ABŞ Qarabağ problemində “acizlik” edir

“Vaşinqton beynəlxalq hüququ istədiyi kimi yozur və onunla istədikləri kimi davranır”
Elman Nəsirli: “Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş sənədlər quru kağız parçasına çevrilib”


Amerika Ukrayna hadisələrində Rusiyaya uduzduqdan sonra növbəti hədəf Azərbaycanı seçdi. Gürcüstan, Ukrayna və s. ölkələrdə olduğu kimi, ölkəmizdə qarşıdurma yaratmağa səy göstərdi. Dağlıq Qarabağ münaqişəsinin həll rıçaqlarını və maneə ölkə kimi Rusiyanı işarə verərək, ölkəmizi Kremlə qarşı savaşa səslədi. Qarabağın işğaldan azad olunması üçün münbit şəraitin yaranmasını bəyan etdi. ABŞ tərəfi "Azərbaycan öz torpaqlarına sahib çıxmaq istəmir” fikirlərini tez-tez gündəmə gətirərək ölkəmizi təxribata sürükləmək istədi. Amerikanın ölkəmizdəki səfiri Riçard Morninqstarın Azərbaycanın daxili işlərinə müdaxilə xarakterli bəyanatları da təsadüfi deyildi.

Bunlar siyasi elitanın reaksiyasının yoxlanılmasına hesablanmışdı. Azərbaycan hökuməti isə rəsmi Vaşinqtonun provakasiyalarına uymayaraq tutduğu balanslı xarici siyasət yolundan dönmədi. Eyni zamanda, Azərbaycan yetkililəri rəsmi Vaşinqtonu bir neçə beynəlxalq müşavirələrdə fakt qarşısında aciz qoydu. Azərbaycan rəsmiləri dəfələrlə qeyd edib ki, Amerika çıxışlarında heç də səmimi deyil. Rəsmi Vaşinqton bu məsələ barədə qalaq-qalaq vəd verməklə kifayətlənib. Ortada əməli iş yoxdu. ABŞ bütün hallarda ikili standartlardan çıxış edib. Beynəlxalq öhdəlikləri nümayişkaranə şəkildə pozan Vaşinqton münaqişənin ölü nöqtədən belə tərpənməsinə impuls verməyib. Ona görə də hazırda rəsmi Vaşinqtonun və onun dəstəyi ilə təşəkkül tapmış təşkilatların "Azərbaycan sevdası” anlaşılmır. Krımın ilhaqını dilindən düşürməyən Amerika bir dəfə də olsun, Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz tərkib hissəsi olması barədə kəskin çağırışlar etməyib. Əksinə, ABŞ da qondarma Dağlıq Qarabağ Respublikasının nümayəndəliyini yaradıb. Ötən günlərdə Milli Məclisin birinci vitse-spikeri Ziyafət Əsgərov da NATO Parlament Assambleyasının ölkəmizdə keçirilən tədbirində ABŞ-ı Ermənistanın Azərbaycan torpaqlarını işğal etməsinə laqeyd yanaşmasına görə sərt şəkildə qınayıb: "Cənab Foq Rasmussen bu yaxınlarda Litvada NATO PA-da çıxışının böyük bir hissəsini Ukrayna məsələsinə həsr etdi. Bəs niyə bir dəfə də olsun Azərbaycanla bağlı çıxış etmirsiz? Niyə Azərbaycanla bağlı qətnamə qəbul eləmirsiz? Bu ikili standartlara son qoyun! Ayıbdır!” Hətta, Azərbaycanın Vergilər Nazirliyi də Milli Demokratiya İnstitutu Bakı ofisinin fəaliyyətini yoxlayıb. İlkin məlumatlara əsasən yoxlamalar zamanı təşkilatın üst-üstə 58300 manat məbləğində vergidən yayınması faktı aşkarlanıb. Bütün bunlardan sonra isə ABŞ-ın ən nüfuzlu qurumlarından biri olan MDİ-nin rəhbərliyi ifşa prosesinin dərinləşəcəyindən və öz adı ətrafında yeni siyasi qalmaqalın yaranacağından ehtiyat edərək Azərbaycandakı fəaliyyətini dayandırmaq və Bakı ofisini bağlamaq barədə qərar qəbul edib.

Dövlət İdarəçilik Akademiyasının Siyasi Araşdırmalar İnstitutunun direktoru, siyasi elmlər doktoru, politoloq Elman Nəsirli qeyd edib ki, ABŞ Ermənistanın Azərbaycana qarşı apardığı terrora, işğalçılıq siyasətinə hüquqi qiymət verməkdə "acizlik” nümayiş etdirir: "Dünyanı idarə edən güclər nədənsə Ermənistanın işğal altında saxladığı Azərbaycanın Dağlıq Qarabağ və kənar 7 rayonunun azad edilməsi və regionda sülhün bərqərar olunmasını ifadə edən beynəlxalq hüquqa əhəmiyyətsiz yanaşırlar. Münaqişənin həlli missiyasını üzərinə götürən ATƏT-in Minsk Qrupu isə işğalçıya qarşı hər hansı bir təzyiq nümayiş etdirmir. İşini yalnız "tövsiyələr” vermək, yaxud da münaqişə tərəflərini görüşdürməklə bitmiş hesab edir. Beynəlxalq təşkilatlar Azərbaycanın Ermənistan tərəfindən pozulmuş hüququnu bərpa etmək üçün heç bir addım atmır. Sual yaranır. Nəyə görə bu qərar və qətnamələr hələ də kağız üzərində qalır? Nədən beynəlxalq hüququn tələblərinə məhəl qoyulmur?

