İnternet kəsildi, problem qismən aradan qaldırılıb

“Bir və ya yarım saat internet olmadığı halda belə çıxır ki, ölkədəki insanlar işləməsin”
Hökumət və ikinci dərəcəli provayderlər xaricdən bir deyil, bir neçə xətlərdən istifadə edərək ölkədəki interneti fasiləsiz təmin etməlidir



Azərbaycanda son günlər internetdə kəsilmələr müşahidə olunur. Hətta saatlarla internet xidməti göstərən provayderlər ölkə xaricindən internet ala bilməyiblər. Təxminən son günlər bütün provayderlərdən internetə qoşulmada fasilələr yaranır. Problem dünən özünü daha ciddi şəkildə göstərib. Demək olar, 10 dəqiqə ərzində yaranmış fasilə aradan qaldırılsa da, internetin sürətindəki ağırlıq hələ də hiss olunur.

Məsələ ilə bağlı Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətinin rəhbəri Müşfiq Əmirov "Qafqazinfo”ya nazirliyin məsələdən xəbərdar olduğunu və yaranmış problemin provayderlərlə bağlı olduğunu açıqlayıb. O, həmçinin problemin 1-2 dəqiqə çəkdiyini və aradan qaldırıldığını əlavə edib.

Yaranmış internet probleminə münasibət bildirən Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz "Şərq”ə danışarkən hökumətə və ikinci dərəcəli provayderlərə xaricdən bir deyil, bir neçə xətlərdən istifadə edərək ölkədəki interneti fasiləsiz təmin etməyi təklif edib: "Ölkədə "back comp” provayderlər fəaliyyət göstərməli və onların alternativ xətləri olmalıdır. Yəni bir xətt sıradan çıxanda digər xətt avtomatik qoşularaq ölkəyə internet verilməlidir.

Peyk vasitəsilə də internet ölkəyə göndərilər. Məsələn, Azərbaycanın telekommunikasiya peyki var. Bu növ internetdən də istifadə edə bilər. Hökumət və ikinci dərəcəli provayderlər elə siyasət yürütməlidir ki, hər hansı bir xətdə qırılma olanda digər xətlər qoşulmalıdır”.

O, ölkədəki bir çox işlərin internetdən asılı olduğunu da bildirib: "Bir və ya yarım saat internet olmadığı halda belə çıxır ki, ölkədəki insanlar işləməsin. Misal üçün, Azərbaycanda tibb elmi, dövlət qurumlarının işi, ümumilikdə isə cəmiyyət tamamilə internetin üzərindən fəaliyyət göstərir. Buna görə də dövlət elə bir siyasət aparmalıdır ki, internet daimi və kəsilməz olsun. İnternetin fasiləsiz olması üçün də alternativlər üzərində ölkə internetdən istifadə etməlidir”.

Vüqar Şahinoğlu