Erməni deputatlar Bakıda əsl terrorçu kimi davrandılar

Ermənistana “qəhrəman” kimi dönmək istəyənlər sonda acizanə xahiş etdilər
“Ermənistanın müharibəyə nə arzusu, nə də gücü var”


Bakıda keçirilən NATO Parlament Assambleyasının (PA) 3 gündür davam edən seminarı dünən başa çatıb. Seminarın "İran və regional təhlükəsizlik” adlı hissəsində çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü Siyavuş Novruzov bildirib ki, İran Azərbaycana qarşı işğalçılıq siyasəti aparan Ermənistanla bütün zamanlarda yaxın əməkdaşlıq edib. Deputat vurğulayıb ki, İran ərazisindən separatçı Dağlıq Qarabağ rejiminə qaçaqmal silah və narkotik daşınması üçün tranzit kimi də istifadə olunur.

Erməni deputat etiraf etdi: "Biz Osmanlıya qarşı döyüşmüşük, güllə atmışıq”

Ermənistan nümayəndə heyətinin üzvü Tevan Poqosyan isə ölkəsinin rəsmi Tehranla yüksək səviyyədə əməkdaşlıq etdiyini danmayıb. O bildirib ki, Ermənistanla İran arasında əməkdaşlıq hər zaman olub: "Bundan müsəlman qardaşınız İran özü də məmnundur. Siz deyirsiniz ABŞ İranla münasibətlərə görə Azərbaycanı sıxır. Biz də İranla sıx iş birliyindəyik, ABŞ ilə də heç bir problemimiz yoxdur. İrana çox minnətdarıq ki, orada erməni kilsələri saxlanılır, erməni icması yüksək formada fəaliyyət göstərir. Sizin bu gün qardaş dediyiniz Türkiyə bir zamanlar sizə düşmən olub. Bəli, etiraf edirik ki, əsrin əvvəllərində biz Osmanlıya qarşı döyüşmüşük, güllə atmışıq. Amma İkinci Dünya müharibəsində olduğu kimi, osmanlılara qarşı da azərbaycanlılar ermənilərlə bərabər döyüşüb. Çünki o vaxt türklər heç də azərilərlə qardaş deyildi”.

Poqosyanın mövzudan kənara çıxması seminarın aparıcısı Oyars Eriks Kalnins tərəfindən dərhal dayandırılıb. Aparıcı Ermənistan nümayəndə heyətinə son xəbərdarlıq edilib: "Siz neçə gündür istədiyiniz kimi proqramı pozub ciddi arqumentlərə əsassız və məsuliyyətsiz yanaşaraq burada bəyanatlar verirsiniz. Sizə bu hərəkətlərə son qoymaq üçün son xəbərdarlıq edilir. Mövzudan kənara çıxmayın”.

"Bu, sizin qondarma soyqırım hoqqalarınızın mahiyyətini sizin dilinizdən daha da aydınlaşdırdı”

Azərbaycan nümayəndə heyətinin üzvü Zahid Oruc Poqosyanın etirafının yerində olduğunu səsləndirib: "Yaxşı ki, əsrin əvvəlində Osmanlıya qarşı müharibə apardığınızı etiraf etdiniz. Bu, sizin qondarma soyqırım hoqqalarınızın mahiyyətini sizin dilinizdən daha da aydınlaşdırdı. Biz türklərlə əsrin əvvəlindən yox, bəşəriyyət yaranandan qardaşıq və ən əsası da, sizə qoşulub Osmanlıya qarşı vuruşmağımız fikri böyük absurddur. Çünki bizim heç bir xalqın əmlakında gözümüz olmayıb, o ki qala qardaş xalqda olsun. Əsrin əvvəlində Osmanlının Azərbaycan Xalq Cümhuriyyətinə dəstəyi faktı ən azı sizi gülünc vəziyyətində qoyur”.

