Yazıçıların qurultayına iki baxış...

Rasim Qaraca: “Yazıçı şərəfi deyilən bir şey qalmayıb artıq”
Səlim Babullaoğlu: “Qurultayda xarici qonaqların iştirakı təkcə AYB üçün yox, həmçinin bütövlükdə Azərbaycan mədəniyyətinin təbliği üçün vacib elementdir”


Azərbaycan Yazıçılar Birliyinin (AYB) çoxdan gözlənilən qurultayı nəhayət ki, dünən baş tutub. Qurultayqabağı daha çox müzakirə hədəfi köhnə sədrin yenidən rəhbər olub-olmayacağı idi. Heç ortada başqa namizəd adı da hallanmırdı.

Yazıçılar Birliyinə müxalif yazarlar Anarın sədr kürsüsündə çoxillik qalışını tənqidə tuturdular, amma Anar, qurultaya az qalmış, sədrliyə yenidən namizəd olacağını dilə gətirməklə bir növ sədr müzakirəsinə nöqtə qoymuş oldu. Qeyd edək ki, ötən dəfəkindən fərqli olaraq bu dəfə qurultayın gündəliyində hər hansı struktur dəyişikliyinə və ya yeni idarəçilik siyasətinə dair təkliflər olmadı. Qurultay daha çox hesabat xarakteri daşıyıb. Bununla belə AYB-nin 12-ci qurultayına yazarların münasibəti heç də birmənalı deyil. "Alatoran” jurnalının baş redaktoru, yazar Rasim Qaracanın sözlərinə görə, AYB-nin qurultayı ölkəmizdə mədəni idarəetmənin nə qədər qondarma olduğunu göstərib: "Hətta bu qurultay sayəsində ədəbiyyat sahəsində heç bir dəyişikliyə qadir olmadığımız əyani şəkildə sübuta yetirilmiş oldu. Qurultayda iştirak edənlər, 1-2 nəfəri çıxmaqla, yazıçı və ziyalı adına layiq olmadıqlarını nümayiş etdiriblər. "Yazıçı” adıyla qurultaya dəvət edilmək onlar üçün özünütəsdiq məsələsidir. Biz yazıçıların qurultayında növbəti dəfə Azərbaycanda ziyalılıq institutunun məhv olduğunun şahidi olduq. Yazıçı şərəfi deyilən bir şey qalmayıb artıq. Bu isə öz növbəsində millətimizin bədbəxtliyi sayıla bilər”.

Şair Səlim Babullaoğlu isə AYB-nin 12-ci qurultayını Azərbaycan ədəbiyyatının və mədəniyyətinin təbliği üçün effektiv bir tədbir kimi qiymətləndirib: "Qurultaydan əvvəl AYB-də bir sıra dəyişikliklər olmuşdu. Hələ bir müddət əvvəl Yazıçılar Birliyində kadr islahatları aparıldı. Elçin Hüsenybəyli "Ədəbiyyat” qəzetinə, Qulu Ağsəs isə "Ulduz” jurnalına rəhbər təyin edilib. Sözün açığı, az çox dərəcədə dəyişikliklər olduğu üçün kadr dəyişimi nöqteyi-nəzərindən qurultaydan elə bir gözləntim yox idi. Qurultaydı da, xarici qonaqların, 400-dən artıq qurultay nümayəndəsinin iştirakı ilə keçirildi. Bilirsiniz ki, qurultaya hazırlıq ərəfəsində bir sıra məruzələr də olmuşdu. Nəsr, poeziya, tərcümələrlə bağlı müəyyən müzakirələr aparılmışdı. Qurultay da sakit, mədəni bir tədbir səviyyəsində baş tutub”.

"Heç bir ciddi dəyişiklik olmadığı halda bu cür hay-küylü qurultaya nə dərəcədə ehtiyac var idi” sualına gəldikdə isə S.Babullaoğlu qurultaya bu cür yanaşmağın doğru olmadığını vurğulayıb: "Elə bir hay-küy də olmadı axı? Sadəcə, miqyaslı bir tədbir idi. Hesab edirəm ki, qurultaya bu cür münasibət doğru deyil. Ən azından qurultayda xarici qonaqların iştirakı təkcə AYB üçün yox, həmçinin bütövlükdə Azərbaycan mədəniyyətinin təbliği üçün vacib elementdir. Bu ilk növdəbə Azərbaycan ədəbiyyatını özünü təqdimetmə imkanı idi. İkincisi, xarici qonaqlar olmasa belə, qurultay nümayəndələrinin bir yerə toplanması təbii ki, səs-küylü olacaqdı”.

Şəymən