Ermənistan enerji mənbələrinə təhlükə yaradacaq gücdə deyil

Erməni deputatlarının bəyanatı ölkələrinin küncə sıxılması ilə bağlıdır




NATO-nun "Enerji təhlükəsizliyi: Cənubi Qafqaz və Xəzər regionlarında yeni imkanlar” adlı seminarında çıxış edən Azərbaycan nümayəndə heyətinin üzvü, millət vəkili Siyavuş Novruzov Avropaya neft-qaz nəql olunan boru kəmərlərinin təhlükəsizliyinə nə qədər təminat verildiyi barədə məsələ qaldırıb.

Deputat bildirib ki, Avropaya nəql olunan enerji ehtiyatlarının 99 faiz istehlakçısı NATO ölkələridir. Ona görə də, bu kəmərlərin təhlükəsizliyində NATO-nun rolunun nədən ibarət olmasını bilmək vacibdir. Ukrayna hadisələri ilə əlaqədar Avropanın Rusiyadan qaz asılılığını

aradan qaldırmaq üçün alternativ mənbələrdə daha maraqlı olduğunu diqqətə çatdıran S.Novruzov kəmərlərin təhlükəsizliyinin təmin olunmasında NATO-nun nə dərəcədə rol oynamasının açıqlanmasını istəyib. Həmçinin millət vəkili bildirib ki, əgər Ermənistan işğala son qoysa, torpaqları azad etsə, kəmərlərin bir hissəsi bu ölkədən keçər və ermənilər bu layihələrdən fayda götürərlər. Ancaq Ermənistan bu layihələrdən kənarda qalaraq milyonlar itirir. S.Novruzov bəyan edib ki, bu layihələr Rusiyanı qıcıqlandırdığına görə, Kreml öz tərəfdaşı Ermənistan vasitəsilə kəmərlərə təhlükə yarada bilər. Tədbirdə çıxış edən Ermənistan nümayəndə heyətinin rəhbəri Koryun Naqapetyan isə həyasızcasına deyib ki, ermənilər təcrid olunduğu üçün enerji nəqlinin təhlükəsizliyinə heç bir təminat yoxdur. Erməni deputat Tevan Poqosyan da iddia edib ki, enerji layihələrinə qondarma Dağlıq Qarabağ Respublikası cəlb olunmazsa, həmin kəmərlərin təhlükəsizliyi çox ciddi təhlükə altında qalacaq”.

Ermənilərin açıq təhdidinə münasibət bildirən "Şərq-Qərb” Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun fikrincə, Ermənistan kommunikasiya xətlərinə, enerji mənbələrinə təhlükə yaradacaq gücdə deyil: "Erməni nümayəndələrinin dedikləri təhdid xarakterli çıxışlardır və məqsəd beynəlxalq aləmin diqqətini çəkməkdir. Bu, həm də Qərbə, NATO-ya münasibət göstərmək formasıdır. Dünyada enerji sahəsi ən aktual məsələlərdən biridir. Eyni zamanda unutmayaq ki, həmin enerjini ixrac edən ölkələrin biri də elə Rusiyadır. Rusiyanın özünün Qərb ölkələri ərazisindən müxtəlif enerji, neft-qaz kəmərləri keçir. Ona görə də Rusiyanın belə bir təxribatda maraqlı olmasını təsəvvür etmirəm. Çünki Moskvanın itirəcəyi şey çoxdur. Təhdid xarakterli çıxış erməni deputatların öz təşəbbüsüdür”. Ə.Oruclu deyir ki, Ermənistan təcrid olunduğunu, küncə sıxıldığını görərək, Ermənistanı enerji layihələrinə soxmaq üçün çırpınır: "Uğurlu alınmayan bu diqqətçəkmə metodu təhdid formasında alınıb. Ermənistan kimdir ki, qlobal enerji layihələrinə təhlükə yaratsın? Fikir verdinizsə, ermənilər Azərbaycanda NATO-dan çox, Bakı amilini qabartmağa çalışırdılar. Onlar bununla ölkələrinə "qəhrəman” obrazında qayıtmaq və Bakıdakı çıxışlarından öz siyasi piarları üçün istifadə etmək fikrindədirlər”.

Azad Demokratlar Partiyasının sədri, politoloq Sülhəddin Əkbər isə Ermənistanı olmasa da, Rusiyanı ciddi təhdid hesab edir: "Sözügedən enerji layihələri təkcə Azərbaycana aid deyil. Bu, millətlərarası, xüsusən də Qərb layihəsidir. Ona görə də Rusiyanı enerji layihələrinə potensial təhlükə hesab etmək olar. Rusiyanın təhdidi realdır. Gürcüstanın 2008-ci ildəki işğalı da bunun göstəricisidir. Bilirsiz ki, Rusiyanın işğal etdiyi ərazilər Bakı-Tbilisi-Ceyhan enerji xəttinin düz yanındadır. Deməli, Rusiya istədiyi zaman kəmərə qarşı təxribat törədə bilər. Amma unutmaq lazım deyil ki, enerji infrastrukturuna təhlükə yarandığı zaman Rusiya təkcə Azərbaycanla üz-üzə durmayacaq. Rusiya eyni zamanda beynəlxalq birliklə, NATO ilə qarşı-qarşıya gələcək. Əlbəttə, bunu NATO və Avropa Birliyi gözəl anlayır. Ona görə də zaman-zaman Azərbaycana infrastrukturların birgə qorunması üçün təkliflər verir. Ancaq təəssüflər olsun ki, Azərbaycan dövləti öz hesabına enerji xətlərinin təhlükəsizliyini təmin edəcəyini düşünür. Əslində burda da başlıca faktor yenə Rusiyanın təhdididir. Çünki Azərbaycan narahatdır ki, beynəlxalq qüvvələr bu kəmərin təhlükəsizliyini təmin etmək üçün öz hərbi güclərini ölkəmizdə yerləşdirsələr, Kreml buna ciddi reaksiya verə bilər”. S.Əkbərin sözlərinə görə, Azərbaycan enerji kəmərlərinin tam təminatını istəyirsə, buna həm Avropa Birliyini, həm də NATO-nu cəlb etməlidir: "Əgər ölkəmizdən keçən enerji kəmərlərinə beynəlxalq təhlükəsizlik təminatı verilərsə, bu həm də böyük ölçüdə Azərbaycanın özünün təhlükəsizliyinin təminatı demək olar”.

İsmayıl