Azərbaycanlı deputatla erməni deputat arasında mübahisə düşüb

Seminar çərçivəsində ermənilərin separatçı Dağlıq Qarabağ rejiminin şərəfinə guya badə qaldırması ilə bağlı erməni mətbuatında gedən informasiyaya görə, azərbaycanlı və erməni deputatlar arasında mübahisə düşüb.
Erməni deputat Tevan Poqosyan Azərbaycan nümayəndə heyətinin üzvü Zahid Oruca yaxınlaşaraq, bu xəbərə etirazın səbəbini soruşub.
O, bunu həqiqətən etdiklərini israr edərək, ölkəsini demokratik ideallara "sadiq” dövlət kimi xarakterizə edib, Dağlıq Qarabağın "müstəqilliyi” sağlığına badə qaldırmalarına bəraət qazandırmaq istəyib. Z.Oruc isə erməni deputatın sözünü kəsərək bu uydurmanın heç bir siyasi əxlaqa sığmadığını bildirib və erməni deputata həmkarları ilə birgə Bakıda olduqları üç gün ərzində sözün əsl mənasında separatçılıqla məşğul olduqlarını bildirib. Bundan sonra deputatlar arasında mübahisə düşüb. Erməni deputat sadalanan faktlara cavab verməyərək uzaqlaşıb.
Məsələni APA-ya təsdiqləyən Z.Oruc bildirib ki, ermənilər Azərbaycan parlamentində Qarabağın "müstəqilliyi” şərəfinə badə qaldırdıqlarını iddia edirlər: "Halbuki belə bir fakt baş verməyib və bu, geri dönərkən özündən qəhrəman obrazı düzəldən Poqosyanın cəfəng uydurmasıdır. Erməni cəmiyyəti də bunun belə olduğunu bilməlidir. O ki qaldı belə sağlığa, bu, Qarabağ ermənilərinin gələcək bədbəxtliyinə və faciəsinə içilən zəhərdən başqa bir şey deyil. Mən Poqosyana dedim ki, gedib Azərbaycanın Xocalı abidəsi qarşısında baş əysinlər və ata-babalarının günahlarına görə üzr istəsinlər. Lakin erməni deputatın geri dönən kimi Ermənistanda linç edilərək qətlə yetiriləcəyini göstərmək üçün mən bu ağır təklifi səsləndirməyə məcbur oldum. Halbuki normal toplumlarda belə olmamalı idi. Almanlar bu gün Holokost qurbanlarını ziyarət edirlər. Amma mənim bu təklifim qarşısında erməni deputat gözlərini döyə-döyə baxaraq qaldı”.

"Erməni deputatlar Bakıda sərbəstdirlər, amma azərbaycanlı deputatlar İrəvandan sağ çıxmaları üçün şükür edirdilər”

Azərbaycan parlamentinin vitse-spikeri, NATO PA-da nümayəndə heyətinin rəhbəri Ziyafət Əsgərov isə deyib ki, tədbirdə iştirak edən Ermənistan nümayəndə heyəti Bakıdan İrəvana məlumatlar ötürür: "Guya onlar burada sıxışdırılır, çıxışlarına imkan verilmir və ümumiyyətlə,

Azərbaycanda həbsxanadakı kimi saxlanılırlar. Erməni deputatların bu məlumatı hansı yolla ötürdükləri məlumdur. Amma siz, seminar iştirakçıları, nəyin şahidisiniz? Neçə gündür erməni deputatlar Bakıda özlərini elə sərbəst aparırlar ki, heç Ermənistanda belə sərbəst deyillər. İstədiklərini deyirlər, istədikləri vaxt hətta çıxışları kəsib öz sözlərini deyirlər. Seminardan kənar sərbəst şəkildə Bakının istədikləri yerində gəzə də bilirlər. Görünən odur ki, ermənilərin buradan ötürdükləri bu təxribatçı məlumatların məqsədi tamam başqa və iyrəncdir”.

Z. Əsgərov müqayisə üçün ötən il İrəvanda keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyasının toplantısında ermənilər tərəfdən Azərbaycan deputatlarına qarşı təzyiqi yada salıb: "O seminarda azərbaycanlı deputatlara ümumiyyətlə, çıxış imkanı verilməmişdi. Vəziyyət o yerə çatmışdı ki, bizim deputatlar Ermənistandan sağ çıxmaları üçün şükür edirdilər”.

"Öz müqəddəratınızı həll edə bilmirsiz, işğal etdiyiniz Azərbaycan torpaqlarında necə həll edəcəksiz?”

Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Qüdrət Həsənquliyev erməni deputat Tevan Poqosyanın Azərbaycanı məğlub ölkə adlandırması və Dağlıq Qarabağ separatçıları ilə danışıqlar aparmağa çağırmasına çox sərt cavab verib. Millət vəkili bildirib ki, erməni tərəfi Azərbaycanın səbri ilə oynayır: "Birdəfəlik anlayın ki, Azərbaycanın ərazisində ikinci bir erməni dövlətinin yaranmasına imkan verilməyəcək. Əmin olun ki, bir gün rus raketi sizin arxanızdan çəkiləcək və siz separatçı rejiminizi yadınıza belə sala bilməyəcəksiniz. Azərbaycan torpaqlarını dərhal qaytaracaqsınız”.