Politoloqun sözlərinə görə, Vaşinqton beynəlxalq hüququ istədiyi kimi yozur və onunla istədikləri kimi davranır: "Bir çox oxşar münaqişələrə bir halda çevik reaksiya verilir, digər halda əhəmiyyətsiz yanaşılır. Məsələn, BMT Təhlükəsizlik Şurası Liviya hadisələri ilə bağlı 19/73 saylı qətnaməni qəbul edəndən bir neçə saat sonra NATO qüvvələri Liviyanı bombaladı. 2003-cü il mart ayının 16-da ABŞ prezidenti, Böyük Britaniya və İspaniyanın baş nazirləri "Azor” bəyannaməsi qəbul etdilər ki, orada Səddam Hüseynə vəzifədən getməsi üçün 3 gün vaxt verildi. Sonradan isə Birləşmiş Ştatların təkidi ilə bu müddət 2 günə endirildi. Deməli, böyük dövlətlər lazım gələndə beynəlxalq hüquqdan vasitə kimi istifadə edib məsələni dərhal həll etmək, lazım gələndə isə onu istədikləri kimi "eninə-uzununa darta” bilirlər. Bu da beynəlxalq aləmdə etimadsızlıq böhranının yaranmasına gətirib çıxarır. Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı qəbul edilmiş sənədlər quru kağız parçasına çevrilib”.

Yaranmış vəziyyəti beynəlxalq hüquqda yaranmış böhranın fonunda təhlil edən ekspert hesab edir ki, bu, beynəlxalq hüququn özünün məhvinə gətirib çıxaracaq: "Belə vəziyyətdə hansı addımların atılmasının vacib olması məsələsi aktuallaşır. Prezident dəfələrlə qeyd edir ki, çıxış yolumuz güclənməkdən keçir. Biz inkişafımızı, hərbi, potensial gücümüzü, demoqrafik vəziyyətimizi, beynəlxalq aləmdə mövqelərimizi elə bir səviyyəyə çatdırmalıyıq ki, Ermənistan üzərində qələbəmiz labüd olsun. Bu reallığı dərk edən ATƏT-in Minsk Qrupu, BMT və digər beynəlxalq qurumlar bu halda müharibənin real olduğundan çəkinərək Ermənistanı sülhə məcbur edə bilər. Çünki danışıqların alternativi müharibədir. Bu müharibədə Ermənistanın məğlubiyyəti qaçılmazdır”.

E.Nəsirli əlavə edib ki, münaqişənin həllinin uzadılmasında başlıca niyyət Azərbaycan ictimaiyyətinə işğal faktını unutdurmaqdır: "Güclənmə” dedikdə, bu, bütün sferalar üzrə öz əksini tapmalıdır. Təkcə iqtisadi, hərbi, siyasi parametrlər üzrə deyil, eyni zamanda ölkədə hərbi-vətənpərvərlik ruhunun gücləndirilməsi, gənclərdə vətənə bağlılıq, vətənə məhəbbət hissinin gücləndirilməsi kimi məsələlər qabardılmalı, buna böyük əhəmiyyət verilməlidir. Ali və orta məktəblərdə bu məsələyə xüsusi diqqət yetirilməlidir. Əslində, qloballaşan dünyanın "böyük oyunçuları” gəncləri milli-mənəvi dəyərlərdən uzaqlaşdırmaqda maraqlıdırlar. Onlar gənclərdə vətənpərvərlik ruhunu deyil, əyləncəyə meyilliliyi aşılamağa çalışırlar. Belə olanda böyük dövlətlərin idarəçilik imkanları artır. Qloballaşan dünyanın neqativ prosesləri fonunda bu məsələ çox böyük aktuallıq kəsb edir”.

Politoloq bu gün münaqişəyə laqeyd yanaşan beynəlxalq qurumlar qarşısında müddətlə bağlı tələbin qoyulmasını məqbul hesab etmir: "Belə davranışlar əsasən fövqəldövlətlər tərəfindən edilir. Biz münaqişənin müəyyən bir vaxtda həlli tələbini irəli sürürüksə, onun alternativ variantına da hazır olmalıyıq. Bu zaman danışıqlar kəsilməli və müharibə variantı reallaşmalıdır. Məlumdur ki, dünyanın mütləq əksəriyyəti müharibənin əleyhinədir. Ona görə də vaxtı o zaman qoymalıyıq ki, tələblərimizi irəli sürüb ona nail ola biləcəyimizə əmin olaq”.

Ayyət Əhməd