, həm Türkiyənin milliyyətçi və dini kəsimi tərəfindən qəbul olunan şəxslərindəndir. Onun ciddi beynəlxalq nüfuzu var, bütün dünyada tanınır. Düşünürəm ki, Ərdoğanla seçki kampaniyasında çox ciddi rəqabət aparmaq imkanına malik olacaq. Seçkilərdə qalib gəlmə şansı yüksəkdir”.

İsmayıl