Q.Həsənquliyev erməni deputatların tez-tez ermənilərin öz müqəddəratını təyin etməsi tələblərinə də cavab verib: "Heç Ermənistanın özündə ermənilər öz müqəddəratını həll edə bilmir, işğal etdiyiniz Azərbaycan torpaqlarında necə həll edəcək?”.

Erməni deputat aciz olduqlarını söylədi

Bundan sonra Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan Azərbaycan tərəfinə müraciət edərək, bütün hallarda erməniləri işğalçı adlandırmamağı xahiş edib: "Mən acizanə surətdə xahiş edirəm. Biz bura gəlmişik ki, daha müharibə olmasın. Müharibə istəmirik. Ermənistanın müharibəyə nə arzusu, nə də gücü var”.

Erməni deputat Azərbaycanla bütün hallarda dil tapmağın tərəfdarı olduğunu söyləyib. Seminarın aparıcısı tərəfindən mövzuya qayıtmağa dəvət olunan erməni deputat çıxışını kəsərək rəhbərlik etdiyi nümayəndə heyəti ilə qısa məsləhətləşmə aparıb. Bundan sonra digər erməni deputat Tevan Poqosyan seminarın aparıcısı Oyars Eriks Kalninsa yaxınlaşıb və söhbət etməyə başlayıb. Söhbət bitdikdən sonra Kalnins bildirib ki, Ermənistan nümayəndə heyəti şəxsən özlərinin Azərbaycana qarşı heç bir iradlarının olmadığını, onların işğalçı kimi dəyərləndirilməməsini və mövqelərinin Azərbaycana qarşı ittiham dolu mövqe kimi qəbul olunmamasını xahiş edirlər: "Onlar bunun üçün bəyanat verməyə hazır olduqlarını da bildirirlər”.

"Əfqanıstanda da terrorçular kütləvi təlim keçir, Dağlıq Qarabağda da”

Seminarın Əfqanıstanla bağlı hissəsində separatçı Dağlıq Qarabağdakı vəziyyət barədə paralellər aparılıb.
Deputat Siyavuş Novruzov bildirib ki, Sovet qoşunları Əfqanıstandan çıxandan sonra ölkədə yaranan xaotik vəziyyət oranı nəzarətdən çıxmış əraziyə çevirib. O qeyd edib ki, oxşar hal Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Qarabağ bölgəsində də davam edir:
"Əfqanıstanda da narkotik becərilir, Dağlıq Qarabağda da. Əfqanıstanda da terrorçular kütləvi təlim keçir, Dağlıq Qarabağda da. Bunlar təkzibolunmaz faktdır”. S.Novruzov qeyd edib ki, Ermənistan bu cür işğalı davam etdirdikcə, heç bir beynəlxalq tədbirdə istər ev sahibi, istərsə də qonaq kimi, sülhsevər dövlət kimi çıxış edə bilməz”.

Əfqanıstan nümayəndəsinin səhvini deputatımız düzəltdi

Bununla da seminara yekun vurulub. NATO Parlament Assambleyasının (PA) 86-cı "Rose-Roth” seminarının işinə Nizami Gəncəvinin əsərindən parçalarla son qoyulub.

Seminarın yekununda Əfqanıstanın Strateji Araşdırmalar İnstitutunun direktoru Davud Moradian Nizami Gəncəvinin "Xosrov və Şirin” əsərindən fars dilində parça səsləndirməklə dünyanı eşqə, məhəbbətə və sülhə səsləyib. Amma bu zaman yanlışlığa yol verərək dahi şairimizi "fars şairi” adlandırıb. Seminarın bu bölümünə aparıcılıq edən Azərbaycanın NATO PA-dakı nümayəndə heyətinin üzvü Məlahət İbrahimqızı dərhal D.Moradianın səhvini düzəldərək, Nizaminin böyük Azərbaycan şairi olduğunu və bütün tarixi mənbələrdə Azərbaycan türkü kimi qeyd olunmasını xatırladıb. M.İbrahimqızı əfqan diplomatın dediyi şeiri iştirakçılara Azərbaycan dilində təkrar edərək, seminarın son bölümünə yekun vurub.

Anar Bayramoğlu