Azərbaycanlı vəkil təyin olunub

Orxan Zeynalov məhkəməyə xüsusi təlim görmüş itlər olan nəzarətçilərin müşayiəti ilə gətirilib
Fəzail Ağamalı: “Orxan Zeynalovun məsələsi hüquq müstəvisində həllini tapacaq”


Moskva sakini Yeqor Şerbakovu qətlə yetirməkdə şübhəli bilinərək həbs olunan Azərbaycan vətəndaşı Orxan Zeynalovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Orxan Zeynalov Moskva Şəhər Məhkəməsində keçirilən prosesə əllərində xüsusi təlim görmüş itlər olan nəzarətçilərin müşayiəti ilə gətirilib. Məhkəmə binası ətrafında yüksək təhlükəsizlik tədbirləri görülüb. O. Zeynalov məhkəmə zalında dəmir barmaqlıqlar arasında oturdulub. Moskva Şəhər Məhkəməsində keçirilən prosesdə Orxan Zeynalov barəsində seçilən həbs-qətimkan tədbirinin noyabrın 30-dək uzadılması barədə qərar qəbul edildiyi elan olunub.

Bildirilib ki, təqsirləndirilən şəxsin yeni təyin olunan azərbaycanlı vəkili Abbasmirzə Abdullayev cinayət işi materialları ilə tanış olmaq üçün məhkəmədən vaxt istəyib. Proses bu gün saat 11-də davam edək. Rusiya mətbuatı məhkəməyə böyük maraq göstərir. Media nümayəndələrinə ancaq məhkəmə başlanan zaman görüntülər çəkməyə imkan yaradılıb. Proses qapalı keçirilir. Qeyd edək ki, təqsirləndirilən şəxs iki vəkillə təmin olunub.

Qeyd edək ki, proseslərin başlanğıcında soydaşımızın hüquqlarının qorunması üçün deputat qrupu yaradılaraq Moskvaya göndərilib. Sözügedən qrupda təmsil olunan millət vəkili, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı "Şərq”ə açıqlamasında soydaşımızın hüquqlarının müdafiəsi və ona olan təzyiqlərin qarşısının alınması barədə fəaliyyət göstərdiklərini vurğulayıb: "Bizə vəd verdilər ki, narahatlığa heç bir əsas yoxdu. Hər şey hüquq müstəvisində həllini tapacaq”.

Deputat onu da diqqətə çatdırdı ki, Rusiyadakı səfirliyimiz də prosesləri izləyir: "Həbs-qətimkan tədbirinin uzadılması ümid verir ki, həmyerlimiz haqda sərt iddia qəbul olunmayacaq. Bu fakt sübut edir ki, istintaqın davamına ehtiyac var. Ona görə də həbs müddəti uzadılıb”.

Rusiyalı deputatlarla görüşlərindən söz açan parlament üzvü əlavə edib ki, həmkarları da məsələni diqqətdə saxlayır: "Düşünürəm ki, istintaq işi Rusiyanın qanunları çərçivəsində, sivil formada aparılır”.

Ayyət Əhməd